Sosial

Bakı yollarındakı xaosdan çıxış yolu varmı? - “Manatlıq taksi”lərlə bağlı qərar veriləcək

18 Oktyabr, 2021
3714

Sosial Media

“Taksi sürücüləri sükan arxasında yeyib içir, mahnıya qulaq asır, əllərindən telefon düşmür”.

Hər gün işə tələsən Bakı sakinləri arasında kifayət qədər insan ictimai nəqliyyatın basabasından qurtulmaq və vaxtında işə çatmaq üçün “1 manatlıq taksi"lərə üz tutur.

Elə Fikrət Məmmədov da hər gün işə “1 manatlıq taksi"ylə gedənlərdəndir. O, avtobuslar həm basabas olduğu, həm də gec gəldiyi üçün taksidən istifadə etdiyini deyir: “”Manatlıq taksi” həm tez, həm də birbaşa mənzil başına çatdırdığı üçün çox sərfəlidir. Mən Mehdiabaddan “Azadlıq” metrosuna gəlmək üçün taksiyə tək minəndə 4 manat verməliyəmsə, əvəzində “manatlıq taksi”yə 1 manat verib metroya qədər gələ bilirəm”.

Fikrət taksi sürücülərinin avtomobili təhlükəli sürməsini isə belə izah edir: “Çünki bunların əksəriyyəti heç taksi sürücüsü də deyil. İşə gedən kimsə gündəlik benzin pulunu çıxarmaq üçün bir neçə adamı avtomobiliylə aparır. O da öz maşını olduğu üçün avtomobili ürəyinin istədiyi kimi idarə edir. İstəyirsən min, istəmirsən minmə”. 

Cavid adlı sərnişin isə (ad şərtidir) H.Əliyev prospektindən Binə atçılıq istiqamətində getmək üçün basabas səbəbindən avtobuslara minməyin çətinliyindən danışır. O, bu istiqamətdə işləyən əksər avtobusların kiçik həcmli olduğunu, sürücülərin də təhlükəli sürdüyünü bildirir: “Məcbur olub "1 manatlıq taksi" ilə gedirəm. Taksi sürücüləri isə sükan arxasında yeyib içir, mahnıya qulaq asır, əllərindən telefon düşmür. Sərnişinə “1 manat” kimi baxdıqları üçün onun təhlükəsizliyi barədə heç düşünmürlər də.”

Bakı sakini taksilərin çoxunun da saz vəziyyətdə olmadığını əlavə edir.

Amma sürücülər bu iddiaları qəbul etmir. “Koroğlu” metrosu yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Nicat adlı sürücü “Toplum TV”-yə danışır ki, digər qeyri-peşəkar sürücülərin hərəkətləri bütün sürücülərə şamil edilməməlidir: “Avtobus sürücüləri arasında da kifayət qədər naşı adamlar var. Amma nədənsə çox vaxt bizim adımız hallanır. Mən səhərdən axşama kimi adam daşıyıram. Artıq sərnişinlərin çoxunu da üzdən tanıyıram. Narazı olsalar, maşınıma minməzlər”.

O, “1 manatlıq taksi"lərin avtobus dayanacaqlarına yaxın ərazidə dayanmasını, tıxac yaratması iddialarına belə cavab verir: “Dayanacaqların qarşısında dayandığımızı deyirlər, bizə yer ayırsalar, desələr ki, burada yox, orada saxlayın, biz də gedib orada dayanarıq”.

““Manatlıq taksi”lər sərnişindaşımadakı boşluğu doldurur”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da “manatlıq taksi”lərin təhlükəli sürməsini narahatlıqla qarşılandığını bildirir. Amma o diqqəti məsələnin başqa bir tərəfinə yönəldir: “Sürət həddini aşsalar da, dərindən düşünsək, onların ictimai nəqliyyatın müəyyən bir yükünü üzərlərinə götürdüklərini görərik. Avtobuslar kifayət qədər deyil, sıxlıq yaşanır, sərnişinlər yolda qalır. Bu taksilər də o tələbatı, boşluğu doldururlar. Düzdür, qiyməti avtobusdan baha olsa da, insanların yolda qalmasının qarşısı bunlar vasitəsilə alınır”.

Elməddin Muradlı - Açıq mənbələrdən götürülüb

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Toplum TV”-yə hansı məbləğə sərnişin daşımasından asılı olmayaraq, sözügedən fəaliyyətin qanunsuz olduğunu bildirir: “Obrazlı desək, qanunsuz sərnişindaşımalar şəhər nəqliyyat sistemi üçün virus rolunu oynayır və vaxtında qarşısı alınmasa, onun nəqliyyat sisteminin fəaliyyətinə mənfi fəsadları artacaq. Qeyri-formal daşımaların mövcudluğu müntəzəm sərnişindaşıma fəaliyyəti üçün çox ciddi çətinliklər yaradır. Belə ki, bu gün avtobus dayanacaqlarını zəbt edən minik avtomobilləri məhz qanunsuz taksi fəaliyyətinə cəlb olunan avtomobillərdir”.

Qurum rəsmisi bu avtomobillərin xaotik formada park edilməsinin sərnişinlər üçün risk yaratdığını deyir. Üstəlik həmin sürücülərin daha çox qazanc əldə etmək üçün avtomobili yüksək sürətlə və təhlükəli manevrlərlə idarə etdiklərini əlavə edir.

"Manatlıq taksi"lərin fəaliyyətinin qarşısı alınacaq

Ötən il BNA paytaxtda alternativ ekspres taksi xidmətinin yaradılacağını açıqlamışdı. Qurumun Hüquq şöbəsinin müdiri Hikmət Babayevin sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb: "Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "manatlıq taksi"lərin fəaliyyətinin qarşısı alınacaq. Amma hələlik məsələylə bağlı ciddi addımlar atılmayıb. Dövlət Yol Polisi (DYP) də zaman-zaman açıqlamalarında “manatlıq taksilərin” fəaliyyətinə qarşı əsaslı tədbirlərin görüldüyünü qeyd edir.

Hikmət Babayev - Açıq mənbələrdən götürülüb

Elməddin Muradlıya görə isə, bu taksilərin fəaliyyətini qadağan etmək lazım deyil. Sadəcə, onları qanuni fəaliyyətə dəvət etmək lazımdır. “Bu taksilər onlar üçün ayrılmış taksi dayanacaqlarında fəaliyyət göstərməlidirlər. VÖEN və sağlamlıq arayışı alaraq, bir sözlə qanunun tələb etdiyi qaydalar çərçivəsində fəaliyyət göstərsələr, heç bir problem də yaşanmaz”, - o qanuni tənzimləmələrdən danışarkən belə deyir.

M.Ağayev qanunsuz sərnişindaşımaların yollarda süni sıxlığı və tıxacı stimullaşdırdığını, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimələr yaratdığını bildirir. Mövcud pandemiya şəraitində də qeyri-formal daşımaların ciddi risk hesab edildiyini, şəhərin ekoloji mühitini çirkləndirdiyini vurğulayır.

BNA rəsmisi hesab edir ki, qeyri-formal daşımalara qarşı ən optimal mübarizə variantı şəhərin ictimai nəqliyyat imkanlarının yaxşılaşdırılması, sərnişinlərin ictimai nəqliyyata cəlb edən alətlərdən istifadə etməkdir. “Bu mənada ən gözəl alət xüsusi avtobus zolaqlarının təşkili və ona nəzarətin gücləndirilməsidir. Belə ki, bu gün sərnişinlər daha çox sıxlıqda və tıxacda qalmamaq üçün minik avtomobillərinə üstünlük verirlər. Əgər biz şəhərimizdə avtobusların rahat və maneəsiz hərəkət imkanını yarada bilsək, bu zaman ictimai nəqliyyata meyillənmə artacaq”.

Mais Ağayev - Açıq mənbələrdən götürülüb

O, agentliyin hazırda zolaqlarının sayının artırılması istiqamətində intensiv iş apardığını qeyd edir.

M.Ağayev qanunsuz sərnişindaşımalara qarşı birbaşa mübarizə Agentliyin səlahiyyətlərinə aid olmadığından bununla bağlı müvafiq qurumlarla iş aparıldığını deyir.

E.Muradlı isə taksilərin fəaliyyətinin tənzimlənməsini çox çətin proses adlandırır: “Vaxtilə keçmiş Nəqliyyat Nazirliyi bunu etməyə çalışdısa da, taksilərin fəaliyyətini qaydaya sala bilmədilər. Bu gün yumşaldılmış qaydalar çərçivəsində onların xoşluqla qaydalara riayət edəcəklərini gözləmək inandırıcı görünmür”.

İstənilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərə bilərmi?

Ekspert bunu olduqca aktual məsələ hesab edir və taksi sürücüləri ilə bağlı qayda-qanundan danışanda “kimə taksi sürücüsü deyilməlidir?” sualının cavabını müəyyən edilməli olduğunu vacib sayır: “Sağlam, məhkumluğu olmayan, avtomobili saz vəziyyətdə olan, ən azı Bakının küçələrini 50-70% tanıyan, normal dil bilgləri olan şəxsə taksi sürücüsü deyə bilərik. Amma bu gün taksi sürücüləri arasında təhlükəli hesab ediləcək keçmiş məhkumlar var ki, cinayətə və narkomaniyaya hələ də meyillidirlər. Belələrini bu sahədən uzaqlaşdırmaq lazımdır. Bəziləri də var ki, maaşı az olduğundan axşamlar işdən sonra taksi sürürlər. Buna da taksi sürücüsü deyirik, illərlə bu işlə məşğul olan peşəkar sürücülərə də”.

M.Ağayev taksi sürücüləri ilə bağlı müəyyən olunmuş norma və standartların mövcudluğundan danışır. Bu norma və standartlar Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunub. “Amma bu gün taksi fəaliyyəti sahəsində açıq etiraf edilməlidir ki, çox ciddi çatışmazlıqlar, pərakəndəlik var. Bakı Nəqliyyat Agentliyi bu xidmət sahəsində nizam-intizamın yaradılmasına çalışır”, - deyə o bildirir.

E.Muradlı isə ictimai nəqliyyatda problemlər qaydaya salındıqdan, avtobuslararası  intervallara əməl edildikdən, maarifləndirmə işləri aparıldıqdan sonra taksi fəaliyyətinin də tədricən qaydaya düşəcəyi qənaətindədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo