Sosial

Şəhidin anası: "Bir gün qapımızı döydülər, dedilər ki, oğlunuz tapılıb..."

20 Yanvar, 2021
2267

Toplum TV

“Döyüş vaxtı idi, bir gün zəng vuranda arxada güllə səsləri eşitdim. Dedim ki, Vüqar, deyəsən, atışma gedir. Dedi ki, yox, ay ana, mətbəxdə oturub yemək yeyirik, qaşıqların səsidir”.

İkinci Qarabağ savaşında şəhid olan Vüqar Əmrahovun anası Elnarə Əmrahova “Toplum TV”-yə belə deyir.

Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonu Xatınlı kəndində anadan olub.

Aprel döyüşlərinin də iştirakçısı olan Vüqar həmin vaxt ayağından yaralanıb.

Anasının dediyinə görə, oğlu 2020-ci il Tovuz hadisələri vaxtı kənd camaatı ilə birgə döyüş gedən yerlərə yardımlar aparırmış.

General Polad Həşimovun ölümündən sonra isə o, könüllü olaraq orduya yazılmaq qərarına gəlib.

Sentyabrın 8-də Vüqar orduya çağırılıb.

Ailəsi sonuncu dəfə Vüqarla oktyabrın 1-də əlaqə saxlaya bilib.

“Gecə saat 12-nin yarısı idi, zəng vurmuşdu. Son sözləri bunlar idi: özünüzü qoruyun, məndən nigaran qalmayın”, - Elnarə Əmrahova deyir.

O gündən bəri Vüqarla əlaqə saxlamaq mümkün olmayıb.

Elnarə Əmrahova danışır ki, oğlundan xəbər ala bilməyəndən sonra narahat qalıb.

Bundan sonra atası və əmiləri Vüqardan xəbər tutmaq üçün hərbi hissəyə yollanıblar: “ Oradan da dedilər ki, Vüqargilin dəstəsilə oktyabrın 3-dən bəri “ratsiya” əlaqəsi də kəsilib, 32 nəfər itkin düşüb. İtkin düşdükləri yer neytral ərazi olduğu üçün biz ora girə bilmirik. Ya atəşkəsi, ya da müharibənin bitməyini gözləmək lazımdır”.

Elnarə Əmrahova deyir ki, oğlunun itkin xəbərini eşidəndən bəri həmişə bir ümidlə yaşayıb: o qayıdacaq: “Vüqar rus dilini sərbət bilirdi. Atası ilə bir-birimizə ürək-dirək verirdik ki, bəlkə, onu əsir götürüblər, aralarında tərcüməçi kimi istifadə edirlər”.

Həmin vaxt onların kəndində müharibədə itkin düşən Rövşən adlı oğlan tapılıbmış.

Bu, ananı öz oğlunun da sağ-salamat qayıdacağına ümidləndirib: “Həmin oğlanın anası ilə danışanda dedim ki, sağ əlizini başıma çəkin, mənim də balam sağ-salamat qayıdıb gəlsin...”

Amma 86 gündən sonra ana ağlına gətirməyə belə ürək etmədiyi xəbəri eşidir: “Bir gün qapımızı döydülər, dedilər ki, oğlunuz tapılıb, Füzulidə morqdadır...”

Anasının dediyinə görə, dekabrın 24-də Vüqarın atası Füzuliyə oğlunun nəşini götürməyə gedir, meyiti açanda isə oğlunun başında bir, ürəyində 30-a yaxın güllə yarasının olduğunu görür...

Vüqar dekabrın 25-də doğulduğu kəndə gətirilir və Xatın kənd məzarlığında torpağa tapşırılır.

“Canım balam, kaş ki, hardansa çıxıb gələsən, ölümünü qəbullana bilmirəm”, - ana ağlayaraq sözlərini davam etdirə bilmir.

O, özünü toplayıb təkcə bunu deyə bilidi: “Bilirəm, nə desəm də, oğlum daha qayıdan deyil...”

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo