Məhkəmə

İmran Əliyev: “İki ildən çoxdur ki, ailə üzvlərimin bank əməliyyatlarına məhdudiyyət qoyulub”

9 İyul, 2026
167

Sosial media

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meclisinfo işi"  üzrə növbəti iclas keçirilib.

"Abzas Media"nın xəbərinə görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən "Meclis.info" saytının rəhbəri İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

İlasda əvvəlcə məhkəmə heyətində dəyişiklik olduğu elan edilib. Bildirilib ki, hakim Elnur Nuriyev Zaur Hacızadə ilə əvəzlənib. Roman Ələkbərli məhkəmə heyəti yenidən formalaşdırıldığı üçün cinayət işi üzrə məhkəmə istintaqının da yenilənməli olduğunu deyib.

Müdafiə tərəfi işə yenidən baxılmasına etiraz etməyib. Bundan sonra bu vaxtadək keçirilmiş prosessual hərəkətlər elan olunub. Müdafiə tərəfi həmin hərəkətlərin baxılmış hesab edilməsini məhkəmə heyətindən xahiş edib. Təqsirləndirilən şəxslər də əvvəlki ifadələrini təsdiqləyiblər.

Sənədlərin tədqiqi mərhələsinə keçməzdən əvvəl hakim müdafiə tərəfinə vəsatətlərini təqdim etməyi təklif edib.

İmran Əliyevin vəkili Rəsul Cəfərov bildirib ki, müdafiə etdiyi şəxsin evində aparılan axtarış zamanı iki hal şahidi iştirak edib və onların adları protokolda göstərilib. Vəkilin sözlərinə görə, İmran Əliyev məhkəmə araşdırması zamanı həmin protokoldakı məlumatları, o cümlədən evindən 7700 ABŞ dolları tapılması barədə qeydi təkzib edib.

“Ona görə də hesab edirik ki, həmin protokolu tərtib etmiş və məlum axtarış-istintaq hərəkətində iştirak etmiş 3 polis əməkdaşı və protokolun özünü tərtib etmiş Quluzadə Rauf Fuad oğlu əlavə şahid qismində prosesə cəlb edilməlidirlər. Eyni zamanda, axtarış-istintaq hərəkətində iştirak etən hal şahidlərinin də prosesə şahid qismində cəlb edilməsini istəyirik. Biz hesab edirik ki, həmin protokolda ziddiyət doğuran və məhkəmənin gedişatında təkzib edilən hallar var və adı çəkilən hər bir şəxs dindirilməlidir”, - vəkil bildirib.

Rəsul Cəfərov daha bir vəsatətində vergi borcunun hesablanması ilə bağlı rəy vermiş mütəxəssisin də məhkəməyə çağırılmasını istəyib. O qeyd edib ki, əvvəlki iclaslarda Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Qiyas Məmmədov mülki iddiaçı qismində ifadə versə də, müdafiə tərəfinin suallarına cavab verə bilməyib.

“Həmin şəxsə nə sual verdiksə, hamısına “bilmirəm, məlumatım yoxdur və sadəcə olaraq Vergi orqanının nümayəndəsiyəm” dedi. Nümayəndə niyə məhz bu qədər vergi borcunun təyin edildiyini, buna nəyə əsasən qərar verildiyini, hansı metodologiyaya əsaslandığını izah edə bilmədi. Bildirdi ki, bunu təmsil etdiyi qurum etməyib və bunun üçün xüsusi mütəxəssis dəvət olunub. Həmin mütəxəssis Nəsimi Hüseynov 2 dekabr 2024-cü il tarixində bununla bağlı rəy hazırlayıb. Biz hesab edirik ki, Nəsimi Hüseynov burada dindirilməlidir. Çünki onun rəyi əsasında həm yekun ekspertiza rəyi verilir, eyni zamanda Vergi orqanı mülki iddiaçı kimi tanınır. Hesab edirik ki, o hesablamaların dəqiqləşdirilməsi, hansı meyarların əsas götürüldüyünü öyrənmək üçün Nəsimi Hüseynov dindirilməlidir. Çünki Vergi Xidmətinin nümayəndəsi verilən heç bir sualları cavablandıra bilmir”, - Rəsul Cəfərov deyib.

Məhkəmə heyəti yerində müşavirədən sonra axtarış-istintaq hərəkətlərində iştirak etmiş hal şahidləri və polis əməkdaşlarının prosesə çağırılması barədə vəsatəti təmin edib.

Vergi borcunun müəyyənləşdirilməsi ilə bağlı rəy hazırlamış mütəxəssis Nəsimi Hüseynovun dindirilməsi barədə vəsatət isə sənədlərin tədqiqi mərhələsindən sonraya qədər baxılmamış saxlanılıb.

Prosesdə İmran Əliyev də vəsatət verib. O bildirib ki, iki ildən çoxdur ailə üzvlərinin bank əməliyyatlarına məhdudiyyət qoyulub və bu səbəbdən valideynləri, bacıları öz bank hesablarından istifadə edə bilmirlər. İmran Əliyev ailə üzvlərinin bank hesabları və əməliyyatları üzərindəki məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib.

Hakim Roman Ələkbərli bildirib ki, məsələ araşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək.

Növbəti proses iyulun 28-nə təyin edilib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində ötən ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo