Sosial

Şagirdlər arasında zorakılıq və aqressiya niyə artır?

27 Aprel, 2026
169

Açıq mənbə

Son aylarda Azərbaycanda məktəblərdə baş verən zorakılıq, aqressiya və təhlükəli davranış halları ilə bağlı xəbərlərin sayında artım müşahidə olunur. Yanvarın sonundan aprelin sonunadək mediada yer alan məlumatlara əsasən, ölkənin müxtəlif bölgələrində ən azı 10 belə hadisənin qeydə alındığı bildirilir.

Bu hadisələr arasında şagirdlərarası dava və bıçaqlanma, müəllimə hücum, fiziki zorakılıq, təhdid və özünə xəsarət yetirmə halları yer alır.

Bu kimi insidentlər yalnız ayrı-ayrı məktəblərlə və ya konkret regionla məhdudlaşmır. Paytaxtda, Abşeron yarımadasında və ölkənin müxtəlif bölgələrində oxşar hadisələrin qeydə alınması problemin sistemli və geniş miqyaslı xarakter daşıdığını göstərir.

Hadisələrin fiziki zorakılıq, psixoloji təhdid, silahdan istifadə və bıçaqlanma kimi təhlükəli davranış formalarında baş verməsi məktəblərdə təhlükəsizlik səviyyəsi, psixoloji mühitin durumu, şagird davranışına nəzarət mexanizmləri və profilaktik tədbirlərin effektivliyi ilə bağlı ciddi suallar doğurur.

Sosial işçi Sənubər Heydərova “Toplum TV”-yə bildirib ki, uşaqların davranışını cəmiyyətdən ayrı qiymətləndirmək mümkün deyil və uşaqlar cəmiyyətdə baş verən proseslərə ən həssas qruplardan biridir.

“Uşaqlar xəbərləri oxumaya, ölkədəki vəziyyətin iqtisadi və sosial tərəflərini bilməyə bilərlər. Lakin cəmiyyətdəki ümumi aqressiyanı aydın hiss edirlər. Bu aqressiyanın səbəblərini böyüklər kimi izah edə bilmədiklərinə görə isə onun təsirini daha ağır yaşayırlar. Ümumilikdə, Azərbaycanda aqressiya çox yüksək səviyyədədir”, - deyə o bildirib.

Sənubər Heydərova hesab edir ki, insanların istədikləri kimi yaşaya bilməməsi, özlərini reallaşdırmaq imkanlarının məhdudluğu və azadlıqlarla bağlı problemlər ümumi gərginliyi artırır. Onun fikrincə, digər səbəblərdən biri də peşəkar mütəxəssislərin çatışmazlığıdır:

“Ölkədə yaxşı və düzgün mütəxəssislərin yetişməsi, onların uyğun vəzifələrə gətirilməsi problemi var. Azərbaycan illərdir bundan əziyyət çəkir. Məktəb psixoloqları kifayət qədər deyil, uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığı istənilən səviyyədə deyil. Bu barədə illərdir danışılır”.

Sosial işçi qeyd edir ki, ailədaxili münasibətlər və valideyn diqqətsizliyi də mühüm amillər sırasındadır. O, maddi çətinliklərin, laqeyd münasibətin və şüurlu valideynlik modelinin zəif olmasının uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayır:

“Aqressiya adətən kömək çağırışıdır. Yəni onlar bunu başqa yolla, davranış problemi ilə və yaxud da konfliktlərlə köməyə ehtiyacları olduğunu və vəziyyətlərinin yaxşı olmadığını göstərirlər. Buna həm valideynlər, həm də məktəb mühiti - müəllimlər və pedaqoqlar həssas yanaşmalıdır. Bəzi müəllimlər aldıqları aşağı maaş səbəbindən şagirdlərin fərdi vəziyyəti ilə maraqlanmır, yalnız dərsini keçib çıxmağa çalışırlar. valideynlərlə uşaqlar arasında münasibət problemləri var. Nəticədə uşağın bu mesajını çatdıracağı heç kim olmur və o da aqressiyasını öz yaşıdlarının üzərinə yönəldir”.

Sənubər Heydərovanın sözlərinə görə, bir çox hallarda nə məktəb, nə də ailə bu siqnallara vaxtında reaksiya verir. Müəllimlərin sosial vəziyyəti, valideynlərlə uşaqlar arasında münasibət problemləri və diqqətsizlik nəticəsində uşaqlar öz narahatlıqlarını yaşıdlarına yönəldirlər. Uşaqların həm faydalı, həm də zərərli informasiyalara çıxış imkanlarının artması fonunda bu aqressiyanın gələcəkdə daha da çoxalması riski qalır.

Psixoloq Nigar Xəlilova isə düşünür ki, məktəbdə aqressiv davranışı tək bir səbəblə izah etmək doğru olmaz. O bildirib ki, araşdırmalara görə yeniyetmələrdə zorakılıq adətən fərdi, ailəvi, məktəb və sosial mühit faktorlarının üst-üstə düşməsi nəticəsində formalaşır.

“Məsələn, emosional tənzimləmə çətinliyi, impulsivlik, əvvəlki zorakılıq təcrübəsi, ailədə konflikt və ya laqeydlik, məktəbdə bullinqə məruz qalmaq, aidiyyət hissinin olmaması və sosial dəstəyin zəifliyi əsas risk faktorları arasında göstərilir. Yeniyetmələrdə zorakılığa meyl daha çox o zaman artır ki, uşaq uzun müddət gücsüzlük, alçaldılma, rədd edilmə və ya təhlükə hissi yaşayır, amma bunu sağlam şəkildə ifadə edə bilmir. Davranışın altında çox vaxt utanc, qəzəb, qorxu və görülməmək hissi olur”, - deyə psixoloq bildirib.

Onun fikrincə, bu cür hadisələr bəzən spontan kimi görünsə də, çox vaxt əvvəlcədən müəyyən siqnallar müşahidə olunur: davamlı aqressiv davranış, təhdidlər, zorakılığı normallaşdıran danışıq, empatiyanın azalması, məktəbdən uzaqlaşma, kəskin davranış dəyişikliyi, silah və ya zərər vermə fantaziyaları və sosial izolə olunma.

Psixoloq bildirir ki, ailə mühiti burada mühüm rol oynayır. Uşağın evdə gördüyü münasibət modeli onun konfliktləri necə həll edəcəyini formalaşdırır: “Evdə zorakılıq, davamlı təhqir, sərt cəza, emosional laqeydlik və ya valideynlər arasında yüksək konflikt olduqda, uşaq aqressiyanı problem həll etmə üsulu kimi mənimsəyə bilər”.

Nigar Xəlilova deyir ki, bu cür hadisələrdə əsas sual təkcə “niyə etdi?” deyil, həm də “hansı siqnallar vaxtında görünmədi və məktəb, ailə və sistem olaraq harada gecikdik?” olmalıdır:

“Məktəblərdə psixoloji dəstək sistemi yalnız “problem çıxandan sonra müdaxilə” səviyyəsində qalmamalıdır. Effektiv önləyici sistem olmalıdır: məktəb psixoloqu əlçatan olmalı, müəllimlər risk siqnallarını tanımalıdır, zorakılıq və bullinqlə bağlı aydın protokollar olmalıdır, valideynlərlə əməkdaşlıq qurulmalıdır və uşaqlar emosional savadlılıq, konflikt həlli, özünü ifadə etmə kimi bacarıqları öyrənməlidir”.

Məktəblərdə zorakılıq hallarının artması ilə bağlı yayılan xəbərlər fonunda son günlər ölkənin bir neçə rayonunda, xüsusilə Abşeron və Sumqayıt ərazisində yerləşən məktəblərdə - yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara başlanılıb.

Bəzi hallarda dərs prosesi zamanı inspektorlar tərəfindən siniflərdə baxışların keçirildiyi, qadağan olunmuş əşyalar aşkar edilən şagirdlərin isə ayrıca söhbətə cəlb olunduğu və valideynlərin məlumatlandırıldığı bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo