Siyasət

Rövşən Əkbərovun həbsi siyasidirmi?

17 Mart, 2021
1725

AzərTac

“Rövşən Əkbərov ola bilsin 20 ildə nə deyiblər onu da edib. İndi onun vəzifədə qalması kiminsə xoşuna gəlməyə bilər”.

Hərbi ekspert Telman Əbilov “Toplum TV”-yə general Rövşən Əkbərovun həbsindən danışarkən belə deyir.

Martın 16-da sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib. O, Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun bununla bağlı 17 mart tarixli açıqlamasında bildirilir ki, 2001-ci ildə 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı  Elçin Əliyevin Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı üzrə Ukrayna prokurorluq orqanlarında cinayət işi başlanıb, qətldə R.Əkbərov şübhəli bilindiyi üçün 2003-cü ildə cinayət işi Azərbaycana göndərilib. 

Amma təqsirləndirilən şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb; 2020-ci ildə qətlin R.Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan cinayət işi təzələnib: 

“R.Əkbərovun 2001-ci il iyunun 1-də Kiyev şəhəri, Deqtyaryov küçəsi-7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə zamanı onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürməsilə bağlı şübhələr üçün əsaslar müəyyən edilib”.

R.Əkbərov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələrilə ittiham olunur.

Valideynlərin ərizəsi əsasında bu işi Avropa İnsan Hüquqları Məhkəməsi də araşdırıb. Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulması faktını tanıyıb və iş üzrə effektli araşdırma aparılmadığını konstatasiya edib. O vaxt Azərbaycan hakimiyyəti qurumun sorğusuna cavab olaraq yazıb ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib.

Telman Əbilov - Açıq mənbələrdən götürülüb

Telman Əbilovun fikrincə, bu işlə bağlı Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev də həbs olunmalıdır:

“Ukrayna tərəfi cinayəti sübut etsə də, Rövşən Əkbərov müdafiə olundu. Onu saxta sənədlərlə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı kimi qeydiyyatdan keçirib toxunulmaz olmasını təmin etdilər və elə bu adla da Bakıya qaçırdılar. Ukrayna Baş Prokurorluğu sübutları Bakıya göndərsə də, R.Əkbərovdan çəkinən hərbi prokuror onu heç izahat almağa belə çağırmadı. Ölən şəxsin anası Səmayə xanım bu illər ərzində dəfələrlə X.Vəliyevin qəbulunda olsa da, vəziyyət dəyişmədi”.

Hərbi ekspert generalın həbsinin sadəcə sözügedən qətllə bağlı olmadığını ehtimal edir.

“İndi Rövşən Əkbərovu guya bu cinayət işi üzrə həbs ediblər. Çox güman, onunla bağlı digər məsələlər də araşdırılır”.

Onun sözlərinə görə, Azərbaycanda vəzifəli şəxslərin “vurulması” daha çox siyasi proseslərlə bağlı olur.

Azər Qasımlı - Sosial Media

“Bu həbslərin əsaslandırılması həqiqəti əks etdirmir” - siyasətçi Azər Qasımlı belə düşünür.

Onun fikrincə, orduda problemlər və xəyanət halları varsa, bu, cəmiyyətə açıqlanmalı və “Təmizlik işləri bu səbəbdən aparılır” deyilməlidir.

Siyasətçi həbslərin siyasi səbəblərlə bağlı ola biləcəyini istisna etmir: “Digər məsələlərdə olduğu kim, burada da hakimiyyət şəffaf davranmır”. 

A.Qasımlının ehtimalına görə, Qarabağ müharibəsi dövründə hakimiyyət xarici dövlətlərin Azərbaycan ordusunun ayrı-ayrı hərbçilərinə təsiri olduğunu gördü və indi təmizləmə işləri aparır.

O, ordunun qapalı institut olduğunu və bir sıra hallarda oradakı məsələlərin gizli qalmasının zəruriliyini qeyd etsə də, ictimai nəzarətin önəmini də vurğulayır.

R.Əkbərov son dövrlərdə ordudan kənarlaşdırılan yeganə hərbçi deyil. Bu ilin fevralında onunla eyni zamanda general Xəqani Cəbrayılov da ehtiyata buraxılmışdı.

Müharibə dövründə Silahlı Qüvvələrin keçmiş Baş Qərərgah rəisi, ehtiyatda olan general-palkovnik Nəcməddin Sadıqov da ordudan uzaqlaşdırılıb. 

 T.Əbilov hərbiçilərin həbsinin daxili intriqalardan qaynaqlandığını güman edir:

“Xəqani Cəbrayılovla Rövşən Əkbərovun yaxın münasibətləri olub, hər ikisinin Şəmkirdə, Dəvəçidə böyük fermer təsərrüfatları, minlərlə iri və xırda buynuzlu mal-qaraları var. Bu generallar hərbidən başqa, hər cür işlə məşğul olublar”.

R.Əkbərov 2002-ci ildən general-leytenant rütbəsini daşıyır, 2011-ci ildə Ordu korpuslarından birinin komandiri təyin edilib. O, 2 dəfə "Azərbaycan Bayrağı", bir dəfə “ Vətən Uğrunda” ordeni ilə təltif olunub,  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“QHT işi”: Hafiz Həsənova 8 il şərti həbs cəzası verilib

16 Sentyabr 2026

sosial media

"QHT işi" üzrə ittiham olunanlardan biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib. Dövlət ittihamçısı onun 9...
Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...

Seçilmiş Videolar

Toplum TV loqo