Hesabat: “Azərbaycan hökuməti ifadə azadlığını məhdudlaşdırmağa davam edib”
Açıq mənbə
“Azərbaycan hökuməti ifadə azadlığını məhdudlaşdırmağa davam edib, 300 nəfərdən çox şəxs - insan hüquqları müdafiəçiləri, jurnalistlər, müxalif fəallar və elm adamları da daxil olmaqla, siyasi motivli və əsassız ittihamlarla həbsdə saxlanılıb”.
Bu fikirlər “Amnesty International” beynəlxalq insan haqları təşkilatının aprelin 21-də açıqladığı illik hesabatda yer alıb.
Sənəddə qeyd olunur ki, müstəqil qeyri-hökumət təşkilatları və yerli vətəndaş cəmiyyəti təşəbbüsləri ciddi inzibati və hüquqi məhdudiyyətlərlə üzləşib, onların fəaliyyəti müxtəlif vasitələrlə məhdudlaşdırılıb.
Hesabatın media ilə bağlı hissəsində vurğulanır ki, ifadə azadlığı və müstəqil jurnalistika sahəsində ciddi məhdudiyyətlər davam edib: “30-a yaxın jurnalist həbs olunub.
Məhdudiyyətlər əsasən korrupsiya və insan hüquqları pozuntularını araşdıran jurnalistlərə yönəlib. Jurnalistlərə qarşı xüsusilə maliyyə cinayətləri, qaçaqmalçılıq və digər ittihamlarla cinayət işləri açılıb, bir çox media nümayəndəsi uzunmüddətli istintaq altında saxlanılır”.
Sənəddə həmçinin bildirilir ki, ölkədə dinc etiraz aksiyalarının keçirilməsi ya məhdudlaşdırılıb, ya da bir sıra hallarda tamamilə qarşısı alınıb. İşgəncə və digər pis rəftar hallarının geniş yayılmış problem olaraq qaldığı, bu hallarla bağlı effektiv araşdırmaların aparılmadığı və məsul şəxslərin cəzasız qaldığı qeyd olunur.
Hesabatda qadınların və LGBTQ+ vətəndaşların ayrı-seçkilik, gender əsaslı zorakılıq və dövlət strukturları tərəfindən təzyiqlərlə üzləşməyə davam etdiyi vurğulanır.
Bundan əlavə, işgəncə və pis rəftarla bağlı problemlərin sistemli xarakter daşıdığı, saxlanılan bəzi şəxslərin tibbi yardımdan məhrum edildiyi, bəzi hallarda isə uzunmüddətli təcrid və qeyri-insani rəftarın qeydə alındığı bildirilir.
Eyni zamanda qeyd olunur ki, insan hüquqları sahəsində vəziyyətin pisləşməsinə baxmayaraq, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə siyasi və diplomatik münasibətlərini inkişaf etdirməyə davam edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”