“Azərbaycan İsrail-Fələstin münaqişəsində hansısa tərəfi dəstəkləməməlidir”
Sosial media
Fələstinlə İsrail arasında illərdir gərgin olaraq qalan münasibətlər mayın 11-dən növbəti dəfə kəskinləşib.
Fələstin ərazilərinə nəzarət edən HƏMAS qrupu Qüdsün Əl-Əqsa məscidini İsrailin təcavüz və terrorizmindən qorumaq üçün səy göstərdiyini bildirib və sözügedən məscidin mühasirədən çıxarılması tələb edib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 27-i uşaq olmaqla,103 fələstinli öldürülüb, ən az 530 nəfər yaralanıb. İsrail tərəfi hərbi əməliyyatlar başlayandan bəri yeddi nəfərin öldüyünü açıqlayıb.
“Toplum TV” iki ölkə arasında baş verənlərlə bağlı siyasi şərhçi Zaur Əkbərlə danışıb.
- İsraillə Fələstin arasında illərdir münaqişə davam edir. Hazırkı qarşıdurmanın əsas səbəbi nə oldu?
- Yaxın Şərq hər zaman barıt çəlləyi olub və qeyd etdiyiniz kimi, bu iki ölkə arasında uzun zamandır qarşıdurmalar səngimir. İndiki konfliktin səbəbini isə İsrailin daxilində olan məsələlərlə əlaqələndirirəm. Son iki ildə İsraildə 4 dəfə seçki keçirilib və dördüncüsünün nəticəsi olaraq koalisyon hökumət qurmaq Baş nazir Netanyahuya tapşırılmışdı. Amma nəzərdə tutulan müddət ərzində o bunu edə bilmədi və ölkə prezidenti koalisiyanı formalaşdırmaq vəzifəsini Lapidə verdi. Lapid buna müvəffəq olacağı təqdirdə Netanyahunu İsraildə məhkəmə çəkişmələri gözləyir. Görünən odur ki, Lapid müəyyən uğurlar əldə edib. Bu baxımdan düşünürəm ki, münaqişənin alovlanmasında ölkədəki bəzi qüvvələr maraqlı ola bilər. Ümumilikdə götürdükdə isə Yaxın Şərqdə “barıt çəlləyi” hər zaman olub, bu nə ilk, nə də sondur.
- Livanın cənubundan İsrailə 3 raket atıldığı bildirilib. Livanın bu addımı konfliktin genişlənməsinə gətirib çıxara bilərmi?
- Sözügedən münaqişəyə kənar qüvvələr tərəfindən heç bir şəkildə müdaxilə edilməməlidir. Digər ölkələr diplomatik yolla insan ölümlərinin qarşısının alınmasına və hər iki ölkəni danışıqlar aparmaq üçün masa arxasına gətirməyə çalışmalıdırlar. Amma bir tərəfdən Livan, digər tərəfdən HƏMAS vasitəsilə İran münaqişəyə müdaxilə edərsə, proses daha da gərginləşərək məcrasından çıxa və region üçün böyük bir təhlükəyə çevrilə bilər. Nəzər almaq lazımdır ki, bu, bitən bir konflikt deyil və tarixi təcrübələr də sübut edir ki, bu cür münaqişələrdə kənar müdaxilələrdən daha çox iki ölkənin masa arxasına gətirilməsinə və günahsız insanların ölümünün qarşısının alınmasına nail olunmalıdır.
- Sizcə, xarici qüvvələr bu məsələnin çözülməsində nə dərəcədə maraqlıdır? Problem niyə illərdir çözülmür?
- Münaqişənin çözülməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Fələstinin hüquqi ərazisinin tanınması, İsrailin Qəzzada məskunlaşma aparmasına qadağa barədə qətnamələr qəbul edib, amma bu hüquqi normalar illərdir pozulmaqda davam edir. Tarixən İsraillə Fələstin arasındakı münaqişə sadəcə həmin ərazilərə görə olmayıb. Eyni zamanda, çözülməyən bu problemin dinlə də heç bir əlaqəsi yoxdur. Bütün bunlar daha çox yəhudi və ərəb millətçiliyi arasında gedən ixtilaf və ziddiyyətlərdən meydana gəlib.
- Sizcə, tərəflər arasında razılıq necə əldə oluna bilər?
- Tərəflər arasında indiyə qədər çoxsaylı razılaşmalar əldə edilsə də, müəyyən müddətdən sonra hər iki ölkə tərəfindən pozulub. Fələstində fəaliyyət göstərən, beynəlxalq təşkilatların terroçu təşkilat kimi tanıdığı HƏMAS münaqişə yaranandan etibarən bu məsələdə aktiv rol oynayıb, zaman-zaman İrandan aldığı raketləri Fələstin ərazisindəki uşaq bağçalarının, təhsil ocaqlarının yaxınlığına yerləşdirərək İsrail tərəfə atıb. İsraildə isə avtomatlaşdırılmış hərbi sənaye kompleksi var, raket hardan atılırsa, cavab atəşi də adekvat şəkildə eyni yerə göndərilir. Nəticədə uşaqlar da daxil olmaqla, xeyli mülki əhali tələf olur. İtənilən halda, mən hər iki tərəfdəki ölümlərin, xüsusilə uşaq ölümlərinin qətiyyətlə əleyhinəyəm. Çünki bu, bir insanlıq faciəsidir və on illərdir davam edir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar ciddi bəyanatlar verməlidirlər. Qeyd etdiyim kimi, BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bir sıra qətnamələri olsa da, hələ ki əməl edildiyini görməmişik.
- Azərbaycan cəmiyyətində münaqişəyə yanaşmalar fərqlidir. Bəzi kəsimlər Fələstini, bəziləri isə İsraili dəstəkləyir. Sizcə, bu kəskin fərq nədən qaynaqlanır?
- İsrail qeyri-rəsmi strateji müttəfiqlərimizdən biridir və bizə müxtəlif silahlar satır. Hətta elə silahları var ki, onları bizə satır, amma Ermənistana yox. II Qarabağ müharibəsi zamanı da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün İsrailin bizə hərtərəfli dəstək olduğunu gördük. Hətta bu ölkənin Azərbaycandakı səfiri Ermənistanın Gəncə və Bərdəyə raket zərbələrindən sonra dağılmış ərazilərə gedərək ölən və yaralıların ailələrinə baş çəkdi. Digər tərəfdən, Azərbaycanda illərdir tam təhlükəsiz şəkildə yəhudi icması yaşayır. Bu baxımdan Azərbaycanla İsrailin çox yaxşı münasibətləri var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövlət səviyyəsində münaqişə ilə bağlı hansısa formada münasibət bildirməkdən çəkinməlidir. Əslində, Azərbaycan dəfələrlə BMT-nin qətnamələrini dəstəklədiyini bildirib. Xalqımızın İsrail sevgisi sırf Qarabağ məsələsi ilə bağlıdır. Lakin biz məsələyə insan faktorunu əsas götürərək baxmalıyıq. Çünki hər iki tərəfdən həlak olanlar günahsız insanlardır. Onların, xüsusilə də uşaqların hər hansı bir münaqişənin hədəfi olması isə qəbuledilməzdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?