Dünya

Ukrayna-Macarıstan münasibətləri yenidən gərginləşir

6 Mart, 2026
200

Foto: AFP

Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşməyə davam edir. 

Ukrayna prezidenti Volodimir Zelenski martın 5-də jurnalistlərlə söhbətində Macarıstana eyham vuraraq deyib ki, Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 90 milyard avroluq krediti bu ölkənin bloklamayacağına ümid edir. 

"Ümid edirik ki, Avropa İttifaqındakı bir nəfər 90 milyardı bloklamağa davam etməyəcək və Ukrayna əsgərləri silahlarla təmin olunacaqlar. Əks halda, biz o şəxsin ünvanını öz silahlı qüvvələrimizə verəcəyik. Gedib onunla danışsınlar, öz dillərində başa salsınlar", - o deyib.

Macarıstan baş naziri Viktor Orban həmin gün Budapeştdə çıxışında Zelenskinin açıqlamasını "hədə-qorxu" adlandırıb, lakin geri çəkilməyəcəyini deyib. O, Macarıstan müxalifətini də Zelenski ilə həmrəy olmaqda ittiham edib. 

"Zelenskinin Macarıstanı təhdid etdiyi bir zamanda Macarıstan müxalifəti Kiyev və Brüsselin tərəfindədir. Onların planı Macarıstanda Ukraynayönümlü hökuməti hakimiyyətə gətirməkdir ki, Macarıstanın pulunu Ukraynaya göndərsinlər və bizi ucuz enerjidən məhrum etsinlər. Biz isə öz millətimizin maraqlarını qoruyacağıq. Buna arxayın ola bilərsiniz", - o deyib.

Macarıstan Ukraynanı bu ölkənin ərazisindən keçən "Dostluq" boru kəmərini zədələməklə Macarıstana Rusiya neftinin nəqlini qəsdən dayandırmaqda ittiham edir. 

Kiyev isə bildirir ki, boru kəməri yanvarda Rusiyanın dron hücumu nəticəsində zədələnib və kəməri mümkün qədər tez bərpa etməyə çalışırlar. Zelenski martın 5-də deyib ki, boru kəməri təxminən bir ay yarım ərzində işlək vəziyyətə gələ bilər. 

Lakin Ukrayna prezidenti ironiya ilə onu da deyib ki, Rusiya tərəfindən "ölümcül hücumlarla üzləşdiyimiz bir vaxtda biz yazıq balaca Orbana neft verməliyik ki, əks halda o, seçkiləri uduzacaq?" 

Macarıstanda aprelin 12-də parlament seçkiləri keçiriləcək. Orbanın rəhbərlik etdiyi partiya seçki təbliğatında Ukrayna müharibəsinə istinad edən plakatlardan istifadə edir, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə ölkənin gəlirlərini Ukraynaya verəcəyini iddia edir. 

Orban daha öncə Ukraynadan hücum təhlükəsi olduğunu iddia edərək ölkəsinin əsas enerji infrastrukturu obyektlərində əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə göstəriş verib.

Digər Avropa ölkələri liderlərindən fərqli olaraq, Ukraynaya qarşı müharibə aparan Rusiya ilə yaxın münasibətlər saxlayan Orban iddia edir ki, Ukrayna hökuməti Macarıstana təzyiq göstərmək üçün “neft blokadası”ndan istifadə edir. 

2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından bəri əksər Avropa ölkələri Rusiyadan enerji idxalını ciddi şəkildə azaldıb və ya tamamilə dayandırıb. Lakin Macarıstan və Slovakiya Rusiya nefti və qazının idxalını nəinki saxlayıb, hətta artırıb. 

Macarıstan Avropa İttifaqı (Aİ) tərəfindən Kiyevə ayrılmış 90 milyard avroluq krediti bloklayır və Rusiyaya qarşı yeni Aİ sanksiyalarını veto edir. Orban ölkəsinə neft tədarükləri bərpa olunana qədər Ukrayna üçün yardım məqsədilə ediləcək digər Aİ tədbirlərini bloklamağa söz verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo