İranda yaşayan azərbaycanlılar sosial şəbəkələrdə bu ölkə vasitəsilə Rusiyadan Ermənistana hərbi texnikanın daşınması haqda yazır, foto-video paylaşırlar.
Sentyabrın 29-da bəzi azərbaycanlılar hərbi texnika daşıyan həmin avtomobillərin qarşısını kəsməyə çalışıblar.
Adının çəkilməsini istəməyən yerli fəallardan birinin "Azadlıq” radiosuna verdiyi məlumata görə, həmin avtomobillərdə artilleriya qurğuları və toplar olub.
Sentyabrın 29-da isə İranın Ərdəbil şəhərində həm hərbi texnikanın daşınmasına etiraz olaraq, həm də Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirilib.
Aksiya İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Bu zaman iştirakçıların saxlanıldığı, bir çox fəalın da yaralandığı bildirilir.
Almaniyada yaşayan, əslən İrandan olan azərbaycanlı, hüquqşünas Nağı Mahmudi Toplum.Tv-yə deyib ki, saxlananların ailələri ilə əlaqə yaratmağa çalışacaq: "Tutulan mitinq iştirakçıları Əsgər Əkbərzadə, üç qardaş Muctaba Pərvin, Murtaza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Colani, Pərviz Siyabi, Səccad Colani, Bəhmən Xeyrcu, Hüseyn Balaxani və Hamid Heydəridir. Bunlar Ərdəbildə saxlananlardır”.
N.Mahmudi çox sayda saxlanan olduğunu, ancaq hamısının adının bilinmədiyini qeyd edib:
"Hamıdı çox ağır zədələr alıblar”.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlananlardan 11 nəfərin adını yayımlayıb. Agentlik türk fəal Əsgər Əkbərzadənin qulaq və gözündən, Hüseyn Balaxani və Pərviz Siyabinin əllərindən, Səccad Colaninin isə burnundan xəsarət aldığını qeyd edib.
Zərifə Novruz
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.