Sosial

Vətəndaşlar niyə əvvəl şikayət edir, sonra üzr istəyir?

28 Aprel, 2026
156

“Bax, qaçqınlara verilən evlər budur. Bir aydır mən bunun içində yaşayıram.”

Cəbrayıl sakini bu sözləri yeni köçürüldüyü evin keyfiyyətindən şikayət etdiyi videoda deyirdi. Lakin video sosial mediada geniş müzakirə olunandan bir gün sonra sakinin üzr istədiyi müraciəti yayıldı. 

“Mənim bütün işlərimi yerinə yetirəcəklər, heç bir problem yoxdur. Ona görə də məni üzrlü hesab eləyin, daha mənim adımı heç kim hallandırmasın, heç kim də deməsin ki, budu-odu”, - o, yeni videoda qeyd edir.  

Buna baxmayaraq, yeni videoya şərh yazan xeyli sosial şəbəkə istifadəçisi videonun hakimiyyət orqanları tərəfindən zorla çəkdirildiyini iddia edib. 

Azərbaycanda şikayət edən şəxslərin sonradan üzr və peşmançılıq etdiyi müraciətlərinin yayılması yenilik deyil. Onlar bu tip videolarda, adətən, şikayətlərini səsləndirərkən emosiyalarını cilovlaya bilmədiklərini deyirlər. 

Sosial və siyasi elmlər üzrə tədqiqatçı Samirə Ələkbərli düşünür ki, bu şəxslərin üzr videolarını özlərinin səmimi şəkildə çəkməsi inandırıcı deyil. O, “Toplum TV”-yə deyir ki, bu cür videolar hakimiyyətlərin cəmiyyət üzərində güc və nəzarəti möhkəmləndirdiyi ölkələrdə bir neçə funksiya yerinə yetirir. 

“Bu, sadəcə bir video paylaşmaq məsələsi deyil. O, əslində fərdin sındırılmasını göstərir. Əgər fərd etdiyi əmələ görə utandırılır və özünü təkzib edirsə, bu onun kimliyinin və şəxsiyyətinin alçaldılması deməkdir. Bununla da, onun cəmiyyət içində etibarlılığı pozulur və ona inam qalmır”, - o qeyd edib. 

Tədqiqatçının sözlərinə görə, hakimiyyətin bu cür videoların yayılmasında məqsədi həm cəmiyyətə qorxu mesajı ötürmək, həm də müəyyən narrativləri özünün münasib bildiyi tərzdə yazmağa çalışmasıdır. O əlavə edir ki, tarixboyu da bu cür aktlar olub, lakin sosial medianın mövcudluğu bunu asanlaşdırıb. 

“Əvvəllər bu, televiziyada olurdu, yaxud məhkəmə aktlarında qurban tərəfindən yazılırdı, günahı etiraf etdirilirdi. Bunlar da təbii ki, təzyiq altında olurdu. Orta əsrlərdə də daha açıq, daha birbaşa şəkildə edilirdi. Şəhər meydanlarında insanlar asılırdı, edam olunurdu və s.”, - o əlavə edib.

Şikayət edən insanların sonradan üzr istəməsi təkcə Azərbaycana xarakterik hal deyil. Rusiya, Belarus, Türkiyə kimi ölkələrdə də tənqidi çıxışları ilə məşhurlaşmış şəxslər sonradan üzr istəməli olub. Samirə Ələkbərli deyir ki, buna avtoritar rejimlərdə tez-tez rast gəlinir. 

“Çünki bunun ən təməl məsələsi həm də legitimliyin bu cür istehsal olunmasıdır. Bu da avtoritar rejimlərin legitimlik əksikliyindən əziyyət çəkdiyini göstərir. Legitimlik qorxu yaradaraq istehsal olunur”, - o deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo