Sosial

Şəhidin bacısı: "8 ay qardaşımın yolunu gözlədik"

25 May, 2021
1962

Toplum.TV

“Sentyabrın ortaları idi. Evdəydik. Təbriz paltarlarını yığır, mən də yemək hazırlayırdım. Birdən dedi ki, içimə dolub, müharibə olacaq, anama demə, amma müharibə olsa, özüm qabaqda gedəcəyəm. Dedim ki, Təbriz, müharibə olacağına inanmıram, amma olsa da, getmə, axı bizim tək ümid yerimiz sənsən. Dedi ki, hamının oğlu, qardaşı əzizdir də. Sən getmə, mən getməyim, bəs bu vətəni kim qorusun?”

Bunları 8 ay sonra nəşi tapılan İkinci Qarabağ müharibəsində şəhid olmuş Təbriz İbrahimovun bacısı Aida İbrahimova “Toplum TV”-yə deyib.

“Müharibədən 1 gün öncə idi. Ətrafda şayiələr dolaşırdı ki, savaş təzədən başlayır. Təbrizə zəng vurmuşdum. Dedim, qardaş, müharibə başalayacaq deyirlər, qurban olum, özünü qoru. Dedi, yox, elə şey olsa, mən ancaq “Urra” deyib irəli qaçacağam”, - bacısı belə deyir.

T.İbrahimov Daşkəsən rayonundakı N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olub.

"Toplum.TV"

Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşına qatılan Təbriz bir gün sonra Murovdağda gedən döyüşlər zamanı Ağdağ postu yaxınlığında yaralanıb.

Döyüşlərin ikinci günü yaralanan hərbçidən ailəsi müharibənin sonunadək xəbər ala bilməyib.

Bacısının dediyinə görə, ailə Təbrizin tapılacağına ümidlərini itirsə də, Müdafiə Nazirliyi və Qırmızı Xaç Komitəsinə də tez-tez müraciət etməyi də unutmur.

Aidə İbrahimova deyir ki, qardaşının yolunu 8 ay gözləyiblər: “8 ay ərzində döymədiyimiz qapı qalmamışdı. Amma eşitdiyimiz tək bir cümlə vardı: gözləyin. Deyirdilər ki, Təbrizin yaralandığı yer neytral zonadır deyə girə bilmirik. Sonralar da əsas gətirdilər ki, qar yağıb, havalar soyuyub əraziyə girmək olmur”.

Təbriz itkin düşəndən sonra həyat öz axarı ilə davam edirmiş. Təkcə anası 2 ay yatağına girməyib. Qonaq otağında kresloda oturub oğlunu gözləyən ana deyirmiş: “Oğlum dərə dibində yaralıdır, soyuqda ac-susuz qalıb, mənə isti yataq, isti yemək haramdır".

APA

Bacısı deyir ki, anası yalnız bu halda təskinlik tapa bilirmiş. Aidə isə qardaşını tez-tez yuxuda görürmüş. 

Dediyinə görə, Təbriz onun yuxularına küskün gəlirmiş: “Gah deyirdi ki, bəsdir ora-bura vurnuxdun, axtarma məni. Birdən də deyirdi ki, daha niyə məni axtarmırsan?”

Aidə qardaşından xəbər ala bilmədiyi müddətdə ingilis dili öyrətdiyi tələbələriylə başını qatarmış, amma Təbrizi də heç vaxt unutmaz, tez-tez yada salar və ən çox bu misralarla xatırlayarmış:

Başına dolanım, ay dağım, ay dərəm,
Səndə itkin düşən əsgərim qalıb,
Dumanı üstünə çək, üşüməsin,
Özün qoynuna al, qoy üşüməsin,
Elə bas bağrına bük üşüməsin...

Aidə Murovdağda çox itki olduğunu bilsə də,  ümidini itirməyib.

Bacısı Təbrizli günlərini yada salıb kövrəlir. Deyir ki, ailədə 3 uşaq olublar: 2 qardaş, 1 bacı. Tərbiz isə ortancıl qardaşıdır.
 
Aidə İbrahimova sözlərinə görə, atası 2 il əvvəl ürəktutmasından vəfat edib: “Atam sağlığında həmişə Təbrizə deyirdi ki, mənim ömrümə az qalıb, ailə sənə əmanətdir. O da atamın qəbri üstündə deyirdi ki, ata, darıxma, mən də sənin arxanca gələcəyəm. Bizə deyirdi ki, cismim bu dünyadadır, ruhum yox. Nə bilim, görünür, atamı çox istəyib deyə bizi qoyub onun yanına getməyə tələsib”.

Nəhayət, 8 ay sonra – mayın 15-də Təbrizin nəşi tapılıb.

Bacısının sözlərinə görə, Təbrizin üstündən atasının şəkli, təsbehi və pul kisəsi tapılıb.

"Toplum.TV"

Ailə 5 gün DNT-nin cavabını gözləyib: “Mayın 19-u səhər saat 9-da icra nümayəndəsi evimizə gəldi. Dedi ki, DNT analizi ilə şəxsiyyəti təsdiq olunub. Oğlunuz şəhiddir. Bunu eşidəndə çox qarışıq hisslər yaşadım. Bilmədim, ağlayım, yoxsa sevinim? Ağlayırdım ki, qardaşım şəhiddir, daha həyatda yoxdur, bundan sonra da olmayacaq. Sevinirdim ona görə ki, o, əsir deyildi. Onun əsir olduğunu, düşmən əlində işgəncə gördüyünü təsəvvür edəndə dünyam qaralırdı”.

Şəhidin anası Təbrizin meyitinin bir gecə evdə saxlanılmasını xahiş edib: “Qardaşımın cansız bədəni evin ortasında qoyulmuşdu. Bütün gecə gözümüzü qırpmadan başı üstündə ağlamışdıq. Təbriz həmişə mənə deyirdi ki, sən güclüsən. Nə biləydim ki, məni bu ağır yükün altına girməyə hazırlayırmış...”

A.İbrahimovanın dediyinə görə, Müdafiə Nazirliyinin nümayəndələri ailəyə təsəlli üçün Təbrizin II Fəxri Xiyabanda dəfn edilməsini təklif ediblər.

Təbriz İbrahimov mayın 20-də II Fəxri xiyabanda torpağa tapşırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo