Sosial

İşıq və qazın qiyməti qalxdı – hökumət əhaliyə hələ ki, vəd verir

18 Oktyabr, 2021
4706

Açıq mənbələrdən götürülüb

“Yeni tarif qaydaları bütün xidmətlərin, məhsulların qiymətlərində öz əksini tapacaq. Bütün məhsulların maya dəyərində enerji xərcləri mütləqdir və bu, zəncirin bir halqasıdır”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov qaz və elektrik tariflərinə tətbiq edilən yeni qiymət artımını “Toplum TV”-yə şərh edərkən deyib.

Oktyabrın 16-da Tarif Şurasının verdiyi qərara əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minəcək.

“Ancaq öz qazanclarını artırmaq yolu ilə problemi həll etməyə çalışırlar”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, burada söhbət iki qəpik artımdan gedir: “Bu iki qəpiklik artım çox böyük artım hesab olunmasa da, “Azəriqaz"ın daha rentabelli işləməsinə xidmət edəcək. Dövlətin üzərində olan əsas problemlərdən biri budur ki, dövlət qurumları və müəssisələri rentabelli işləsin, büdcədən asılılıq minimuma endirilsin”.

SOCAR də öz növbəsində bildirib ki, bahalaşmanın bir digər səbəbi beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır. Amma iqtisadçı Toğrul Maşallı qurumun bu arqumentu ilə razılaşmır.

“Azərbaycan qaz hasil edən ölkədir. Dünya bazarında qazın qiymətinin artması bizə necə təsir edə bilər? Heç cürə. Ümumiyyətlə bunun təsiri ən yaxşı halda hansısa kommersiya əməliyyatlarında müşahidə edilə bilər”, - deyə iqtisadçı vurğulayıb.

Toğrul Maşallı 

İqtisadçı Rəşad Həsənov da deyir ki, SOCAR-ın izahatında ciddi nöqsanlar var: “Düzdür, müəyyən məsələlərdə haqlıdırlar. Avadanlıqların qiymətində artımlar baş verir. Bu sektorda çalışanalar üçün əməkhaqqı fondu artırılmalıdır. Bu, əlavə xərc yükü yaradır. Amma məsələnin nöqsanlı tərəfi odur ki, xərclərin optimallaşdırılması istiqamətində deyil, gəlirlərin artırılması istiqamətində birtərəfli yanaşmanı müşahidə edirik. Sözügedən qurumların fəaliyyətində çox böyük korrupsiya elementləri var. Onların xərclərinin optimallaşdırılması üçün başqa yollar da var.  Əgər model təsərüfatının səmərəli təşkili mümkün olsa, bu zaman xərclər ən az 30% azala bilər. Bunu əminliklə deyə bilərəm”.

Ekspertin sözlərinə görə, buradan qənaət edilmiş vəsaitlər avadanlıqların qiymətinin artırılmasına yönəldilsə, əlavə qiymət artımlarına və büdcədən subsidiyaların alınmasına olan ehtiyac aradan qaldıra bilər: “Amma təəssüf ki, yanaşma birtərəflidir. Ancaq öz qazanclarını artırmaq yolu ilə problemi həll etməyə çalışırlar”.

“Minumum əməkhaqqının ən azı 40%-dək artırılmasına ehtiyac var”

Tarif qiymətlərinin bahalaşdığı gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda maaş və pensiyaların artırılmasına dair hökumətə təkliflər hazırlamaq tapşırılıb.

R. Həsənov əmək haqqlarının artırılmasının  gözlənilən olduğunu qeyd edir. “Əmək haqqı fondunun artırılması ilə bağlı müəyyən məqamlar 2020-ci ilin dövlət büdcə sənədində öz əksini tapıb. Bu eyni zamanda sosial müavinətləri də əhatə edirdi. Burada artımlar daha çox aztəminatlı sosial qrupları əhatə etməlidir. Məsələn, minumum əməkhaqqının ən azı 40%-dək artırılmasına ehtiyac var”. 

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb

Ekspertin fikrincə, il ərzində həm qiymət artımları, həm də kommunal xidmətlər üzrə qəbul edilən qərarlar ailə büdcəsi üçün əhəmiyyətli xərc yükü formalaşdırır: “Orta aylıq maaş səviyyəsinin 15% artırılması müəyyən qədər bu istiqamətdə yaranmış təzyiqləri aradan qaldıra bilər. Minumum pensiya həddinin 30-40% artırılması gündəmdə olmalıdır”.

Tarif artımları hansı sahələrdə qiymət artımına səbəb olacaq?

"Azərişıq" ASC-nin Enerji Satışı Departamenti direktorunun 1-ci müavini Vüqar Nəbibəyli “APA”-ya müsahibəsində deyib ki, yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri "2,05 manat həddində proqnozlaşdırılır".

İqtisadçı ekspert Məhəmməd Talıblı isə “Feysbuk” hesabında yazır ki, Tarif Şurasının bu qərarını bütün əhali qrupları ciddi şəkildə hiss edəcək: “Əhali hələlik bu qiymət artımlarını “dərisində” hiss etməyəcək. Yay ayları ilə müqayisədə payız-qış aylarında qaz istehlakı 3-4 dəfəyədək artır. Payızın ilk soyuq günlərindən sonra qışın sərt soyuqları zamanı qaz istehlakı ailə büdcələrində hiss olunacaq”.

Məhəmməd Talıblı - VOA

R.Həsənova görə də, tarif artımları bütün istiqamətlərdə qiymət artımını şərtləndirəcək. “Qərar biznes sahəsini də əhatə edir. Biznes üçün də təklif olunan qazın və elektrik enerjisinin qiymətində artımlar nəzərdə tutulur. Hətta hökumətin həssas yanaşdığı sahələrdən biri olan kənd təsərrüfatında da qazın 1 kubmetri üçün 2 qəpik qiymət artımı olacaq. Nəticədə kənd təsərrüfatında əlavə 100 milyona manata yaxın  əlavə xərc yükü formalaşacaq”.

Ekspert bildirir ki,  əvvəlki şərtlərlə çalışmaq sahibkarlara sərf etmədiyindən məhsulların  qiymətlərində artıma gedəcəklər: “Dolayısı ilə bahalaşa bütün istiqamətlərdə hiss olunacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo