Siyasət

“Əxlaqsız ifadələr” və “milli-mənəvi dəyərlər” nədir?

27 Yanvar, 2026
593

illistrasiya: açıq mənbə

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da sosial şəbəkələrdə “əxlaqsız ifadələr” və “milli-mənəvi dəyərlərə zidd” bədən görüntülərinin yayılmasını qadağan edən qanun dəyişikliklərini təsdiqləyib. 

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, internetdə və sosial şəbəkələrdə "ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə" cərimələr və inzibati həbs cəzası müəyyən edilib. 

Sözügedən pozuntulara yol vermiş şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək və ya otuz günədək müddətə inzibati qaydada həbs olunacaq. Pozuntunu bir il ərzində təkrar törədənlər isə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək və ya bir aydan iki ayadək müddətə inzibati qaydada həbs olunacaq.

Hüquqşünas Ruslan Əliyevin “Toplum TV”-yə dediyinə görə, Azərbaycanda əxlaqsızlıq və milli-mənəvi dəyərlərin nə olduğunu tərif edən qanunvericilik yoxdur.  

“Ümumiyyətlə, Azərbaycanda əxlaq konsepsiyasını müəyyən edən hüquqi nəzəriyyə kitabı belə yoxdur. Bu isə istənilən hərəkət və sözün polis tərəfindən əxlaqsızlıq kimi qiymətləndirilməsinə səbəb olacaq. Qeyri-ənənəvi geyim tərzi olan müğənnilər, deyişmələrdə vulqar sözdən istifadə edən meyxanaçı və reperlər, hətta küçədə dostuna zarafatla “orta barmaq” göstərən insanlar da bu üsulla inzibati məsuliyyətə cəlb oluna bilər. Bu isə ifadə və söz azadlığına birbaşa müdaxilədir. Elə isə Sovet İttifaqındakı şuradan və ya İrandakı əxlaq polisindən nə fərqimiz qalacaq?”, - o sual edib. 

Hüquqşünas düşünür ki, hakimiyyət bu yeniliklə cəmiyyətin mühafizəkar kəsiminin rəğbətini qazanmaqla yanaşı, dövlət büdcəsini cərimələr hesabına doldurmaq, eyni zamanda ehtiyac olduqda siyasi cəhətdən fəal şəxsləri cəzalandırmağı hədəfləyir. 

“Siyasi motivli işlərlə bağlı təcrübədən bilirik ki, polis dəfələrlə fəalları ictimai yerdə ünvansız söyüş söyməkdə ittiham edərək inzibati qaydada həbs edib. İndi eynisini sosial şəbəkələrdə tənqidi status və şərh yazanlara qarşı tətbiq edəcəklər”, - o əlavə edib. 

Dəyişikliklər hələ təsdiqlənmədən polisin bir sıra fəalları sosial şəbəkələrdə yazdıqları şərhlərə görə həbs etdiyi barədə xəbərlər yayılıb. İctimai fəal Könül Əhmədova yanvarın 22-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib. O, özü yaxınlarına bildirib ki, sosial şəbəkələrdə “Sancaq Media” və “Meydan TV” səhifələrində yazdığı şərhlərə görə həbs edilib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlərdə inzibati qaydada həbs olunan iki üzvü - Teymur Salahov və Şamil Cəfərovun da sosial şəbəkələrdə yazdıqları tənqidi şərhlərə görə həbs olunduğu bildirilir. 

Bu şəxslərin konkret hansı maddələrlə ittiham olunduğu məlum deyil. 

Bloger Mehman Hüseynov “Azadlıq Radiosu”na müsahibəsində deyib ki, sosial şəbəkələrdə onun paylaşımlarına şərh yazan şəxslərin polisə çağırılması barədə izləyicilərindən çoxsaylı müraciətlər alır. 

AXCP sədrinin müavini Seymur Həzi də sosial media hesabında dəyişiklikləri “ölkədə inzibati yolla ciddi bir susdurma əməliyyatının aparılması” kimi qiymətləndirib. 

“İnzibati Xətalar Məcəlləsinə yeni düzəlişlər vətəndaşlara bələdiyyə üzvlərini də tənqid etməyə imkan vermir. Görünən odur ki, hakimiyyət yuxarıdan aşağı hər kəsi inzibati yolla susdurub, ‘’sabitliyə” nail olmaq istəyir. Amma unudur ki, xalqı danışmağa vadar edən problemlər yerində qalır. Onları həll etmədikcə insanlar bir yol tapıb danışacaqlar. Üstəlik daha arzuolunmaz ritorika ilə. Necə ki, media məhv edildikcə söyüş sosial mediadan evlərə dolmağa başladı. Bəli, enerji itmir, amma formasını dəyişir. Siz də onun uyğun, etik formada təzahürünü boğanda əvəzində qeyri-etik forması meydana çıxacaq”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo