Siyasət

Samirə Qasımlının işində “üzəduran” ifadəsi ekspertizaya göndərilib

28 Sentyabr, 2026
21

sosial media

Siyasi psixoloq Samirə Qasımlının böhtan və təhqirdə ittiham olunduğu məhkəmə işində ekspertiza təyin edilib. Ekspertiza onun “Facebook” paylaşımlarındakı ifadələrin təhqir və ya şərəf və ləyaqəti alçaldan məzmun daşıyıb-daşımadığını müəyyənləşdirməlidir.

“Azadlıq Radiosu” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibov sentyabrın 25-də bu barədə qərar verib. İşə baxılması ekspertizanın nəticəsi açıqlananadək təxirə salınıb.

Qasımlıdan şikayət edən Qurbanəli Yusibov onun həyat yoldaşı, həbsdə olan politoloq Azər Qasımlının cinayət işində zərərçəkmiş kimi tanınıb. Yusibov iddia edir ki, Samirə Qasımlı məhkəmə prosesi dövründə sosial şəbəkədə onun barəsində “üzəduran” və başqa ifadələr işlədərək böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. O, Qasımlının cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Müdafiə tərəfi isə bu iddialarla razılaşmır. Vəkil Ramil Süleymanov məhkəməyə dilçi alimin hazırladığı mütəxəssis rəyini təqdim edib. Həmin rəydə “üzəduran” sözünün işlədilməsinin şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilməyəcəyi bildirilir.

Rəyə əsasən, “üzə durmaq” və “üzünə durmaq” ifadələri istintaq və məhkəmə kontekstində bir şəxsin digəri barədə və ya onun əleyhinə ifadə verməsi mənasında işlənə bilər. Vəkil məhkəmənin təyin edəcəyi ekspertizanın da mübahisəli ifadələrin məzmununa aydınlıq gətirə biləcəyini deyib.

Yusibov əvvəlki iclaslarda olduğu kimi, sentyabrın 25-də də məhkəməyə gəlməyib. Samirə Qasımlı onun iştirakı olmadan prosesin keçirilməsinə etiraz etsə də, hakim şikayətçinin vəkilinin iştirakını yetərli sayıb.

Q.Yusifov S.Qasımlını Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham edir.

S.Qasımlı həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşıdır. A.Qasımlı 2024-cü ilin dekabrında məhz Q.Yusifovun şikayəti əsasında həbs olunub. 
Siyasətçi bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il həbs cəzası alıb. O, hədə-qorxuda təqsirli bilinib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu deyir. 

S.Qasımlı da ittihamları qəbul etmir, həyat yoldaşının hüquqlarını müdafiə etdiyinə görə hakimiyyətin onu cəzalandırmaq istədiyini deyir. Daxili İşlər Nazirliyi tərəfindən S.Qasımlının ölkədən çıxışına qadağa qoyulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Jurnalist Əvəz Zeynallı vəfat edib

28 Sentyabr 2026

şəxsi arxivi

“Xural TV" internet televiziyasının rəhbəri, jurnalist Əvəz Zeynallı sentyabrın 28-də vəfat edib. Bu barədə həmkarları sosial mediada məlumat yayıblar.  Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Jurnalist sonuncu dəfə 2025-ci ilin aprelində səhhəti ilə əlaqədar həbsdən azad edilib. Nizami Rayon Məhkəməsi onkoloji xəstəliyi səbəbindən onun cəzasının qalan hissəsini çəkməkdən azad olunmasına qərar vermişdi. Jurnalist 2022-ci ilin sentyabrında saxlanılmışdı. 2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət alma, dələduzluq və digər ittihamlarla 9 il azadlıqdan məhrum etmişdi. Həmin ilin dekabrında Ali Məhkəmə cəzanı 2 ay azaltmışdı. Zeynallı ittihamları rədd edir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi. Əvəz Zeynallı bundan...
Siyasət

AXCP: “Tərlan Baxışlı 20 sutka həbs edilib”

28 Sentyabr 2026

şəxsi arxivi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin üzvü Tərlan Baxışlı inzibati qaydada həbs edilib. Bu barədə AXCP-nin yaydığı məlumatda deyilir. Məlumata görə, T.Baxışlı sentyabrın 26-da kirayə yaşadığı evdən çıxıb və sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. “Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib”, - məlumatda deyilir. Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həsb olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.  Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.

Seçilmiş Videolar

Toplum TV loqo