Sosial

Əsgərləri Polad Həşimovu necə xatırlayır?

14 İyul, 2021
2563

Sosial Media

Bu gün Milli Qəhrəman general-mayor Polad Həşimovun anım günüdür.
 
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələnin Vəndam qəsəbəsində doğulub.
 
Babası II Dünya müharibəsi veteranı olub və nəvəsinə Polad adını qoyub.
 
Polad körpə olanda ailəsi Sumqayıta köçüb. O, orta təhsilini də Sumqayıtda 28, 33, 34 nömrəli tam orta məktəblərdə alıb.
 
Yaxınlarının dediyinə görə, Birinci Qarabağ müharibəsinin gedişi və ağır nəticələri Polada da təsirsiz ötüşmür və o, hərbçi olmağa qərar verir. Anası bunun çətin bir peşə olduğunü desə də, Poladı fikrindən döndərə bilmir. Atası isə onun hərbi olmaq arzusunda qarşı çıxmır, əksinə, dəstək verir.
 
1992-ci il avqustda Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olunan P. Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir.
 
1992-ci ilin noyabrında - Birinci Qarabağ Müharibəsi vaxtı o, Ağdamın Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılır.
 
702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə iştirak edir.
 
Həmin ildə Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla qəsəbəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilir. O, hərbi təlimləri bitirdikdən sonra ölkəyə qayıdır.
 
P. Həşimov 28 yaşında "mayor" hərbi rütbəsi alır.
 
2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
 
6 il sonra isə Həşimova "polkovnik-leytenant" hərbi rütbəsi verilir.


 
2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
Həşimov işi ilə yanaşı, təhsilini də davam etdirir.
 
2014-cü ilin iyulunda Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olur və "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alır.
 
2016-cı il Aprel döyüşləri zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun komandir müavini — Qərargah rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi ona həvalə olunur.
 
Aprel döyüşlərindən sonra Polkovnik Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
 
Ona aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə mənzil hədiyyə edilib.
 
Deyilənə görə, özünün kirayədə yaşamasına baxmayaraq həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayıb.
 
Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi vəzifəsində çalışmağa başlayıb.
 
2019-cu il iyunun 24-də Prezidentin Sərəncamına əsasən, Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
 
2020-ci il iyulun 12-də Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində döyüşlər başlayır.
 
İyulun 14-də səhər saatlarında Tovuz döyüşlərində 6-sı zabit olmaqla 7 hərbi qulluqçunun şəhid olması xəbəri yayılır.
 
General-mayor Polad Həşimov da bu döyüşlərdə tabeliyində olan əsgərlərlə bir yerdə şəhid olur.
 
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan ilk və tək generalıdır.
 
İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Vəndam qəsəbəsinə gətirilir. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Vəndam qəsəbəsinə axın eləmişdi. Burada vida mərasimi baş tutandan sonra onun nəşi Sumqayıta yola salınır. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilir. Bir gün sonra isə dəfn mərasimi baş tutur.
 
Ölümündən sonra sosial şəbəkələrdə Polad Həşimovla bağlı xatirələrini paylaşanlar çox olub.
 
Onun keçmiş əsgərlərindən olan Ramil Cabbarov yazırdı: "Tabora gələndə "Öncə vətən!" kəlməsini elə içdən söyləmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, cənab komandir!”.
 
Seymur Kazımov:

"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd, cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı".

Açıq mənbələrdən götürülüb

Ramazan Səmədov isə belə qeyd edir: "Hərbi hissə qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü. "Briqada"nın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan "briqada"ya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…"
 
Başqa bir əsgəri - Nicat Həşimzadə Polad Həşimovu belə xatırlayır: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy rəngli palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsiniz, komandir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo