Siyasət

Vardanyan Bakıda həbsxanada Paşinyanın kitabını oxuduğunu deyir 

26 May, 2026
233

Reuters

Bakıda həbsdə olan erməni iş adamı Ruben Vardanyan növbəti dəfə erməni ictimaiyyətinə müraciət edib. Onun müraciətinin səs yazısı mayın 25-də özünün “X” hesabında paylaşılıb. 

Vardanyan müraciətində Ermənistan baş naziri Nikol Paşinyanı tənqid edib, onu erməni folklor qəhrəmanı Cəsur Nazara bənzədib. Cəsur Nazar erməni ədəbiyyatında qorxaq, lakin təsadüfən padşaha çevrilən bəxtəvər bir personaj kimi tanınır. 

“Nazarı padşah edən isə xalqdır, o, öz-özünə padşah olmur. Ermənilər bunu unutmasınlar”, - o qeyd edib. 

Vardanyan bildirib ki, Bakıda saxlanıldığı həbsxananın kitabxanasında erməni dilində yalnız iki kitab tapıb - onların biri yazıçı Vardges Petrosyan, digəri isə məhz Paşinyan tərəfindən yazılıb.

“Kitabınızı oxuduqdan sonra əmin oldum ki, sizin mənəvi və etik standartlar, təhsil və digər məsələlərlə bağlı ciddi problemlərinizdən əlavə, həm də yalançı, xəyalpərəsət və plagiatçısınız. Keçmiş jurnalist kimi bilməlisiniz ki, başqasının əmlakını - əqli mülkiyyəti, kitabları oğurlamaq olmaz. Amma siz bunu sakitcə və bir dəfədən çox etmisiniz”, - o əlavə edib. 

O daha sonra Ermənistan haqda danışaraq ölkəni geosiyasi təhlükənin gözlədiyi ilə bağlı xəbərdarlıq edib. 

“Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında qalarkən üçüncü qüvvədən asılı vəziyyətə düşmək riski daşıyır. Həmin üçüncü qüvvə yalnız bizim iqtisadi, maliyyə, informasiya, texnoloji cəhətdən ondan tam asılı olduğumuz, Türkiyə və Azərbaycanın bir vilayətinə çevrildiyimiz anı gözləyir. Əgər davranışımızı dəyişməsək, bizi nə Rusiya, nə də Avropa İttifaqı gözləyir. Bizi gözləyən isə Türkiyənin bir vilayətinə çevrilməkdir", - Vardanyan deyib. O, “üçüncü qüvvə” dedikdə hansı ölkəni nəzərdə tutduğunu açıqlamayıb. 

Vardanyan, həmçinin, mayın 28-də Ermənistanın Respublika Günü münasibətilə Yerevanda planlaşdırılan hərbi paradı pisləyib. O, Azərbaycanda erməni məhbusların olduğu dövrdə parad keçirilməsini "əxlaqsızlıq" adlandırıb. 

"Ordu paradlar, pul, silah və ya rütbələr üzərində qurulmayıb. Ən əsası, o, ruh üzərində qurulub - mənəvi və vətənpərvər ruh", - deyən iş adamı erməniləri paradda iştirak etməməyə çağırıb.

O, çıxışının sonunda Ermənistan hökumətini erməni məhbusların azad edilməsi üçün “heç nə etməməkdə” ittiham edib. 

Fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyana 20 il həbs cəzası verilib.  

R.Vardanyan Cinayət Məcəlləsinin təcavüzkar müharibə başlatma, əhalini məcburi köçürmə, terrorçuluq, hakimiyyəti ələ keçirmə də daxil olmaqla 20-dən çox maddəsi üzrə təqsirləndirilirdi. 

O, son sözündə ittihamları bir daha rədd edib, məhkəməni "saxta" adlandırmışdı. 

İş adamı 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.
Həmin vaxt həbs olunan, separatçı rejimin sabiq liderləri də daxil olmaqla 20-yədək şəxsin məhkəmə prosesi isə ayrılıqda aparılıb. 

Fevralın 5-də baş tutmuş həmin prosesdə məhkəmə erməni məhbuslara 15 ildən başlayaraq ömürlük məhrumetməyə qədər müxtəlif cəzalar verib. 
Azərbaycanda həbsdə olan ermənilərin məsələsi dünya mətbuatında vaxtaşırı gündəmə gətirilir. 

Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycandakı erməni məhbusların "bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini" deyib və onların azad ediləcəyini istisna edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo