Foto: açıq mənbə
“Epşteyn faylları”ndan məlum olur ki, bədnam şöhrətə malik bu maliyyəçi və pedofillikdə ittiham olunan, Putin rejimi ilə sıx əlaqələrə malik imiş. Fayllarda Putinin adı 1056 dəfə, Rusiyanın adı 9629 dəfə çəkilir.
Fayllara görə, Cefri Epşteyni qadınla təmin edən kanallardan biri məhz Rusiya olub. Qadınlar Krasnodarda fəaliyyət göstərən “Shtorm” adlı model agentliyi vasitəsilə Epşteynə göndərilirmiş. Bu agentliyin Rusiya dövləti ilə bağlılığını sübut edən fakt budur ki, 2014‐cü ilin fevralında Soçi Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimində iştiraka cəlb olunmuş qurumlardan biri olub. Sirr deyil ki, istər ölkə daxilində yüksək səviyyəli müştərilərə, xüsusən xarici qonaqlara (dövlət adamı, siyasətçi, iş adamı və s.) xidmət göstərən, istərsə də xaricdən sifarişlər qəbul edən model agentlikləri (əslində eskort xidmətləri) kəşfiyyatın nəzarəti altında fəaliyyət göstərir. Ümumiyyətlə bu xidmət qədimdən bəri kəşfiyyatlar üçün ən yaxşı informasiya mənbələrindən biri olub.
Açıqlanan yazışmalara əsasən Nyu-Yorkda yerli biznes elitasına qulluq göstərən rusiyalı modellərdən biri (Gözəl Qəniyeva adlı) sonradan həmin iş adamlarını şantaj etməyə başlayıb. Epşteyn kömək üçün Rusiya hökumətindəki yüksək vəzifəli dostuna ‐ iqtisadi inkişaf nazirinin müavini Sergey Belyakova müraciət edib. Rusiya Federal Təhükəsizlik Xidməti (FSB) Akademiyasının məzunu olan Belyakov xüsusi xidmət tərəfindən dövlət orqanlarına yerləşdirilmiş kadrlardan biridir. (Bütün dövlət strukturlarının rəhbərliyində xüsusi xidmət orqanlarının adamları olur).
Sergey Belyakov və Cefri Epşteynin əməkdaşlığı azı 2014‐cü ildən başlayıb. Epşteyn Belyakov vasitəsilə Rusiya rəhbərliyinə böyük ideyalar təklif edib. O, hesab edirmiş ki, Rusiyanın nəhəng ideyaları həyata keçirmək istiqamətində unikal imkanları və bacarıqları var. Məsələn, Epşteyn Dünya Bankından daha effektiv yeni beynəlxalq kommersiya bankı yaratmaq, 500 milyard dollar həcmində kreditlər verilməsini təşkil etmək, bitkoinə alternativ olaraq BRİC bitkoini dövriyyəyə buraxmaq, neftə bağlı yeni valyuta yaratmaq, yaxud rublu dolları əvəzləyəcək rezerv valyutaya çevirmək kimi ideyalar irəli sürür.
S.Belyakov bir müddət sonra Sankt‐Peterburq Beynəlxalq İqtisadi Forumunu təşkil edən Fondun rəhbəri təyin edilib, başqa sözlə desək, FSB tərəfindən o işə göndərilib. Epşteyn Foruma Qərb iş adamlarının cəlb olunmasında Belyakova kömək edib, çünki artıq Krımın işğalı baş vermişdi və Rusiyaya qarşı ilk sanksiyalar tətbiq edilmişdi. Epşteyn onu “Microsoft”un keçmiş texniki direktoru Natan Mirvold və “LinkedIn”in həmtəsisçisi Rid Hoffman ilə tanış edə biləcəyini deyir. Bundan başqa, o, Belyakovu milyarder Tom Pritsker və İsrailin sabiq baş naziri Ehud Barakla tanış edir.
Epşteyn‐Rusiya əlaqələrinin başqa bir sübutu budur ki, onun Mariya Drokova adlı PR meneceri və Svetlana Pojidayeva adlı köməkçisi olub. Mariya Drokova çox maraqlı personadır. Fayllarda onun adı 1639 yerdə hallanır. M.Drokova vaxtilə Rusiya Prezident Administrasiyası tərəfindən yaradılmış “Naşi” gənclər hərəkatının federal komissarı və sözçüsü, prezidentin köməkçisi Surkovin gənclərdən ibarət ideolji qrupunun iştirakçısı olub. O, 2009‐cu ildə Seliger Ümumrusiya Gənclik Təhsil Forumu zamanı Putini öpdükdən sonra ölkə miqyasında, hətta dünyada tanınıb (Bu barədə “Putinin öpüşü” adlı sənədli film var).
Mariya Drokova I dərəcəli “Vətənə xidmətlərə görə” medalı ilə təltif olunub. Bir qədər sonra guya Drokovanın baxışları dəyişib və o, “Naşi” təşkilatını tərk edərək ABŞ‐yə gedib (Rusiya kəşfiyyatı tərəfindən ABŞ‐yə göndərildiyini demək daha doğru olar). Drokova Kaliforniyada rusiyalı və sinqapurlu iş adamı Sergey Belousovun maliyyəsi ilə öz vençur fondunu yaradıb (ABŞ kəşfiyyatı Belousovun Rusiya xüsusi xidmətləri ilə əlaqədə olmasından şübhələnir).
Drokova nəməlum tarixdə Epşteynin yanında işə düzəlib. Svetlana Pojidayeva isə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirsə də, gözəllik müsabiqələrində özünü göstərib, yarışmada finala çıxıb və sonra bir model agentliyinin xətti ilə Avropaya gedib (Güman ki, o da kəşfiyyat tərəfindən göndərilib). Pojidayevanın nə vaxt Epşteynlə tanış olduğu və əməkdaşlığa başladığı məlum deyil. O, ilk dəfə 2010‐cu ilin dekabrında Epşteynin malikanəsindən çıxarkən görüntülənib.
Epşteynlə yaxın əlaqələrə malik vacib simalardan biri də amerikalı milyarder Piter Til olub. Məşhur “PayPal” ödəniş sisteminin yaradıcılarından olan P.Til respublikaçıların sponsorlarından biridir. O, hazırkı vitse‐prezident və növbəti seçkilərdə respublikaçıların namizədi olacağı gözlənilən Cey Di Vansə çox yaxındır və onu maliyyələşdirir. P.Till 2016‐cı il prezident seçkilərindən əvvəl Epşteynlə birlikdə Rusiyanın BMT‐dəki o vaxtkı səfiri Vitali Çurkin ilə görüşüb. Bu görüşdən bir ay sonra demokratların prezidentliyə namizədi Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın gizli yazışmaları “WikiLeaks” portalı tərəfindən dərc olunub və böyük qalmaqal başlayıb. 2015‐ci ildə Epşteynin P.Til və S.Belyakovun tanışlığını təşkil etdiyi haqda da məlumat var.
Avropa siyasi elitasında Epşteyn və Rusiya rejimi ilə çox yaxın əlaqələrə malik olan şəxs isə Avropa Şurasının baş katibi, Norveçin baş naziri kimi yüksək vəzifələrdə çalışmış Tyorbyorn Yaqland olub. Avtoritarizmin hökm sürdüyü AŞ ölkələrində (Azərbaycan başda olmaqla) repressiyalara məruz qalan müxalifətçilər, jurnalistlər, vətəndaş cəmiyyəti fəallarının imdad gözlədiyi şəxs, sən demə, bütün bu reimlərin himayəçisi olan Putin diktaturasına xidmət edərək böyük ehtimalla bu əməkdaşlıqdan maddi qazanc da əldə edirmiş.
Epşteyn qalmaqalı super güc ABŞ dövlətinin zəifliklərini, onun siyasi və biznes elitalarının nə dərəcədə korrupsiyalaşdığını, çürüdüyünü və əxlaqi çöküş yaşadığını ortaya qoyur. Rusiyanın, İsrailin və digər dövlətlərin əlində bu elitaların özəl həyatındakı iyrəncliklərə dair çoxsaylı materialların, o cümlədən videoların olduğu şübhə doğurmur. Əsas sual budur ki, həmin dövlətlər, xüsusən Rusiya əlindəki kompromatlardan istifadə edərək ötən müddətdə ABŞ‐də qərarların qəbuluna nə dərəcədə təsir edə bilib və Ruisyanın əlində prezident Tramp haqqında videolar, digər şantaj materialları varmı?..
Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”