Siyasət

“Sülh Körpüsü” real sülh prosesinə töhfə verə biləcəkmi?

16 Fevral, 2026
317

Foto: sosial media

Fevralın 13-14-də Ermənistanın Tsaxkadzor şəhərində bu ölkədən və Azərbaycandan olan nümayəndələrin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti tədbir keçirilib. 

Bu dəfə Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekspertlər Azərbaycanın Aşağı Əskipara kəndi ilə Ermənistanın Voskepar kəndi arasında delimitasiya və demarkasiya olunmuş quru sərhədindən keçməklə Ermənistana daxil olublar. 

Erməni nümayəndə heyətinin yaydığı pres-relizə əsasən, bu keçid iştirakçılar tərəfindən “etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım və iki ölkə arasında normallaşma prosesində tədrici irəliləyişin aydın göstəricisi kimi qiymətləndirilib”.

Əvvəlki görüşlərdə iştirak üçün nümayəndələr təyyarə ilə və ya Gürcüstandan keçməklə səfər etmişdilər. 

Dəyirmi masa formatında baş tutan tədbirdə Azərbaycandan 19, Ermənistandan 20 nəfər iştirak edib. Əvvəlki görüşlərdə hər iki tərəfdən 5 nəfər iştirak etmişdi. 

Pres-relizdə vurğulanır ki, iki gün davam edən tədbirdə müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsi və gələcək istiqamətləri, sülh gündəliyinin icrası və bunun region üçün nəticələri ətrafında olub. 

“İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlar barədə fikir mübadiləsi aparıblar. Bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr olunub.

Etimad quruculuğu tədbirlərini, ictimai diplomatiyanı və cəmiyyətlər səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktiki tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib. Regional təhlükəsizlik, sərhədlər və kommunikasiya xətləri ilə bağlı məsələlər də geniş şəkildə müzakirə olunub, hər iki tərəf öz mövqelərini və gözləntilərini təqdim edib.

Rəsmi sessiyalarla yanaşı, qeyri-rəsmi mədəni və sosial tədbirlər də şəxsi əlaqələrin inkişafına və konstruktiv atmosferin formalaşmasına töhfə verib”, - deyə qeyd olunub. 

Proqram çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan da daxil olmaqla yüksək vəzifəli erməni rəsmilərlə də görüşüblər.

Bu və əvvəlki görüşlərdə iştirak etmiş Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov sosial media hesabında səfərlə bağlı yazıb ki, digər ölkəyə səfərlərin “özü-özlüyündə qeyri-adi fenomen olmaqdan çıxaraq normal praktikaya çevrilməsi artıq böyük uğur sayıla bilər”.

“Belə bir ziyarətin baş tutması, ziyarət daxilində müxtəlif yaş kateqoriyalarına və dünyagörüşlərinə aid insanların həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə ünsiyyət qurması artıq bir sıra psixoloji baryerlərin sındırılması, “bu barbarlar ancaq bir-birini qıra bilər və heç vaxt dinc şəkildə danışa bilməzlər” kimi onillərlə davam etmiş səthi fikirlərin rədd edilməsi demək deyilmi?”, - o bildirib. 

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə analitiki Coşua Kuçera “Toplum TV”-yə açıqlamasında deyir ki, bu görüşlər özlüyündə “böyük nəticələr verməyə bilər, lakin onlar daha geniş bir prosesin tərkib hissəsidir və bu kontekstdə yaxşı bir addımdır”. 

“Bu cür görüşlər yaxşı başlanğıcdır və ümid edə bilərik ki, zaman keçdikcə onlarda iştirak edən insanların dairəsi daha da genişlənəcək. Ən əsası isə, bunlar vəziyyətin dəyişdiyinə, proseslərin açılışmağa başladığına dair bir siqnaldır. Hərçənd ki, bu dəyişikliklər kiçikdir, onlar hələ bir il əvvəl heç kimin gözləmədiyi şəkildə baş verir”, - o qeyd edib. 

“Sülh Körpüsü” çərçivəsində ilk görüş ötən il oktyabrın 22-də, Azərbaycandan olan QHT rəhbərlərinin Yerevana səfəri ilə baş tutub. Noyabrda isə Ermənistandan olan heyət Bakıya səfər edib.

Daha öncə “Toplum TV”-yə danışan təhlilçilər Azərbaycandakı müstəqil vətəndaş cəmiyyəti üzvlərinin bu prosesdən kənarda qalmasına işarə edərək, prosesin dövlətlər tərəfindən monopoliyaya alınmasını tənqid ediblər. 

Hazırda Azərbaycanda çoxsaylı müstəqil vətəndaş cəmiyyəti üzvü Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə “QHT işi” çərçivəsində, sülh fəalları Bəhruz Səmədov və Emin İbrahimov isə dövlətə xəyanət ittihamı ilə həbsdə saxlanılır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo