Siyasət

Vens Əliyevlə insan hüquqlarını müzakirə edəcək?

2 Fevral, 2026
522

Foto/kollaj: Toplum TV

ABŞ vitse-prezidenti Ceyms Vensin bu ay Azərbaycan və Ermənistana rəsmi səfəri gözlənilir. Dəqiq tarixləri açıqlanmayan səfərin anonsunu yanvarın 24-də ABŞ prezidenti Donald Tramp verib. 

Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin və “Tramp marşrutu”nun müzakirəsi, habelə Azərbaycana silah satışı barədə razılaşmaların imzalanmasıdır. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli isə səfər çərçivəsində Azərbaycanda insan hüquqlarının da müzakirə ediləcəyinə ümid etdiyini bildirib. 

"340 nəfərədək ictimai-siyasi fəal siyasi mövqeyinə görə həbs edilib, rejim ölkədə azad mətbuatın, vətəndaş cəmiyyətinin və müxalifətin məhv edilməsinə çalışır. Ona görə də, belə bir vaxta düşən səfər zamanı çox ümid edirəm ki, Vens İlham Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları və azadlıqlarının hazırkı durumunu, demokratik institutların vəziyyətini və ümumiyyətlə, ölkədə demokratik açılım mövzularını da müzakirə edəcək", - o, həbsxanadan ictimaiyyət üçün müraciətində qeyd edib. 

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah “Toplum TV”-yə deyir ki, Vens-Əliyev görüşündə Azərbaycanda demokratiya və insan hüquqları müzakirə edilsə belə, rəsmi pres-relizdə buna yer verilməsi ehtimalı azdır. 

“Vensin səfəri sülh prosesini möhkəmləndirmək və regionda ABŞ-nin marağına uyğun daha geniş əməkdaşlıqları təmin etmək məqsədi güdür. İnsan hüquqları kimi mövzular isə daha çox qapalı görüşlərdə, danışıqlarda alət kimi istifadə edilir”, - o bildirib. 

Tramp administrasiyasının xarici siyasət gündəliyində insan hüquqları və demokratiya prioritet hesab olunmur. 

Tramp ötən ilin mayında Riyadda çıxışı zamanı demişdi ki, ABŞ onun rəhbərliyi altında başqa ölkələrin daxili işlərinə qarışmayacaq. 

“Biz başqalarına mühazirə oxumaq üçün burada deyilik. Başqalarına necə yaşamalı, nə etməli, kim olmalı və ya necə ibadət etməli olduqlarını demək üçün bura gəlməmişik. Əksinə, biz burada hamımız üçün daha yaxşı bir gələcəyi təmin etmək məqsədilə ortaq maraqlar və dəyərlər əsasında qurulan tərəfdaşlıq təklif etmək üçün buradayıq”, - o deyib. 

Buna baxmayaraq, Tramp prezidentlik səlahiyyətlərinə başladığı ötən bir il ərzində Belarus və Venesuelada siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına da nail olub. 

Belarusda prezident Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi hakimiyyət ötən il müxtəlif vaxtlarda ümumilikdə 200-yə yaxın “siyasi məhbus”u azad edib. Bu qərar Tramp administrasiyası ilə danışıqlardan sonra verilib və qarşılığında ABŞ Belarusa tətbiq etdiyi iqtisadi sanksiyaların bir qismini qaldırıb. 

Venesuelada isə bu ilin əvvəlində prezident Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən həbs olunaraq ABŞ-yə aparılmasından bu günə qədər 344 “siyasi məhbus” azad olunub. 

Tramp hər iki ölkədə “siyasi məhbus"ların azad olunmasını alqışlayıb, bunu öz administrasiyasının uğuru kimi təqdim edib. 

E.Fəttah düşünür ki, Tramp administrasiyasının insan hüquqları məsələsində müxtəlif ölkələrə münasibətdə fərqli yanaşmalar sərgiləməsi onun “dəyərlərdən çox maraqlara yönəlik, “realpolitik” siyasət yürütməsi” ilə əlaqəlidir. 

“Hər ölkəyə münasibətdə ABŞ-nin təsir rıçaqları və prioritetləri fərqlidir: sanksiya paketləri, enerji, təhlükəsizlik, regional balans, miqrasiya və s. Venesuelada ABŞ-nin təzyiqi ilə siyasi məhbusların buraxılması göstərir ki, bu məsələ ABŞ üçün prioritet yox, danışıqlarda vasitə kimi istifadə edilir”, - o qeyd edib. 

Hazırda İrana hücum məsələsinin Trampı məşğul etdiyini xatırladan şərhçi bildirir ki, buna görə də ABŞ prezidentinin İranla qonşu olan Azərbaycanın siyasi dəstəyinə ehtiyacı var. “Bu isə Vensin səfərində insan hüquqlarının müzakirə olunacağı ehtimalını aşağı salır”, - o əlavə edib. 

III Respublika Platformasının digər qurucu üzvü, siyasi şərhçi Araz Əliyev də “Toplum TV”-yə deyir ki, Azərbaycan hakimiyyətinin ABŞ ilə münasibətləri yaxşı saxlamaq üçün müxtəlif “alver predmetləri” var. 

“Bu siyahıda biz ön sırada “Tramp marşrutu" və Ermənistanla sülh prosesinin olduğunu görə bilərik. Daha sonra enerji məsələləri var, Azərbaycan bu gün Avropanın əsas enerji təchizatçılarından birinə çevrilməyə çalışır. İlham Əliyevin bu yaxınlarda elanını verdiyi “ikinci neft bumu” da Tramp administrasiyasının regiona diqqətini cəlb etmək üçün ortaya atıla bilər. Azərbaycan həm də Qərbi Orta Asiya bazarı ilə birləşdirəcək yolun üzərində yerləşdiyinə görə Trampa maraqlıdır. Yalnız bu məsələlərdən sonra geriyə insan hüquqları və demokratiya mövzusu qalır”, - o bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ötən ay azadlığa çıxan AXCP üzvünün yenidən saxlanıldığı bildirilir

4 Sentyabr 2026

sosial media

Avqustun 7-də azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir. Bu barədə sentyabrın 4-də fəalın yaxınları sosial mediada məlumat yayıblar. Onlar Zamin Salayevin hazırda harada olduğunu dəqiqləşdirə bilmədiklərini deyiblər. “Rəsmi şəkildə dəqiqləşdirə bilmədiyimiz iki məlumata görə, onu Salyanda saxlayaraq Bakıya aparıblar. Axşam saatlarında Zamin Salayev üç avtomobillə məhəlləsinə qədər təqib edilib. O, bu gün saat 12 radələrində əvvəlcədən planlaşdırdığı avtomobil cəriməsi ilə bağlı məsələni həll etmək üçün rayon polis şöbəsinə gedib. Təxminən saat 14 radələrində onun saxlanıldığı barədə xəbər tutmuşuq. Bu vaxta qədər Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Rayon polis şöbəsi...
Siyasət

“Amnesty International” Bəhruz Səmədovla bağlı petisiya başladıb

4 Sentyabr 2026

sosial media

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının Belçika bölməsi həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlığa buraxılması tələbi ilə petisiya başladıb. Avqustun 28-də başladılan petisiya Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb. Təşkilat Səmədova qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu və ictimaiyyətə heç bir etibarlı sübutun təqdim edilmədiyini bildirib. “Amnesty International” həmçinin onun həbsdə olduğu müddətdə fiziki və psixoloji vəziyyətinin pisləşdiyini qeyd edib.   Petisiyada Səmədov azadlığa buraxılanadək onun lazımi tibbi yardımla təmin edilməsi, beynəlxalq standartlara uyğun şəraitdə saxlanılması, müstəqil müşahidəçilərin və Ombudsman nümayəndələrinin onunla görüşməsinə şərait yaradılması tələb olunur. “Bəhruz Səmədov ağır saxlanma şəraiti ilə tanınan Umbakı Penitensiar Kompleksinin...

Seçilmiş Videolar

Toplum TV loqo