Foto/kollaj: Toplum TV
Dünya şöhrətli filosof Slavoy Jijek Azərbaycanda həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun azadlığa buraxılması üçün müraciət edib.
Lyublyana Universitetinin professoru olan Jijekdən başqa müraciəti Fransanın Sciences Po Universitetinin tədqiqatçısı Altay Göyüşov, Trento Universitetinin professoru Alessandro Russo və OVD-İnfo insan hüquqları təşkilatının həmtəsisçisi Danil Beylinson imzalayıb.
"Bəhruzu Azad Edin" Kampaniyasının yayımladığı müraciətdə onlar Azərbaycan prezidenti İlham Əliyevdən sülh fəalını azadlığa buraxmağı xahiş ediblər.
Müraciətçilər B.Səmədovun müharibə əleyhinə mövqeyinə görə həbs olunduğunu bildiriblər. "Sülhpərvər fəallara qarşı bu cür rəftarın Azərbaycan kimi Avropa İttifaqı və ABŞ ilə dərin ticarət və mədəni əlaqələri olan müasir bir ölkədə yeri yoxdur", - onlar qeyd edib.
Ardınca B.Səmədovun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi qərarı, bunun onun yeganə ailə üzvü olan ahıl nənəsinə çətinlik yaratdığı, fəalın özünün təcridxanada iki dəfə intihara cəhd etdiyi xatırladılıb.
"Azərbaycan və Ermənistan arasında son dövrlərdə aparılan sülh danışıqlarına baxmayaraq, Bahruzun cəzası nəinki ləğv edilməyib, hətta apellyasiya instansiyasında da tam şəkildə qüvvədə saxlanılıb. Bildiyimizə görə, ona qarşı irəli sürülən ittiham yalnız erməni sülhpərvər fəallar və tələbələrlə əlaqələrdən ibarətdir. Sizi sülh və mərhəmət yolunda irəliləməyə çağırırıq. Bu səbəbdən Bahruzun cəzasına yenidən baxmağı və onun dinc şəkildə yaşamasına imkan yaratmağı xahiş edirik", - akademiklər Əliyevə xitabən qeyd ediblər.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”