şəxsi arxivi
Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvi barədə prokurorluğun vəsatətini təmin edib.
“Index” və “Telex” nəşrlərinin məlumatına görə, parlament keçmiş baş nazir Viktor Orbanın hökumətində nazir olmuş iki deputatın da toxunulmazlığını ləğv edib.
Madyarla bağlı istintaq 2024-cü il iyunun 21-də gecə klubunda baş vermiş hadisə ilə əlaqədardır. İstintaq onun özünü videoya çəkən kişinin telefonunu əlindən alaraq Dunay çayına atdığını iddia edir.
Macarıstan prokurorluğu 2024-cü ilin sentyabrında həmin vaxt Avropa Parlamentinin deputatı olan Madyarın toxunulmazlığının ləğvi üçün müraciət etsə də, rədd cavabı alıb.
2026-cı ilin mayında onun rəhbərlik etdiyi “Tisa” partiyasının parlament seçkilərində qələbəsindən və Madyarın deputat mandatı qazanmasından sonra istintaq bərpa olunub. Sentyabrın 22-də baş prokuror vəzifəsini icra edən İştvan Laytar parlamentə yeni vəsatət təqdim edib.
Məlumata görə, Madyar parlamentdə konstitusion çoxluğa malik “Tisa” fraksiyasının üzvlərini öz toxunulmazlığının ləğvinə səs verməyə çağırıb. “Bizim Vətən” fraksiyasının deputatları da vəsatəti dəstəkləyiblər.
Orbanın “Fides” partiyasının və Xristian-Demokrat Xalq Partiyasının deputatları isə keçmiş nazirlər Mikloş Şestak və Balaj Hankonun toxunulmazlığının ləğvinə etiraz olaraq iclasa qatılmayıblar.
Şestak 2014-2018-ci illərdə milli inkişaf naziri, Hanko isə 2024-2026-cı illərdə mədəniyyət və innovasiyalar naziri olub.
Şestak rüşvət almaqda və digər cinayətlərdə, Hanko isə qrant vəsaitlərindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinir. Sentyabrın 28-də hüquq-mühafizə orqanları parlamentin qərarını gözləmədən Şestakı saxlayıblar.
“Qanun qarşısında hamı bərabərdir, istər zavod fəhləsi, istər parlament deputatı, istərsə də baş nazir olsun. Bu gün Viktor Orbanın ətrafından korrupsiyaya bulaşmış nazirlər bu dərsi aldılar. Gizlədəcək heç nəyi olmayanın ədalət mühakiməsindən qorxmasına da səbəb yoxdur”, - Madyar qərarı şərh edərkən bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
euperspectives.eu
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”