Sosial

Həsən bəy Zərdabi - ilk milli teatr, ilk milli qəzet və qəbirsiz qalan sümüklər...

28 İyun, 2021
2843

Açıq mənbələrdən götürülüb

28 iyun milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür. 

Təhsil illəri

Həsən bəy Səlimoğlu (Zərdabi) 1837-ci ildə kеçmiş Bakı quberniyasınа dахil оlаn Göyçay qəzasının Zərdab kəndində, bəy аiləsində аnаdаn оlub. 

İlk təhsilini kənddəki mədrəsədə alan, burada ərəb və fars dillərini öyrənən Həsən bəy 1852-ci ildə Şamaxı şəhərində  rusca dünyəvi təhsil verən məktəbdə təhsilini davam etdirib.  

Buraxılış imtahanında Həsən bəy Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkir. Baron  ona dövlət təqaüdü ilə Tbilisiyə oxumağa getməyi təklif edir. 

Beləliklə, 1861-ci ildə o, Moskva Universitetinə imtahansız daxil olur, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirir. Elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilsə də Həsən bəy geri qayıdır. 

Bir müddət Tbilisidə, Bakıda və Qubada işləyir, amma heç yerdə uzun müddət qala bilmir. Getdiyi hər bölgənin nüfuzlu adamları ilə mübahisələrinə və kəndliləri müdafiə etdiyinə görə təqiblərə məruz qalır. 

Dörd il ixtisasına aid olmayan sahələrdə çalışdıqdan sonra Zərdabi Bakıda təbiət tarixi müəllimliyinə başlayır. 

Azərbaycanda ilk professional teatrın qurucusu

Həsən bəy Qafqaz  gimnaziyalarında çalışan müəllimlər arasında ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlərin də sayca az olması Zərdabini maarifçilik fəaliyyəti ilə məşğul olmağa sövq edir. 

1872-ci ildə yaratdığı Xeyriyyə Cəmiyyəti ilə kəndləri və şəhərləri dolanaraq azərbaycanlı uşaqların məktəbə göndərilməsini təşviq edir. 

Bununla yanaşı, o, incəsənət sahəsində də fəaliyyət göstərir, 1873-cü ildə Azərbaycanda ilk peşəkar teatrın əsasını qoyur. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə Mirzə Fətəli Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları səhnələşdirilir.

Azərbaycan türkcəsində ilk qəzet

1875-ci ildə Zərdabi Azərbaycan mətbuatının təməlini qoyur. 

22 iyulda Azərbaycan türkcəsində ilk qəzet olan “Əkinçi”nin ilk sayını dərc etdirir.

Qəzetin ilk səhifələrində Həsən bəyin öz məqalələri, digər səhifələrdə isə xəbərlər, kənd təsərrüfatına və elmi-texnoloji yeniliklərə aid məqalələr vardı. 

Qəzetin dərci çox çətinliklə başa gəlir, Zərdabi hər ili ziyanla başa vurmalı olur.  

M.F.Axundov ona qəzet nəşr etməyin hələ tez olduğunu, öz adını yazmağı bacarmayan camaatı qəzet oxumağa səsləməyin əfəllik olduğunu deyəndə Zərdabinin cavabı “Dostum, düz deyirsən, mən xəyalpərəstəm. Amma biz etməsək, bəs kim edəcək?” olur. 

Mollaların təhdidləri və işsizlik

Gördüyü işlərə görə Həsən bəy nəinki mükafatlandırılmır, əksinə, mollaların təhdidləri, işdən çıxarılma hədələriylə üzləşir; gözdən salmaq üçün onu “ateist” və “Osmanlı agenti” adlandırılır. 

Bir müddət sonra onu gimnaziyadan çıxarırlar, bakılı müsəlmanlar isə Zərdabiyə iş verməkdən imtina edirlər. 

Nəticədə 1877-ci il sentyabrın 29-da o,  "Əkinçi"nin nəşrini dayandırmaq məcburiyyətində qalır. Ruhdan düşən Həsən bəy Zərdaba qayıdır. 

O, yalnız bir neçə il sonra publisistikaya qayıdır, “Kaspi”, “Kəşkül”, “Ziya”, “Həyat” qəzetlərində məqalələri dərc edilir. 

Ömrünün sonlarında Həsən bəy milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində və Bakı Şəhər Dumasının maarif şöbəsinə çalışır.

Bakıda qızlar məktəbi - Açıq mənbələrdən götürülüb

Azərbaycandakı ilk qızlar məktəbinə töhfə

Yeri gəlmişkən, ilk qızlar məktəbinin açılmasında da Həsən bəyin payı vardı. 

Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbi açmaq üçün çar III Aleksandra müraciət etmiş, ancaq rədd cavabı almışdı. Çarın ölümündən sonra Tağıyev onun həyat yoldaşı Aleksandra Fyodorovnaya qiymətli hədiyyələr göndərərək bu dəfə çariçadan icazə istəyir, məktəbə onun adının veriləcəyini bildirir. 
Beləliklə, icazə alınır, məktəbin nizamnaməsini Həsən bəy yazır.

İdarə Heyətinin sədri Tağıyevin təklifiylə Zərdabi müavin təyin edilir. 

1901-ci ilin sentyabrında açılışa hazır olan məktəb yetəri qədər şagird olmadığından fəaliyyətə başlaya bilir.

Zərdabi və dostları Bakı kəndlərinə gedərək qızların məktəbə göndərilməsi üçün əhaliylə söhbət edirlər.
 
Bir ay sonra - oktyabrın 7-də məktəb 58 şagird qızla fəaliyyətə başlayır.

Sümükləri evində saxlanılan Həsən bəy

Həsən bəy Zərdabi 1907-ci ildə iflic olaraq dünyasını dəyişir. 

Bakıda Zərdabinin dəfn mərasimi - Açıq mənbələrdən götürülüb

Çətinliklərlə dolu həyat yaşamış, xalqın maariflənməsi naminə xeyli əziyyət çəkmiş Zərdabiyə ölümündən sonra da  layiq olduğu qiymət verilmir. 

Köhnə Bibiheybət məscidi yaxınlığındakı qəbri həmin ərazidəki söküntü işlərinə görə dağıdılır (1937), mərhumun sümükləri bir neçə il ailəsinin evində saxlanır və bir də 1957-ci ildə - vəfatının 50 illiyində Fəxri Xiyabanda dəfn olunur.  

Hazırda Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır. 

2020-ci ildə isə Qubada onun abidəsi ucaldılıb və adını daşıyan park salınıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo