Məhkəmə

AXCP fəalı: "Məhz Əli Kərimlinin mühafizəçisi olduğuma görə şərlənib həbs edilmişəm"

7 Fevral, 2026
353

Foto/kollaj: Toplum TV

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Novruz Tağıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq" qəzetinin xəbərinə görə, hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə N.Tağıyev, zərərçəkmiş qismində tanınan Nicat Abbasov və şahidlər dindirilib. 

N.Tağıyev ifadəsində özünü heç bir şəkildə təqsirli bilmədiyini və siyasi fəaliyyətinə, məhz Əli Kərimlinin mühafizəçisi olduğuna görə şərlənib həbs edildiyini bildirib. 

O deyib ki, həbs olunduğu gün mülki geyimli polislər onu maşında günorta saat 1 radələrindən axşam saat 8-ə kimi şəhərin müxtəlif yerlərində gəzdirərək "yuxarı"dan zəng gözləyiblər. 

"Əvvəl gələn zəngdən sonra şəhərin hansı ərazisində düşmək istədiyimi soruşub, azad edəcəklərini bildirdilər. Amma daha bir zəngdən sonra plan dəyişdi və aparıb polis idarəsinə təhvil verdilər", - o xatırlayıb.

N.Abbasov ifadəsində bildirib ki, makler işləyən N.Tağıyevə ev almaq üçün  70 min manat pul verib. Müdafiə tərəfinin sualından sonra aydın olub ki, o, verdiyini iddia etdiyi pulu notarial qaydada rəsmiləşdirməyib. Bu isə zalda gülüşlərə səbəb olub. Hakim N.Abbasovdan 70 min manatı niyə sənədləşdirmədən N.Tağıyevə verdiyini soruşub. O isə sadəcə olaraq N.Tağıyevə etibar etdiyini deyib. 

Digər şahidlərin ifadəsində də N.Tağıyevin təqsirli olduğu barədə heç bir fikir səsləndirilməyib.

Növbəti məhkəmə prosesi fevralın 27-ə təyin olunub. 

N.Tağıyev ötən il mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrda isə o, əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) ilə təqsirləndirilib.

N.Abbasov ibtidai istintaqda ifadəsində N.Tağıyevin onun 70 min manat pulunu mənimsədiyini iddia edib. 

AXCP fəalı isə daha öncə vəkili vasitəsilə ictimaiyyətə bildirib ki, N.Abbasov ona ev almaq üçün sözügedən məbləği verməyə çalışsa da, o, pulu götürməyib. 

Əli Kərimli həmin vaxt mühafizəçisinə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırmışdı. “İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, maklerə, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir?”, - o, sosial media hesabında yazmışdı. 

Hazırda AXCP-nin Ə.Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo