Sosial

Arif Əliyev: “Ağlı başında olan beynəlxalq təşkilat Azərbaycana gəlməz”

19 Aprel, 2021
2851

Xural.com

“Hazırkı şərtlərə və qanunvericiliyə görə ağlı başında olan heç bir beynəlxalq təşkilat Azərbaycana gəlməz, necə ki 2014-cü ildən bəri gəlmirlər”. 

Bunu “Toplum TV”-yə Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev deyib.

Prezident İlham Əliyev aprelin 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında publik hüququ şəxsin yaradılması haqqında fərman imzalayıb,

Şuranın yaradılmasıyla bağlı 2007-ci il 13 dekabr tarixli fərmanını isə ləğv edib. 

Yeni fərmana əsasən, qurum bundan sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi adlandırılacaq, həmçinin Şuranın hüquq və öhdəlikləri, habelə əmlakı agentliyə keçəcək.

Bildirilir ki, yeni agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşacaq. Eyni zamanda, qurumun cari xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

Arif Əliyev deyir ki, agentliyin heç bir yeni funksiyası olmayacaq: “Nizamnaməsindən də göründüyü kimi, qurumun, sadəcə, hüquqi statusu dəyişdirilib. Əvvəllər prezidentin yanında fond idi, indi isə agentlik kimi fəaliyyət göstərəcək. Nəzəri baxımdan fəaliyyətində daha sərbəst ola bilər, təcrübədə necə olacağını isə zaman göstərəcək. Xaricdə fəaliyyət göstərən və xaricdən maliyyələşən QHT-lərlə bağlı hansısa qərarın veriləcəyini də gözləmirəm. Bu məsələdə çox böyük ehtiyatlılıq nümayiş etdirilir və bunun üçün sadəcə bir qurum yaratmaq, yaxud onun hüquqi statusunu dəyişmək kifayət etməyəcək. Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyi köklü şəkildəy yeniləməklazımdır”. 

Anar Məmmədli: "Azərbaycan xarici QHT-lər üçün arzuolunmaz ölkələr sırasında qalacaq"

Anar Məmmədli Foto:Sosial media

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli yeni qurumun faydalı fəaliyyət göstərəcəyinə inanmadığını deyir: “Dövlətin qeyri-hökumət təşkilatlarına, yəni ictimai birliklər, yerli icma təşkilatları, fondlar və həmkarlar ittifaqlarına ən böyük dəstəyi o zaman yaranar ki, onların işinə müdaxilə etməsin. Nə qədər ki ölkədə bu qurumların fəaliyyətinə dövlətin yaratdığı hüquqi, siyasi və maliyyə məhdudiyyətləri var, yaradılan hər hansı dövlət qurumunun səmərə verəcəyi inandırıcı deyil”.

Məmmədli hesab edir ki, agentlik xarici QHT-lərlə bağlı da hər hansı müsbət addım atmayacaq: “Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici QHT-lər həyatımızın bütün sahələrində çalışıblar. Onların dəstəyinə, təcrübəsinə, texniki və maddi resurslarına hər zaman ehtiyac olub. Xüsusilə 90-cı illərin ortalarında Azərbaycan müharibədən çıxmış və sosial-iqtisadi durumu ağır olan bir ölkə idi. Həmin dövrdə ölkədə xeyli sayda humanitar təşkilat fəaliyyət göstərirdi. Bu baxımdan onların fəaliyyətinə məhdudiyyətlər qoymaq düzgün deyil. Müəyyən qədər tənzimləyici müddəalar ola bilər, amma bu, demokratik xarakter daşımalıdır. Məsələn, Gürcüstan, Ermənistan, Ukrayna və digər ölkələrdə beynəlxalq təşkilatlara çox güzəştli münasibət var. Bunu Azərbaycana da tətbiq etmək lazımdır ki, xarici QHT-lər ölkədən qaçmasınlar. Ölkədə belə təşkilatlar çox olsa, o qədər yaxşıdır. Bu qurumlar ən müxtəlif sahələrdəki problemlərin həllində iştirak edə bilərlər. Amma yeni yaradılan agentliyin xarici QHT-lərin fəaliyyəti ilə bağlı müsbət addım atacağına inanmıram. Yenə də Azərbaycan xarici QHT-lər üçün arzuolunmaz ölkələr sırasında qalacaq. Halbuki biz ölkə olaraq çoxlu sayda beynəlxalq təşkilatın Azərbaycanda fəaliyyət göstərməsində maraqlı olmalıyıq. Xüsusilə də müharibədən sonra bizim buna çox ehtiyacımız var”. 

Novella Cəfəroğlu: "Xeyli faydalı işlər görüləcək”

Novella Cəfəroğlu Foto: Sosial media

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə yeni qurumun yaradılmasını müsbət addım kimi qiymətləndirib: “Agentliyin yaradılması QHT-lərə daha yaxın olmaq və onlarla intensiv işləmək məqsədi daşıyır. Fikrimcə, qurum müsbət yöndə fəaliyyət göstərəcək. Çünki agentliyin sədri təyin edilən Azay Quliyev öncədən dəstək şurasının sədri idi və inanıram ki, onun rəhbərliyi ilə xeyli faydalı işlər görüləcək”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo