Sosial

“Cuhudlar” məhəlləsi - “Ən kasıbının evindən 1 kilo qızıl tapmaq olardı”

14 Mart, 2022
6702

Toplum TV

Sabunçuda vaxtilə yəhudilərin yaşadığı, el arasında “Cuhudlar” kimi tanınan məhəllənin 100-dən artıq yaşı var.

İndi burada yaşayan yəhudiləri barmaqla saymaq olar. Amma əvvəllər mənzərə tam fərqli olub, deyilənə görə, məhəllədə xeyli sayda yəhudi ailəsi yaşayıb.

“Yəhudi köçü” kimi tanınan axın ötən əsrin sonlarında Bakıda da yaşanıb. Onların vətənləri İsrailə kütləvi köçündən sonra yaşlı sakinlərin xatirələri və bir də məhəllənin quru adı qalıb.

"Cuhudlar Məhəlləsi"- "Toplum TV"

Məhəllənin planı da bir qədər fərqlidir: iç-içə evlər, dar keçidlər, dalanlar, köhnə iki mərtəbəli binalar...

Əslində, “Cuhudlar” məhəlləsinin Bakının “Sovetski”, “Kubinka” məhələlləri ilə oxşar olduğunu deyənlər də var. Amma bütün hallarda etnosa görə ad fərqliliyi bu ərazinin əsas özəlliyi olub.

100 illik bina- "Toplum TV"

Küçənin rəsmi adı Bəhruz Kəngərli olsa da, hələ də insanlar buranı köhnə adı ilə xatırlayır. Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir. Qapılarda pas atmış qıfıllar, əhəngi saralmış evlər tərk edilmiş məhəllədən qalan son izlərdir...

“Zərgərlik sənətini yaxşı bilirdilər”

Məhəllənin yaşlı sakini 74 yaşlı Səttar Aslanov deyir ki, SSRİ dağılanda, əsasən 1991-1992-ci illərdə yəhudilər kütləvi surətdə köçdülər. Onun sözlərinə görə, ölkə dağılanda onların yaşayışı yaxşı olmayıb, xırda alverlə məşğul olublar, ona görə də ilk fürsətdəcə köçüblər.

1972-ci ildən bu məhəllədə “Optika” mağazası işlədən Fərhad kişinin söylədiyinə görə, dostlarının hamısı yəhudilər olub, bütün bayramları, əlamətdar hadisələri bir yerdə qeyd ediblər: “Balığı, göy-göyərtini çox xoşlayırdılar. Uzunömürlüdürlər. 80-100 il yaşayanı vardı. “Boro xudo adinoy”, yəni “Allah, özün kömək ol!”, içəndə həmişə belə deyirdilər”,- Fərhad kişi gülərək xatirələrini danışır.

“Qonşuluqda qəssab Qulam kişi yaşayırdı. Bir dəfə ona dedilər ki, heyvan kəsiləndə ravvinin dua oxumasına icazə versə, bütün yəhudilər əti ondan alacaqlar. Qulam kişi razılaşdı, onlar da həmişə əti ondan alırdılar”.

Toplum TV

Fərhad kişi yəhudilərin işlərini yaxşı gördüklərini söyləyir:

“Çoxu zərgərliklə məşğul olurdu, xalçaları mükəmməl tanıyırdılar. İstənilən xalçaya uzaqdan baxanda Kəşan, Təbriz xalçası olduğunu bilirdilər.

Bir yəhudi kişi vardı, zərgərlik sənətini hamı ondan öyrənirdi, istənilən brilyanta baxıb qiymət təyin edirdi. Kimin nə işi olurdusa, gəlib onunla dəqiqləşdirirdi”.

Fərhad kişi gülərək yəhudilərin də azərbaycanlılar kimi alverlə məşğul olduğunu bildirir: “Qızılı çox sevirdilər. Ən kasıbının evindən bəlkə 1 kilo qızıl tapmaq olardı”.

O deyir ki, dostları məhəllədən köçsə də, ildə bir dəfə buralara, qohumlarının qəbirlərinə baş çəkməyə gəlirlər: “Hətta gələ bilməyəndə xüsusi bir adam tutub, məzarların böyür-başını səliqəyə saldırırlar”.

100 ildə yəhudilərin sayı təxminən 4 dəfə azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1926-1989-cu illərdə Azərbaycanda yaşayan yəhudilərin sayı 30-40 min olub. 1999-cu ildə onların sayı 8,9 min, 2009-cu ildə aparılan son siyahıya alınmada isə 9,1 min göstərilib.

Yəhudi icmasının nümayəndəsi olan aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Onların Bakıda 1832-ci ildə məskunlaşdıqları bildirilir. Əsrin sonunda Bakıda yaşanan neft bumu zamanı şəhərdəki yəhudilərin sayı 2 minə qədər artıb.

Toplum TV

 

Rusiya imperiyasında baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazinin Azərbaycana köç etdiyi də qeyd olunur.

Tarixçi Yadigar Sadıqlı indi Azərbaycanda yəhudilərin sayının azalmasını belə izah edir: “İsrail dövləti yarandıqdan sonra yəhudilər öz vətənlərinə getməyə meyl edirdilər. Amma SSRİ dövründə sərhədlər bağlı olduğundan bu mümkün olmurdu. Yalnız Sovetlər dağıldıqdan sonra yəhudilər İsrailə kütləvi köç etməyə başladılar”.

Hazırda sayı 9 minə yaxın olan yəhudilər əsasən Quba, Gəncə, Göyçayda məskunlaşıblar.

O ki qaldı, məhəllənin adındakı “Cuhud” sözünə mənası həqiqəti danan, bilərəkdən yalan söyləyən deməkdir. Yahudilər özlərini heç zaman belə adlandırmır. Mənbələrdə deyilir ki, yəhudiləri təqib edənlər onları cühut/cifit adlandırırdılar.

“Atama cuhud Məşədi Məlik deyirdilər”

Sabunçudakı məhəllədə bir-iki yəhudi qalıb. Burada yaşayan yaşlı yəhudi qadınla danışmaq istəsək də, o razı olmadı. Başqa bir yaşlı yəhudinin yaxınlarda Moskvaya köçdüyünü dedilər.

Orda olarkən məhəllədə yerli sakinlərin də az olduğunu müşahidə edirik. Xəlilovlar ailəsi əslən bakılı olduqlarını və burada yaşayanların çoxunun məcburi köçkünlər, rayonlardan gələn kirayənişinlər olduğunu bildirirlər.

Alxas Xəlilov və qardaşı 70 yaşlı Zakir Xəlilov bir vaxtlar məhəllədə yaşamış yəhudiləri yaxından tanıyırlar. Onlar hətta İvrit dilində danışa bildiklərini də deyirlər.

Onların sözlərinə görə, yəhudilər Sabunçuya 100-150 il əvvəl Qubadakı “Qırmızı Qəsəbə”dən gəliblər, “Qırmızı Qəsəbə”yə isə çox əvvəl İrandan, İraqdan köçüblər.

Xəlilovlar ailəsi- "Toplum TV"
​​​​​

 

Z. Xəlilov atasının vaxtilə evlərini yəhudilərə kirayə verməsindən danışır: “Atam başqalarına kirayə ev verməzdi. Burda 20 ev vardı, bir biz, bir də əmimgil azərbaycanlı idi. Qalanları cuhudlar idi. Elə biz də onların arasında qalıb cuhudlaşmışdıq. Atama cuhud Məşədi Məlik deyərdilər”.

A.Xəlilov isə məzəli xatirəni bölüşür: “Rəhmətlik atam onlara ibadət üçün yer də vermişdi. Onların adətinə görə, ibadət vaxtı 11 nəfər olmalıdır. Adam çatmayanda gəlib atamı aparırdılar. Atam onların müqəddəs kitablarını İkinci Dünya Müharibəsi vaxtında gizlədibmiş. Deyirdilər ki, o çox yəhudidən yaxşıdır. Rəhmətə gedəndə yəhudilər gəlib bizdən icazə aldılar ki, atam üçün onlar da dua oxusunlar”.

Söhbəti qardaşı Z.Xəlilov belə davam etdirir: “Müharibə vaxtı yəhudilər bir az qorxdular. Müqəddəs kitablarını heç kim götürmək istəmirdi. Atam o vaxtı onu evimizdə qapının üstündə cumaxatanda (yorğan-döşək üçün divar şkafı- red.) gizlətmişdi. Müharibədən sonra gəlib yəhudilər onu geri istəyəndə əvvəlcə vermək istəməsə də, sonra ürəyi yumşaldı”.

Qardaşlar yəhudilərin sədaqətli, haqqı itirməyən olduqlarından danışır.

Evin xanımı Sevil Xəlilova yəhudilərin gedəndə ona yadigar verdiyi 1908-ci ilə aid mis qabı göstərir.

1908-ci ilə aid mis ləyən- "Toplum TV"

 

O, İsrail dövlətinin ev, iş yeri təklif etdiyinə görə yəhudilərin köçdüyünü deyir: “Gedəndə əllərini hasarın daşlarına sürtüb ağlayırdılar. Amma hər il İsraildən bura gəlir, ötənlərdən danışıb kədərlənirlər. “İsraildə hər şeyimiz, evimiz, pulumuz var, bircə vətənimiz yoxdur, yarı canımız burdadır” deyirlər”.

S.Xəlilova yəhudilərin növbəti gəlişində bizi də dəvət edəcəyinə söz verir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”

8 İyul 2026

Açıq mənbə

Şəmkir sakini, 79 yaşlı Tarıyel Əliyev 2007-ci ildən yaşa görə əmək pensiyası alır. Pensiyasının məbləği əvvəlcə 180 manat olsa da, ildən-ilə artmağa davam edib və bu ilin əvvəlindən o, 651 manat pensiya alıb.  İyun ayında isə T.Əliyevin pensiyası 155 manat əskik gəlib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinə yollanan pensiyaçıya deyilib ki, onun pensiyası uzun illər səhv hesablanıb və buna görə də, onun dövlətə 4800 manat borcu yaranıb. T.Əliyevə “borc”un ödənilməsi üçün 2 il 8 ay müddətinə hər ay pensiyasından 150 manat tutulacağı bildirilib.  T.Əliyev qərarla bağlı DSMF-dən hələ də yazılı bildiriş almayıb. Yazı dərc olunana qədər qurumun mətbuat...
Sosial

Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür 

7 İyul 2026

Sosial media

Yasamal rayonunda Bayırşəhər ərazisində yerləşən, dövlət reyestrində yer alan memarlıq abidəsinin söküntüsü gedir.  Molla Vəli Vidadi 62 ünvanında yerləşən binanın söküntüsünün videogörüntüsünü memar Abdul Hüseynov iyulun 6-da sosial media hesabında ictimailəşdirib.  A.Hüseynovun “Toplum TV”-yə dediyinə görə, bina 1893-cü ildə inşa olunub və 2001-ci ildə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib.  Memarın sözlərinə görə, iyulun 6-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi ünvana baş çəkib və binanın bir hissəsinin, xüsusilə şüşəbəndinin sökülməli olduğunu bildirib.  Yazı dərc olunanan qədər qurumdan iddiaya cavab almaq mümkün olmayıb.  A.Hüseynov isə deyir ki, bina şüşəbəndlə birlikdə dövlət reyestrinə daxil edilib və...

Seçilmiş Videolar

Toplum TV loqo