Foto: president.az
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dedi ki, “bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur”.
“Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”, - o əlavə edib.
ABŞ prezidenti Donald Tramp da bu ilin əvvəlində “The New York Times”a müsahibəsində oxşar fikir səsləndirib. ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu devirməsindən bir neçə gün sonraya təsadüf edən müsahibədə ondan qlobal arenada gücdən istifadəsinə hər hansı məhdudiyyətin olub-olmadığı soruşulub.
“Bəli, bir şey məni dayandıra bilər. Öz əxlaqım. Öz ağlım. Məni dayandıra biləcək yeganə şey budur. Beynəlxalq hüquq mənə lazım deyil”, - Tramp deyib.
Maduronu devirəndən sonra Trampın Danimarkanın ərazisi olan Qrenlandiya adasını almaqla bağlı davamlı fikirlər səsləndirməsi beynəlxalq hüququn işləkliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
ABŞ kimi Danimarka da 1949-cu ildə müdafiə məqsədilə yaradılan ittifaqın - Şimali Atlantika Müqavilə Təşkilatının (NATO) üzvüdür. Trampın Qrenlandiya iddiasında ciddiliyi, habelə Ağ Ev rəsmilərinin bu mövzuda hərbi müdaxiləni istisna etməməsi NATO ölkələri liderləri arasında təşvişə səbəb oldu.
Son illərdə də Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı müharibələr fonunda beynəlxalq hüquq normalarının və institutların effektivliyi sual altına düşüb.
Bu gün dünyada beynəlxalq hüququn əsas icraçısı kimi Birləşmiş Millətlər Təşkilatı (BMT) və ona tabe olan qurumlar yada düşür. 1945-ci ildə yaradılan BMT-yə 193 dövlət üzvdür.
Avropa Universiteti İnstitutunun doktorantı, beynəlxalq hüquq üzrə ixtisaslaşan Lalə Darçınova “Toplum TV”-yə deyir ki, beynəlxalq hüququn yaranma tarixinə və sonradan necə institusionallaşdığına baxanda bir nəticə çıxır: o, ya heç vaxt ümumi mənada işləməyib, ya da daha dəqiq desək, əsasən Qlobal Şimal və Qlobal Qərb kimi tanınan regionun ölkələri üçün işlək olub.
“Beynəlxalq hüququn klassik normalarının əhəmiyyətli hissəsi dünyanın böyük bir qismi hələ suveren dövlət kimi tanınmadığı dövrlərdə formalaşıb. Yəni, qaydalar yazılanda masada hamı bərabər təmsil olunmurdu və ona görə də bir çox ədalətsiz mexanizmlər hələ də aktualdır. Bu səbəbdən Qlobal Cənub/Qlobal Şərq dövlətləri bu bərabərsizliyi həm tarixi, həm də institusional səviyyədə hələ də dəyişməyə çalışır və buna qarşı elə beynəlxalq müstəvidə mübarizə aparırlar”, - o qeyd edib.
Onun sözlərinə görə, bu bərabərsizlik Azərbaycandan da yan ötüşməyib.
“Neft-qaz yataqlarının istismarı ilə bağlı hasilatın pay bölgüsü barədə sazişlər praktiki olaraq elə bir hüquqi çərçivə yaradır ki, onlar bəzən daxili qanunlardan, hətta siyasi baxımdan Konstitusiya müstəvisindən belə yuxarıda işləyir. Nəticə isə odur ki, sabah Azərbaycan “British Petrolum” (BP) və ya başqa iri şirkəti müqavilə münasibətlərindən çıxarmağa çalışsa, siyasi nəticələr bir tərəfə, hüquqi mexanizm elə qurulub ki, beynəlxalq arbitrajda ölkənin üzərinə düşəcək kompensasiya yükü son dərəcə ağır ola bilər. Bu, beynəlxalq hüququn “bərabər tərəflər” romantikasından daha çox, güc və kapital asimmetriyalarının hüquq dili ilə sabitləşdirilməsi üçün işlədiyini göstərir”, - o vurğulayıb.
Hüquqşünas xatırladır ki, İkinci Dünya müharibəsindən sonra BMT və digər institutların təsisatı ilə beynəlxalq hüququn “sanki daha bərabər bir nizam yaratmağa yönəldiyi təəssüratı yarandı”.
“Amma reallıqda güc balansı dəyişmədi. Əsas təsir imkanları BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan beş ölkədədir ki, onlar da nüvə silahına malik olan və hərbi bazalarını başqa ölkələrin ərazilərində saxlayan dövlətlərdir. Yəni, sistem formal olaraq “bərabərlik” dilini gücləndirsə də, faktiki güc elə qlobal və regional hegemonlarda cəmlənmişdi və bu, indi də belədir”, - o əlavə edib.
BMT-nin yaradılmasından bəri dünyanın müxtəlif yerlərində baş verən çoxsaylı işğalçı müharibələri xatırladan müsahib deyir ki, bütün bunlar beynəlxalq hüququn işləmədiyini birbaşa sübut edir.
“Ard-arda Koreya və Vyetnam müharibələri, Latın Amerikasında xarici müdaxilə ilə saysız çevrilişlər, Əfqanıstan, İraq, Balkan müharibəsi və Belqradın bombalanması, yenidən Əfqanıstan, Myanmar, Rusiyanın Gürcüstana müdaxiləsi və sonra Ukraynaya genişmiqyaslı hücumu və indi Qəzza, Sudan, Venesuela kimi hadisələr baş verdiyini nəzərə alsaq hansı beynəlxalq hüququn işləməsindən danışırıq?”, - o sual edib.
L.Darçınova BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycan torpaqlarını işğalını pisləyən qətnamələrini xatırladaraq deyir ki, bu sual bu region üçün də keçərlidir.
“Ermənistanın işğalı dönəmində beynəlxalq hüquq Azərbaycan üçün nə edə bildi? Problem ondadır ki, beynəlxalq hüquqda bir dövlətin digərinə təzyiq mexanizmləri çox vaxt iki yolla məhdudlaşır: sanksiyalar və ya hərbi müdaxilə. Post-1945-ci il dünyası elə bu hərbi müdaxilələrin qarşısını almaq üçün yaranmış dünya idi. Amma reallıq bu oldu ki, hərbi müdaxiləni “ürəkləri hara istəsə” ora tətbiq ediblər: yəni normativ prinsip kimi yox, selektiv güc praktikası kimi işlədiblər”, - o qeyd edib.
Bununla belə, L.Darçınova əlavə edir ki, “beynəlxalq hüquq heç vaxt işləməyib” demək eyni zamanda Trampın Venesuela, İran və ya Qrenlandiyaya qarşı hədələrini heç cür legitimləşdirməyə gətirməməlidir. “Bu, sistemin necə çürük olduğunu daha aydın göstərməklə ona qarşı durmağımıza səbəb olmalıdır”, - o deyib.
Əliyev və Trampa gəldikdə isə, hüquqşünas düşünür ki, onların beynəlxalq sistemə baxışlarında bənzərliklər var, lakin məqsədləri eyni deyil.
“Hər ikisi güc siyasətini normativ dildən üstün tutur və mühafizəkar dünyagörüşlərinə sahibdirlər. Amma motivasiya və mövqe eyni deyil. Trampın ideoloji xətti “woke liberal” adlandırdığı mədəni-siyasi sistemə qarşı mübarizə, daxili və qlobal hegemoniyanı yenidən qurmaq və hakimiyyətdə qalmaq üzərində qurulur. Əliyevin isə əsas “fəziləti” rejimin davamlılığı və hakimiyyətin konsolidasiyasıdır. SSRİ dövründə marksist-kommunist diskurs hakim idisə, bunun üçün gənc kommunist, komsomol üzvü olmaq lazım idi. Sonra liberallar “tarixin sonu”nu elan etdi və Əliyev oldu liberal. İndi ultra-sağ dalğa “dəbdədirsə”, ona da uyğunlaşmaq mümkündür. Yəni, Əliyevin fəlsəfəsi ideologiya yox, daha çox gücün hardan gəldiyini doğru oxumaq və ona görə mövqelənmək üzərindədir. Bu mənada, onların “beynəlxalq hüququ rədd etməsi” eyni cümlə ilə səslənsə də, arxasındakı siyasi məqsəd fərqlidir: Tramp mərkəzdə hegemoniyanın dilini dəyişir, Əliyev isə periferiyada hegemoniyanın formasına uyğunlaşaraq rejimin özünü möhkəmləndirir”, - o izah edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb