sosial media
Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib.
Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib.
“Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib.
Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Şimali Koreya Ukraynada müharibə başlayandan sonra Rusiya ilə hərbi əməkdaşlığını genişləndirib. Pxenyanın Moskvaya böyük həcmdə artilleriya sursatı və raket göndərdiyi, Cənubi Koreya kəşfiyyatının hesablamalarına görə isə Rusiyaya dəstək üçün cəbhəyə təxminən 15 min hərbçi yolladığı bildirilir.
İddialara görə, Rusiya bunun müqabilində Şimali Koreyaya maliyyə yardımı, hərbi texnologiyalar və təhlükəsizlik zəmanəti verir.
Mertsin səfərindən qısa müddət əvvəl Şimali Koreya Yapon dənizi istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb.
Almaniya kansleri iki Koreya arasındakı silahsızlaşdırılmış zonaya səfər etməyi planlaşdırır. Merts görüş zamanı Koreya yarımadasında yenidən birləşməyə ümid etdiyini də bildirib.
Almaniya iki ildir Koreya yarımadasındakı atəşkəsə nəzarət edən ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığının (UNC) üzvüdür. 2025-ci ildən bölgədə Almaniya Silahlı Qüvvələrinin əlaqələndirici zabiti fəaliyyət göstərir. Bu ildən etibarən Almaniyanı UNC-də əlavə olaraq bir kiçik zabit də təmsil edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb