Sosial

Marketin satış meneceri: "33%-dək bahalaşma var"

30 Sentyabr, 2021
4032

Toplum TV

Qiymət artımına alıcının münasibəti: “Biz onsuz da çox yeyən deyilik”

Rəsmi statistikaya əsasən, Azərbaycanda ərzaq məhsullarının qiyməti bu ilin ilk 7 ayında 5.1 % artıb. Təbii ki, bu da insanların ciblərinə təsirsiz ötüşməyib. 

“Bravo” marketdəki alıcı qadınlardan biri “Toplum TV”-yə deyir ki, əvvəlki aylarla müqayisədə alış-verişə daha çox pul xərcləməli olurlar: “Keçən ay 150 manata aylıq bazarlıq edirdik,  indi hər şeydən bir az alanda 170-180 manata gəlib çıxır”. 

Qadının dediyinə  görə, ayda təxminən 200 manata yaxın bazarlıq onun  cibinə uyğun deyil. Buna görə də  yalnız zəruri şeyləri - ərzaq və gündəlik tələbat malları almaqla kifayətlənib.  

Pensiyası 254 manat olan yaşlı bir kişi isə deyir ki, aldığı pulun yarısı qidaya gedir. Alıcının sözlərinə görə, ailədə iki nəfərdirlər və aldığı ərzaq ay sonuna qədər onlara  bəs edir. Pensiyasından geri qalanı isə kommunal və digər şeylərə xərcləyir: “Xoşbəxtlikdən yoldaşım da pensiya alır. Yoxsa daha çətin olardı... Düzü, biz onsuz da çox yeyən deyilik”. 

Hansı məhsullarının qiyməti nə qədər bahalaşıb?

Qiymət artımı daha çox yağlarda və un, un məmulatlarında hiss olunur.

Toplum TV

Gündəlik qida rasionunu təşkil edən çörəyin qiyməti böyük marketlərdə 5-10 qəpik, kiçik mağazalarda isə 15-20 qəpik qalxıb. Məsələn, əvvəl 50 qəpiyə olan “Çörəkçi” indi 55, həmçinin qiyməti 60 qəpik olan “Zirəli Çörək” indi marketdə 70 qəpiyə satılır.

“Delta Group” MMC şirkətinə məxsus yağların qiymətində də artım var. Şirkətin məhsullarını satmaqla məşğul olan Pərvanə Seyidova (ad şərtidir) söyləyir ki, 200 qr “Ankor” 3.70 AZN-dən  4.10 AZN-ə, 200 qr “Dayaruşka” 3.65 AZN-dən 3.90 AZN-ə qalxıb. 1 kq “Dayaruşka” yağının qiyməti əvvəl  15 manat idisə, indi əvvəlki qiymətin yanına 40 qəpik də əlavə olunub.

Marketlərin birində satış meneceri çalışan Firuz Əsgərov da may-sentyabr aylarında müxtəlif məhsulların qiymətində 33%-dək bahalaşma olduğunu təsdiqləyir. 

Onun sözlərinə görə, sentyabrda  xüsusilə dənli bitkilərin qiymətində dəyişiklik baş verib: “Azərsun”-un istehsalı  olan 1 kq mərci əvvəl 2,30 manat idisə, indi  2,60 manat  olub. Basmati düyüsünün qiyməti isə 13% artıb”. 

Toplum TV

Menecer  xaricdən gələn ət məhsullarının da qiymətində artım olduğunu vurğulayır. Məsələn, Ukraynadan ölkəyə idxal olunan toyuq məhsullarının qiyməti 30, ət məhsullarının isə 50 qəpik bahalaşıb. 

Bununla yanaşı, ölkə istehsalı məhsullarda da bahalaşma müşahidə olunur, məsələn, şəkər məhsullarının qiyməti 4%-ə qədər artıb.

Toplum TV

Bahalaşma nə ilə bağlıdır? - Ekspertlər açıqlayır

İqtisadçı Elmir Səfərli  son iki ildə nəinki Azərbaycanda, bütün dünyada pandemiya şəratində ərzaq məhsullarının istehsalında azalma baş verdiyini söyləyir, bu da öz növbəsində məhsulun qiymətinə təsir edir.  Həmçinin son bir ildə yanacaq, enerji,  su, və digər istehsal xərclərinin yüksəldiyini xatırladan iqtisadçı deyir ki, bu amillər də qiymətin indiki və növbəti mərhələdə artmasına təsir edir.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin dediyinə görə, ölkədəki qiymət artımının əsas səbəbi xaricdən gələn məhsulların qiymətinin baha olmasıdır. İqtisadçının qənaətincə, dünyadakı qiymət artımı isə pandemiya, torpaqların bir qisminin yararsızlaşması və dünya əhalisinin sayının artması ilə əlaqədardır.

Rüfət Quliyev - Rəsmi səhifə

“Dövlət istehlak zənbilini tənzimləyə bilər. Buraya da un, çörək, şəkər tozu, yağ kimi məhsullar daxildir. Dövlət bu məhsulların qiymətini artmağa qoymamalıdır. Lakin bazar iqtisadiyyatı olan bir ölkədə dövlətin qiymət formalaşdırma mexanizminə qarışmasının da əleyhinəyəm. Çünki məmurlar bazar iqtisadiyyatına qarışdıqca korrupsioner mexanizm yaranır”, - deputat qeyd edir. 

Qiymətlər qalxır, bəs maaşlar niyə artmır?

Rəsmi açıqlamalarda hər il ölkədə əməkhaqlarının əvvəlki illərlə müqayisədə artdığı qeyd olunur. Ancaq bununla yanaşı il ərzində istər qida məhsullarının, istərsə də qeyri qida - benzin, su kimi əhəmiyyətli məhsulların qiymətində bahalaşma müşahidə olunub.

Elə bir neçə böyük marketdə söhbət etdiyimiz şəhər sakinlərinin dediklərinə görə də qiymət artımı pandemiya dövrünə düşdüyündən bu, onların sosial vəziyyətinə təsir edib.

Rəsmi rəqəmlərə görə, ölkədə minimum əməkhaqqı 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Azərbaycanda bir insanın yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyənləşdirilib.

Toplum TV

Ölkədə bir ailənin təkcə qidaya xərclədiyi məbləğ təxminən yaşayış minimumu ilə eynidir.

Keçən ilin sonlarında Milli Məclisdə gedən müzakirələrdə maaşların arta biləcəyi ilə bağlı müsbət proqnozlar verilmişdi. Həmçinin maliyyə naziri Samir Şərifov mediaya açıqlamasında 2021-ci ilin dövlət büdcəsinin maliyyə təminatı yaradılmasına yönələciyini, büdcədə mənfəət vergisi üzrə daxilolmaların artmasının gözlənildiyini söyləmişdi.

Ancaq iqtisadçıların qənaətincə, son bir ildə bunun əksi müşahidə olundu.

Deputat Rüfət Quliyev deyir ki, maaşı hər ay artırmaq mümkün deyil, dövlət bunu ildə bir, ya da iki dəfə edə bilər. O hesab edir ki, daha çox infilyasiya ilə mübarizə aparmaq lazımdır və bunun birinci meyarı bolluq yaratmaqdır. 

“Təklif çox, tələb az olanda qiymətlər aşağı düşəcək” – deputat söyləyir. 

O qeyd edir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, 2011-ci ildən bu yana hər il dünyada kənd təsərrüfatı, qida məhsullarının qiyməti faiz yarım, 2 faiz artır. 

Toplum TV

“2019-cu illə müqayisədə 2020-2021-ci illərdə dünya səviyyəsində 14-15 faiz qiymət artımı var” -Rüfət Quliyev əlavə edir.

Bəs çıxış yolu nədir?

İqtisadçı Nazim Baydəmirli çıxış yolunu hökumətin gömrük rüsumlarını, idxal vergilərini azaltmasında görür, hesab edir ki, bu yolla qiymətlərin bahalaşmasının qarşısı alına bilər. 

“Amma Azərbaycanda əksini görürük. Gömrük orqanları daha çox vəsait toplamaq, büdcə proqnozlarını yerinə yetirmək adıyla süni qiymət artımı yaradırlar. Qiyməti artırmaqla, idxaldan əlavə dəyər, yol və aksiz vergisi yığırlar. Belə olduqda təbii ki, qiymət artacaq və obyektiv olaraq bazar buna reaksiya verəcək". 

İqtisadçının fikrincə, məmur sahibkarlığına məxsus şirkətlər arasında rəqabət mühiti olmadığına görə, onlar daxildə istehsal edilən malların qiymətini artırırlar. 

“Həmçinin Tarif Şurası benzin, dizel yanacağının, o cümlədən suyun tarifini artırdı ki, bu da zəncirvari qiymət artımınına səbəb oldu. Mən bu məsələdə sahibkarları günahlandırmıram, çünki onlar qiymət artırmasında maraqlı deyillər. Təbii ki, bazar iqtisadiyyatı olan yerdə bunlar öz-özünə tənzimlənir. Nə qədər çox qiymət artırırsan, bir o qədər çox vergi ödəyirsən. Süni qiymət artımı sahibkarlığa inhisarçılıq olan yerdə mane olmur. Ancaq "sahibkarlar"a fərq eləmir, çünki onların məqsədləri rəqabət aparmaq deyil, mövcud olan hökmran mövqeyindən sui-istifadə etməkdir".

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

Deputat Rüfət Quliyevin fikrincə, qiymət artımının qarşısını almağın ən yaxşı yolu bazarda bolluq yaratmaqdır: “Bunun üçün də əkin-biçinə, kənd təsərrüfatı mallarına, heyvandarlığa marağı artırmaq lazımdır. Lakin təəssüf ki, Aqrar Tədarük və Təchizat agentliyi öz fəaliyyətini düzgün həyata keçirməyi bacarmır. Dövlət bu quruma 45-50 milyon manat vəsait ayırıb, lakin mexanizmi işlək deyil. Hətta mən Lənkəranda sorğular keçirəndə 80 faizə yaxın kiçik fermer şikayət edirdi ki, biz bu qurumla işləyə bilmirik”. 

Hökumət bahalaşmanı müəyyən həddə saxlamaqdan ötrü hansısa addım atacaqmı və ya iqtisadçıların, mütəxəssislərin səsləndirdiyi təklifləri nəzərə alacaqmı, bəlli deyil. Amma satış meneceri F. Əsgərov kənd təsərrüfatı məhsullarının bir az da bahalaşacağını proqnozlaşdırır. 

Qiymətlərdən narazı alıcılar isə növbəti alış-verişdə yeni qiymətlərlə qarşılaşmaq istəmirlər.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Narkotik istifadəçisi kimi qeydiyyata alınanlar çoxalıb

14 Avqust 2025

Foto: Getty Images/Diego Cervo

Azərbaycanda narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında deyilir ki, ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb. DSK bildirir ki, 2023-cü ildə bu say 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib. Komitənin məlumatına görə, ötən il Azərbaycanda 40490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb.  2023-cü ildə bu rəqəm 36 659 nəfər təşkil edib.  Narkomaniya ilə yanaşı ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb.  Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9 578 nəfər təşkil edib.
Sosial

Tarif Şurası istilik qiymətlərini qaldırdı

30 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycan Tarif Şurası istilik təchizatı xidmətinin qiymətini 40 faizdən çox yüksəldib. Qurumun iyulun 30-da yaydığı məlumata görə, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata çatdırılıb. Sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata yüksəldilir. Qərar dağ rayonlarında bu il noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tədbiq ediləcək. Bu ilin yanvarında qaz və elektrikin də qiymətləri limitlərdən asılı olaraq yüksəldilmişdi.

Seçilmiş Videolar

Toplum TV loqo