Dünya

Pezeşkian Trampın Roma Papasına tənqidlərini qınayıb

14 Aprel, 2026
124

Foto kollaj: Toplum Tv

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın Roma Papası XIV Leoya qarşı tənqidlərini, habelə sosial mediada özünü İsa Məsihə oxşadan şəkil paylaşmasını qınayıb. 

"İranın böyük xalqı adından Zati-alinizə qarşı edilən təhqiri qınayıram və sülh və qardaşlıq peyğəmbəri olan İsanın təhqir edilməsinin heç bir azad insan üçün qəbulolunmaz olduğunu bəyan edirəm", - Pezeşkian "X" səhifəsində Papa Leoya xitabən yazıb.

ABŞ prezidenti və Roma Papası arasında qalmaqal aprelin 11-də dua mərasimində Papa Leonun Tramp administrasiyasının İrana qarşı hərbi hücumlarını qınaması ilə başlayıb. O deyib ki, "hər şeyə qadir olmaq barədə illüziya" münaqişəni qızışdırır. 

Papa bundan əvvəl də Trampın İran barədə "bütöv bir sivilizasiya öləcək" deyə hədəsini "tamamilə qəbulolunmaz" adlandırmışdı.

Tramp aprelin 13-də "Truth Social" platformasında papanı tənqid edən uzun yazı paylaşıb. 

“Papa Leo cinayətlə mübarizə mövzusunda zəifdir və xarici siyasətdə də çox pisdir... Mən İranın nüvə silahına sahib olmasına yaxşı baxan bir papa istəmirəm. Mən ABŞ-nin Venesuelaya hücumunu pisləyən bir papa da istəmirəm, çünki o ölkə ABŞ-yə böyük miqdarda narkotik maddə göndərir və daha da pisi -  həbsxanalarını boşaldaraq qatilləri, narkotik tacirlərini və cinayətkarları ölkəmizə göndərir. Mən ABŞ prezidentini tənqid edən bir papa da istəmirəm, çünki mən xalq tərəfindən böyük səs çoxluğu ilə seçilmişəm, cinayət faizlərini rekord dərəcədə aşağı salıram və tarixdəki ən böyük birja göstəricilərini yaradıram", - o qeyd edib. 

Tramp iddia edib ki, o prezident olmasaydı, Leo da papa olmayacaqdı. 

"Leo buna görə minnətdar olmalıdır, çünki hamı bilir ki, o, gözlənilməz şəkildə papa seçildi. O, siyahıda belə yox idi və yalnız amerikalı olduğu üçün, Tramp administrasiyası ilə münasibətləri idarə etmək xətrinə seçildi", - o əlavə edib. 

ABŞ prezidenti, həmçinin, aprelin 12-də özünü İsa peyğəmbərə oxşadan, süni intellektlə hazırlanmış foto paylaşıb. O, çoxsaylı tənqidlərdən sonra fotonu silsə də, özünü İsa peyğəmbər kimi təqdim etdiyini təkzib edib. 

"Fotoda mən insanları sağaldan həkim kimi təsvir olunuram. Çünki mən özüm insanların vəziyyətini yaxşılaşdırıram. Yalnız saxta xəbər mediası belə bir iddia yaya bilərdi", - o, Ağ Evdə jurnalistin sualına cavab olaraq deyib. 

Tarixdə ilk amerikalı Roma Papası olan Leo isə Trampa cavab olaraq bildirib ki, onun "sülh və barışıq çağırışları İncilə əsaslanır" və o, Tramp administrasiyasından "qorxmur.”

“Mən müharibəyə qarşı qətiyyətlə çıxış etməyə davam edəcəyəm, sülhü təşviq etməyə, problemlərin həlli üçün dövlətlər arasında dialoqu və çoxtərəfliliyi inkişaf etdirməyə çalışacağam", - o, təyyarədə AP müxbirinin sualına cavabında deyib. 

Afrikada 11 günlük səfərə çıxan Papa Leo daha əvvəl ABŞ və İsrailin İrana hücumlarına işarə edərək demişdi ki, "Tanrı müharibə aparanların dualarını eşitmir, əksinə onları rədd edir.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo