“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’
sosial media
“Hürriyyət” qəzetinin və “Hurriyyet TV” internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.
“Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun vəkili Rövşanə Rəhimova məlumat verib.
Vəkil V.Məmmədovun ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin səhhətindəki problemlər qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaradır.
Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahi əməliyyata ehtiyac var: “Onun sağ ayağı, demək olar ki, işləmir”.
Vəkil qeyd edib ki, baş redaktor ev həbsinə buraxılarsa, müalicə ala və məhkəmə iclaslarında iştirak edə bilər.
Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası da V.Məmmədovun ev həbsinə buraxılması barədə vəsatəti təmin etməyib.
“Sonsuz adamdan uşaq doğulmasını gözləmək olar, amma Azərbaycan məhkəmələrindən ədalət gözləmək olmaz”, - V.Məmmədov qərara münasibət bildirərkən deyib.
V.Məmmədovun cinayət işi üzrə “Veysəloğlu”, “Azərlotereya” və “Azərsun” şirkətləri zərərçəkmiş qismində tanınıb. İstintaq onun bu şirkətlərdən hədə-qorxu yolu ilə pul tələb etdiyini iddia edir.
İclasda “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov və “Universal Reklam” MMC-nin rəhbəri Elxan Mahmudov ifadə veriblər.
E.Mahmudovun sözlərinə görə, “Azərlotereya”nın nümayəndələri onunla əlaqə saxlayaraq “Hürriyyət” qəzetində şirkət haqqında nüfuzuna xələl gətirən materialların yayımlandığını bildiriblər. Daha sonra o, “Hürriyyət”in rəhbərliyi ilə danışıb və tərəflərin reklam müqaviləsi bağlamasına vasitəçilik edib. Müqavilə əsasında “Azərlotereya”nın ödəniş etdiyi deyilir.
“Biz reklam şirkətiyik, bu işdə də əsas marağım reklam sifarişi qazanmaq idi”, - E.Mahmudov bildirib.
“Azərsun Holdinq”in nümayəndəsi isə V.Məmmədovla nə görüşdüyünü, nə də telefonla danışdığını deyib. Onun sözlərinə görə, şirkət rəhbərliyi barədə material yayımlandıqdan sonra qurumun başqa bir təmsilçisi redaksiya ilə əlaqə saxlayıb və ardınca reklam müqaviləsi bağlanıb.
V.Məmmədov ona qarşı irəli sürülən ittihamı qəbul etmir. O, heç kimdən hədə-qorxu ilə pul almadığını, tərəflər arasında reklam müqaviləsi ilə rəsmiləşdirilən adi razılaşma olduğunu bildirib.
Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb
sosial media
Məktəblərdə hicab qadağasına etiraz edən AXCP üzvü və qızına cinayət işi açıldığı deyilir
açıq mənbə
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır