Sosial

"Gömrük Komitəsi qohumbazlığın ən yüksək səviyyədə olduğu dövlət qurumudur"

23 may, 2021
3142

açıq mənbələrdən

"Həbslərlə gömrük sistemindəki problemlərin həllinə nail olmaq mümkün deyil. Hər il bir neçə gömrük işçisinin bu və ya digər formada, xırda rüşvətxorluq üstündə həbsi insanlarda, sadəcə, təbəssüm və ikrah oyadır. Elə zamanlar olub ki, gömrük müfəttişini 100 manat rüşvət aldığına görə həbs ediblər. Hamı yaxşı bilir ki, illərdir gömrük orqanları ən korrupsiyalaşmış, yerlibazlıq və qohumbazlığın ən yüksək səviyyədə konsentrasiya olunduğu bir dövlət qurumudur". 

Bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli Gömrük Komitəsi üzvlərinin həbs olunmasını "pressklub.az"-a şərh edərkən bildirib.

"Bu cür həbslərə ciddi yanaşmıram, bunu daxili hesablaşmanın bir əlaməti kimi qiymətləndirirəm. Hər zaman belə olub, gömrük orqanlarında kiminsə vurulması, gözdən salınması üçün əməliyyatlar keçirilib. Həmin adamlar ya ərizə yazmayıblar, ya da mübahisə yaradıblar və ona görə də cəzalandırılıblar”, - deyə iqtisadçı qeyd edib.

Mayın 17-də Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker” MMC-nin direktoru olmaqla "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov saxlanılıb. 

Baş Prokurorluğun məlumatına görə, onlar barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. 

"Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub", - Baş Prokurorluq belə deyir. 

N. Bəydəmirli deyir ki, bütün ölkələrdə gömrük siyasətinin əsas məqsədi fiskal siyasətlə bərabər, daxili bazarı stimullaşdırmaqdır: "Araşdırmalarıma istinadən dəfələrlə bunu mətbuata da açıqlamışam ki, iqtisadi inkişafın əsas göstəricisi ƏDV-dir. Bildiyimiz kimi, əlavə dəyər vergisi həm daxili istehsaldan, həm də idxaldan toplanır. İdxaldan olan ƏDV bu illər ərzində 2,5 dəfə artıb, ancaq ölkənin daxilində toplanan ƏDV təqribən 10 faiz azalıb. Hökumətin apardığı gömrük siyasəti daxili istehsalı qorumaq baxımından hədəfinə çatmayıb. Həm də, vətəndaşlar müxtəlif mallar aldıqda görürlər ki, həmin malların əksəriyyətinin 70-80 faizi daxildə deyil, xaricdə istehsal olunub. Bütün bunlar onu göstərir ki, gömrük orqanlarının əsas funksiyası olan daxili istehsalı stimullaşdırmaq, qorumaq hədəfi yerinə yetirilməyib".

İqtisadçı qeyd edib ki, ikinci bir məsələ fiskal siyasətlə bağlı olan hissədir: "Bildiyimiz kimi, ölkədə fiskal siyasəti Vergilər Xidməti aparır. Gömrük Komitəsinin topladığı vəsaitlərin təqribən 78 faizi idxaldan olan ƏDV, aksiz vergisi və yol vergisidir. Adından da gördüyümüz kimi, bunlar hamısı vergilərdir və bu vergilər gömrük orqanlarının topladığı vəsaitlərin strukturunda təqribən 78 faizdir. Vergini iki qurum toplamamalıdır. Vergi və fiskal siyasət eyni mərkəzdən aparılmalıdır”.

Nazim Bəydəmirli çıxış yolunu Gömrük Komitəsinin ləğv olunmasında görür: "Komitənin ləğv olunaraq xidmət kimi Vergilər Xidmətinə birləşdirilməsi və fiskal siyasətin eyni mərkəzdən idarə olunması zəruridir. Bütün dünyada belədir. Gömrük bir xidmət, prosedur orqanıdır. Bu prosedur orqanı, adından da məlum olduğu kimi, xidmət göstərməlidir. Təəssüf ki, bizimkilər vətəndaşa qarşı "bəy”, "xan” kimi davranırlar. Buna son qoymağın zamanı çoxdan gəlib”.

Bəs, gömrük sisteminin elektronlaşması korrupsiya hallarının qarşısını niyə ala bilmir?

N.Baydəmirli deyir ki, gömrük orqanları qanunsuz olaraq sahibkarları daxil olan malları gömrük terminallarına gətirməyə məcbur edir: "Gömrük terminallarının yanında olan anbarlar müxtəlif məmurlara məxsusdur. Bu, onlara pul qazandırmaq məqsədilə edilir. Sadələşdirilmiş bəyannamə formasının tətbiq olunmasına baxmayaraq, sərhəddən keçən maşın sahibkarın öz anbarına və yaxud özünün müəyyən etdiyi yerə getmək əvəzinə, gömrük terminallarındakı saxlanclarda saxlanılır. Həmin sahibkar da saxlanclara pul ödəmək məcburiyyətində qalır. Sahibkar bilir ki, malları nə qədər gömrükdə qalsa, daha çox vəsait ödəməli olacaq, ona görə də, gömrük orqanlarının qoyduğu şərtlərə boyun əyir. Gürcüstünda isə mal ölkəyə daxil olmamış, sahibkar onu öz anbarına yönləndirir, bəyannamə qiymətinə uyğun olaraq gömrüyün rüsumu varsa, rüsumunu, vergisi varsa, vergisini elektron qaydada ödəyir. Gömrük orqanları şübhəli məhsul olarsa, onu saxlanc anbarına gətirə bilər. Sahibkarları heç bir şübhə olmadan buna məcbur edirlərsə, burada hansısa şəffaflıqdan söhbət belə gedə bilməz. Bunlar hamısı qeyri-şəffaf idarəetməyə gətirib çıxarır. Dövlətin vəzifəsi vətəndaşın daha yüksək rifahını təmin etməkdir. Ancaq gömrük siyasəti dövlətin bu siyasətini ciddi şəkildə zədələyir və zədələməkdə davam edir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo