Sosial

Ekspert: “Azərbaycanda yol çöküntülərinin əsas səbəbi korrupsiyadır”

2 Aprel, 2026
416

sosial media

Aprelin 1-də Masazırın "Zəngilan şəhərciyi" kimi tanınan ərazisində yeni inşa olunmuş avtomobil yolu çöküb. 

Sosial şəbəkələrdə yayılan fotolarda yolun bir hissəsində ciddi deformasiya müşahidə olunub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuata verdiyi açıqlamaya görə, çökməyə səbəb son günlərdə yağan güclü yağışlar və kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. 

AAYDA hələ yanvarda həmin ərazidə əsaslı yol tikintisi işlərinin getdiyini göstərən videoçarx yayımlamışdı. 

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli isə “Toplum TV”-yə deyir ki, Azərbaycanda yolların nasazlığında korrupsiya əsas rol oynayır. 

“Korrupsiyaya bulaşmış ölkələrdə dövlət vəsaitlərinin mənimsənməsi daha çox tikinti layihələri üzərindən baş verir. Burda da, əsasən, yol tikintisi layihələri üstünlük təşkil edir. Çünki yolun inşasında özülün keyfiyyətini ölçmək mümkün olmur, sonda asfalt örtüyü çəkilir və gözəl bir yol tikintisi görüntüsü yaradırlar,” - o qeyd edib. 

İ.Hüseynli Masazırdakı yolun çökməsi hadisəsi ilə bağlı rəsmi versiyaya inanmır. 

“Su kollektoru necə yüklənə bilər? Kollektor yüklənibsə, su asfalt örtüyünün üzəri ilə axmalı idi. Əgər asfaltın üzəri ilə axmayıbsa və əvəzində asfaltın alt qatındakı materialları yuyub aparıbsa, deməli, keyfiyyətli özül tökülməyib. Bunu rəsmilər necə yozur-yozsun, burada aydın, keyfiyyətsiz yol tikintisi faktından söhbət gedir”, - o əlavə edib. 

Ekspert xatırladır ki, əvvəllər də ölkədə keyfiyyətsiz tikintiyə görə yol çökməsi halları baş verib. 

“Təxminən 8-10 il əvvəl İmişli və Saatlı rayonları arasında kəndləri birləşdirən yol inşa olundu. Həmin yol üçün vəsait prezidentin ehtiyat fondundan ayrılmışdı. Yolun bir hissəsini İmişlidəki yol-istismar idarəsi, digər hissəsini Saatlıdakı idarə tikmişdi. Təxminən altı aydan sonra yolun Saatlıya düşən hissəsi tamamilə çökdü. Hətta prezident şəxsən yolun açılışında iştirak etmişdi. Amma İmişliyə düşən hissə 10 ildən sonra da, bəzi kiçik çökmə halları istisna olmaqla, işlək vəziyyətdədir”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo