pravda.com.ua
Ukraynada Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçilib.
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi onun 140 milyon qrivna (təxminən 3,1 milyon ABŞ dolları) məbləğində girov qarşılığında həbs olunmasına qərar verib.
Keçmiş administrasiya rəhbəri Kiyev yaxınlığındakı elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın (təxminən 10,4 milyon ABŞ dolları) leqallaşdırılması işi üzrə təqsirləndirilir. İş üzrə daha altı nəfər, o cümlədən keçmiş baş nazir müavini Aleksey Çernışev də ittiham olunur.
Məhkəmənin qərarına əsasən, girov ödəniləcəyi təqdirdə Yermak elektron qolbaq taxmalı, xarici və diplomatik pasportlarını təhvil verməli, həmçinin iş üzrə digər fiqurantlarla əlaqəni dayandırmalıdır. Ona Kiyev şəhərini tərk etmək də qadağan edilib.
Yermak isə belə məbləğdə vəsaiti olmadığını bildirib: “Mən buna hazır deyildim. Ümid edirəm ki, dostlarım və tanışlarım bu vəsaiti toplamaqda kömək edə biləcəklər”.
İstintaqın versiyasına görə, Çernışev 2020-ci ildə Kiyev vilayətinin Kozin qəsəbəsində spa kompleksi olan elit yaşayış şəhərciyinin tikintisinə başlayıb. Layihəyə gələcək qonşular və investorlar qismində Prezident Administrasiyasının rəhbərinin və biznesmenin də cəlb olunduğu bildirilir. Həmin biznesmenin axtarışda olan Timur Mindiç olduğu iddia edilir.
İstintaqın məlumatına görə, layihənin maliyyələşdirilməsi müxtəlif mənbələr hesabına həyata keçirilib. Bunlara tikinti kooperativinin pay fondu vasitəsilə köçürülən və saxta şirkətlərlə əlaqələndirilən vəsaitlər, korrupsiya yolu ilə əldə edilmiş pulların yuyulmasında istifadə olunduğu deyilən şirkətlər şəbəkəsindən daxil olan nağd vəsaitlər, eləcə də mənşəyi müəyyən edilməyən maliyyə vəsaitləri daxildir.
Yermakın vəkili İqor Fomin ittihamları əsassız adlandırıb. O bildirib ki, müdafiə etdiyi şəxsə qarşı cinayət işi açılması üçün hüquqi əsas yoxdur və mediaya məqsədli şəkildə məlumat sızdırılır.
2020-ci ildən Ukrayna Prezident Administrasiyasının rəhbəri olan Yermak 2025-ci ilin noyabrında “Enerqoatom” ətrafında yaranan korrupsiya qalmaqalından sonra istefa verib. O, “Ukrainska Pravda”ya açıqlamasında bildirib ki, istintaq hərəkətləri başa çatdıqdan sonra məsələ ilə bağlı daha geniş danışacaq. Yermak həmçinin qeyd edib ki, onun “yalnız bir mənzili və bir avtomobili” var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”