Siyasət

"Toplum TV işi”: "Dedilər Akif Qurbanovla dostluq etdiyinə görə səni həbs edirik"

3 noyabr, 2025
457

Foto: "Toplum TV"

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib. 

Şahidlərin dindirilməsindən öncə isə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli məhkəmə tərkibinə etiraz edib. O, satirik şəkildə deyib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında hakim A.Tağıyevin haqqında "müsbət şeylər deyən" məhbuslar çoxdur:

"Sizi bu çirkaba bulaşmaqdan xilas etmək üçün istəyirəm ki, sədrlikdən uzaqlaşasınız. Siz ötən məhkəmədə şahidlərə təsir edirdiniz, özünüzü hakim yox, dövlət ittihamçısı kimi aparırdınız”.

Digər təqsirləndirilən şəxs, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov da etiraza qoşulub. 

"Sizə şahidlər deyirdi ki, istintaqda ifadələrini təzyiq altında veriblər, siz isə soruşmurdunuz ki, necə olub təzyiq. Şahidlərin burada özlərini rahat hiss etməsi üçün şərait yaratmırsınız, şahidə deyirsiniz ki, səmimi deyil. Bunu hansı meyarla ölçürsünüz?", - Qurbanov hakimə sual edib. 

Təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal da etiraza qoşulub və deyib ki, R.İzzətlidən "fərqli olaraq, A.Tağıyev haqqında təcridxanada yalnız mənfi şeylər eşidib". 

Çıxış edən digər təqsirləndirilən şəxs, "Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli də A.Tağıyevə iradını bildirib. 

"Mən bir həftədir sizin keçən məhkəmədə şahidlərə və zala xitabən işlətdiyiniz bir ifadə haqqında düşünürəm. Siz dediniz ki, biz cinayətkar olmadığımızı sübuta yetirməliyik. Bu məndə sual doğurdu ki, siz necə belə bir ifadə işlədə bilərsiniz? Bir məhkəmə tərəfsiz olub sonda doğru qərarı verməlidir. Bilirsiniz ki, sizin etdiyiniz təqsirsizlik prezumpsiyası haqqında Konstitusiyanın 63-cü maddəsinin və Cinayət Məcəlləsinin pozulmasıdır. Qanuna əsasən, heç kim hökm çıxmamış başqasını cinayətkar adlandıra bilməz. Hələ bu, bir hakimin dilindən çıxırsa, daha biz niyə buradayıq? Belə çıxır ki, siz artıq dinləmədən, məhkəmə prosesi bitmədən qərarınızı vermisiniz", - o söyləyib. 

Müşavirəyə gedən hakimlər etirazı təmin etməyiblər.

Proses şahidlərin dindirilməsi ilə davam edib. 

Şahid qismində çıxış edən, A.Qurbanovun dostu Şahin Məhərrəmli ibtidai istintaqda imzaladığı ifadədən imtina edib. O, ifadənin özünün deyil, onun adından yazıldığını və təzyiq altında imzaladığını, oxumağa da imkan verilmədiyini bildirib. 

Hakim şahidin istintaqdakı ifadəsini oxuyarkən məlum olub ki, orada A.Qurbanovun Ş.Məhərrəmlidən xaricdən avtomobil gətirməsi, "aldığı qrantlara görə qorxaraq özünün deyil, həyat yoldaşının adına rəsmiləşdirməsini" istəməsi iddia olunur. Ş.Məhərrəmli isə məhkəmədə qeyd edib ki, qardaşı bu işlə məşğul olduğundan A.Qurbanovun ondan belə bir xahiş etməsi doğrudur, lakin avtomobili öz adına rəsmiləşdirməməsinin səbəbi məcburi köçkünlük haqqında sənədində problem olması olub. 

Ş.Məhərrəmlinin ifadəsində həm də yazılıb ki, A.Qurbanov "qrant gecikdiyinə görə işçilərinin maaşlarını vermək üçün ondan 30 min manat məbləğində borc" istəyib. Ş.Məhərrəmli dostunun ondan borc istədiyini təsdiqləyib, lakin səbəbini soruşmadığını bildirib. "Hamımızda olur da. Dostdan borc istəyirik. Mən də ondan borc istəmişəm", - o deyib.

Daha sonra müdafiə tərəfi şahidin 30 sutka inzibati həbsə məhkum edildiyini xatırladaraq ondan bunun səbəbini soruşublar. Hakim bu sualın işlə əlaqəsi olmadığını iddia edərək etiraz etsə də, A.Qurbanov və vəkili israr edib. 

Ş.Məhərrəmli onu həbs edən polislərin ona A.Qurbanovla dostluq etdiyinə görə həbs olunduğunu dediklərini bildirib. Bu zaman dövlət ittihamçısı müdaxilə edərək məcəllələrdə belə bir maddənin olmadığını deyib. Şahid isə kağız üzərində maddənin "polisə müqavimət" olduğunu qeyd edib. Sonda hakim şahidin ibtidai istintaqda deyil, məhkəmədə verdiyi ifadəni qeydə alıb. 

Daha sonra dindirilən keçmiş "Toplum TV" əməkdaşı və yazıçı Cavid Ramazanov da ibtidai istintaqdakı ifadəsini təzyiqlə verdiyini bildirib. O, saxlanılarkən vəkillə təmin edilmədiyini, haqqında həbs qətimkan tədbiri seçiləcəyi barədə təhdid edildiyini deyib. 

Növbəti şahid - "Toplum TV”-nin “Axşam söhbəti” verilişinin aparıcılarından biri, siyasi şərhçi Alya Yaqublu ilə məhkəmə heyətinin sədri Azər Tağıyev arasında gərginlik yaşanıb. Səbəb Tağıyevin heç bir sual vermədən A.Yaqubluya “danışın” deməsi olub.  Hakimə şahidlərin suallara cavab olaraq ifadə verdiyini xatırladan Yaqublu bu prosedura əməl olunmasını istəyib. Tağıyev bundan israrla boyun qaçırıb. Bir neçə dəqiqə davam edən polemikanın sonunda hakim, nəhayət ki, Yaqubluya suallar verməyə başlayıb.

O, Yaqubludan Akif Qurbanovu haradan tanıdığını soruşub. Yaqublu bildirib ki, Qurbanovla "Toplum TV" ilə əməkdaşlıq əsnasında tanış olduğunu deyib:

"Akif Qurbanov yaxşı adamdır, ölkə üçün faydalı işlər görmüş biridir.  Azərbaycanda hakimiyyətin mediaya tamamən nəzarət etməyə çalışdığı bir dönəmdə "Toplum TV" kimi müstəqil media platforması qurub. Bizə professional jurnalistikayla məşğul olmaq fürsəti yaratdığı üçün, bizim fəaliyyətimizə qətiyyən müdaxilə etmədiyinə görə ona təşəkkür edirəm. Elə tənqidə dözümlülüyünə görə də. Olub ki, Akif bəyi də verilişimizə dəvət etmişik və hər dəfəsində ona kəskin suallar verməmizi istəyib”.

Bundan sonra proses başa çatıb. Növbəti məhkəmə prosesi noyabrın 24-ə təyin olunub. Proses şahidlərin dindirilməsilə davam edəcək. 

"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”

5 noyabr 2026

sosial media

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan bildirib ki, oktyabrın 1-də Ermənistan ərazisinə keçərək evində bir qadını yaraladığı deyilən Azərbaycan hərbçisinin kimisə öldürmək niyyəti olmayıb. O, hadisə ilə bağlı aparılan istintaqı şərh edərkən bu qənaətin işin faktiki halları əsasında formalaşdığını deyib. Ermənistan İstintaq Komitəsi oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayevi ağır bədən xəsarəti yetirmə, qanunsuz silah daşıma, şəxsi yaşayış evinə icazəsiz daxil olma, sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığı ittihamları ilə saxlayıb. Erməni tərəfinin iddiasına görə, Musayev həmin gün Ermənistanın Sünik vilayətinin Şaki kəndində sərhədi qanunsuz keçib, yerli sakin Ani Avetisyanı evində yaralayıb. Onun iki uşağına da xəsarət yetirildiyi bildirilir. Noyabrın...
Siyasət

Həyat yoldaşı: “Yaşar Ağazadənin aclıq aksiyası qeydə alınmayıb”

5 noyabr 2026

şəxsi arxivi

Həbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının məhdudlaşdırıldığı bildirilir. Ağazadənin həyat yoldaşı Aygün İsmayıllının noyabrın 4-də media nümayəndələrinə ünvanladığı iki ayrı müraciətdə deyilir ki, hüquq müdafiəçisinin keçirdiyi aclıq aksiyası qeydə alınmayıb, onun müəssisə əməkdaşları ilə bağlı Baş Prokurorluğa ünvanladığı şikayət isə Bakı İstintaq Təcridxanası tərəfindən göndərilməyib. İsmayıllının sözlərinə görə, Yaşar Ağazadə iyulun 2-dən 24-dək 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı rəftara etiraz olaraq aclıq aksiyası keçirib. “Həyat yoldaşım işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə, həmçinin qanunsuz olaraq cərimə...

Seçilmiş Videolar

Toplum TV loqo