Dünya

Tramp, həqiqətən, İranla danışıq aparır, yoxsa qurudan müharibəyə hazırlaşır? 

30 Mart, 2026
155

Foto: Getty Images

Bir aydır İrana qarşı hücumlar həyata keçirən ABŞ-nin prezidenti Donald Tramp eyni zamanda İranla danışıqlar apardığını iddia edir. 

O, ən son martın 29-da jurnalistlərə deyib ki, İranla “danışıqlar çox yaxşı, həm birbaşa, həm vasitəçilərlə gedir”. O, yaxın vaxtlarda saziş bağlanacağından ümidli olduğunu bildirib. 

İran rəsmiləri isə dəfələrlə ABŞ ilə danışıqların getdiyini təkzib ediblər və atəşkəs belə istəmədiklərini bildiriblər. İran Silahlı Qüvvələri Mərkəzi Komandanlığının sözçüsü martın 25-də dövlət mediasına deyib ki, Tramp, “yəqin ki, özü özü ilə danışıqlar aparır”.

Eyni gündə “Al Jazeera” adını açıqlamadığı iranlı diplomata istinadən İranın Pakistan vasitəsilə ABŞ-dən 15 maddədən ibarət sülh planını qəbul etdiyini xəbər verib. Lakin mənbə ABŞ-nin tələblərinin İran üçün “son dərəcə ağlasığımaz” olduğunu əlavə edib. 

İsrailin “Channel 12” telekanalının açıqladığına görə, tələblər arasında İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair söz verməsi, raket sistemlərinin məhdudlaşdırılması, “Hizbullah”, HƏMAS və husilər kimi proksi qüvvələrə dəstəyini dayandırması və Hörmüz boğazının yenidən açılması var. Bunların qarşılığında ABŞ İran üzərindən bütün sanksiyaların götürülməsinə və İranın Buşehr mülki nüvə stansiyasında elektrik enerjisi istehsalına dəstək olmağa təminat verir. 

Tramp martın 29-da İranın 15 maddəlik paketin böyük hissəsinə razılaşdığını iddia edib, hələ əlavə tələblərinin də olacağını bildirib. 

İran əvvəllər də nüvə silahı əldə etməyə çalışdığı ilə bağlı iddiaları rədd edib və belə bir niyyəti olmadığını bəyan edib. Lakin İran ABŞ-nin tələblərinə razılaşsa belə, münaqişəni bitirmək üçün onun öz tələbləri də var. 

İran prezidenti Məsud Pezeşkian hələ martın 11-də “X” səhifəsində bildirib ki, münaqişəyə son qoymağın yeganə yolu ABŞ və İsrailin “İranın qanuni hüquqlarını tanıması, təzminat ödəməsi və gələcəkdə İrana qarşı təcavüzün olmayacağına dair möhkəm beynəlxalq zəmanətlər verməsidir”. 

Bundan əlavə, İranın dövlət telekanalı “Press TV” bu yaxınlarda bir İran rəsmisinə istinadən bildirib ki, Tehran bölgədəki bütün ABŞ hərbi bazalarının bağlanmasını və Hörmüz boğazından neft-qaz tranzitinə nəzarət etmək üçün yeni hüquqi mexanizmin yaradılmasını istəyir. İranın boğazdan keçən tankerlərə görə rüsum toplamaq istədiyi deyilir. 

Trampın danışıqların getdiyini iddia etdiyi vaxtda ABŞ Fars körfəzinə ordu yeritməyə davam edir. Martın 28-də ABŞ Mərkəzi Komandanlığı bölgəyə təxminən 3500 dəniz piyadasının gəldiyini xəbər verib. “The Washington Post” qəzeti bir amerikalı rəsmiyə istinadən Pentaqonun İranda həyata keçirmək üçün “məhdud yerüstü əməliyyat planı” hazırladığını yazıb. 

“The New York Times” isə martın 29-da bir neçə yüz xüsusi təyinatlı qüvvənin regiona çatdığını xəbər verib. Onlar artıq regionda olan 50 min ABŞ hərbçisinə qoşulublar. 

Eyni gündə Tramp İrana məxsus Xarq adasını ələ keçirə biləcəklərini, lakin yekun qərar vermədiyini deyib. 

ABŞ dövlət katibi Marko Rubio martın 27-də Vaşinqtonun quru qoşunlarından istifadə etmədən məqsədinə çata biləcəyini deyib. Lakin Tramp hələ martın 2-də bu yola əl atacağını istisna etmədiyini demişdi. 

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə martın 29-da ölkəsinin ABŞ qoşunlarını gözlədiyini bildirib. 

“Düşmən ictimai şəkildə danışıq mesajları göndərərkən gizli şəkildə qurudan işğal planlaşdırır. Onlar əsgərlərimizin Amerika qoşunlarının quruya girməsini gözlədiyindən, onları viran qoymağa və regional müttəfiqlərini birdəfəlik cəzalandırmağa hazır olduqlarından xəbərsizdirlər”, - o qeyd edib. 

Qalibaf daha öncə bəyanatında Trampın danışıqların getdiyini deməklə müharibə üçün vaxt qazanmaqdan əlavə həm də qlobal bazarlara təsir edərək enerji qiymətlərini aşağı düşürməyə çalışdığını demişdi. 

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. İran isə qarşılığında İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 

İranın Qırmızı Aypara Cəmiyyəti hücumlar nəticəsində İranda 1900-dən çox mülki şəxsin öldüyünü, 20 mindən çoxunun isə yaralandığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo