Sosial

Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

5 May, 2026
314

Milli Onkologiya Mərkəzi

Aprelin 30-da yerli mediada Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partlayış baş verməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, mərkəzdə onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev əl qumbarasını partladıb, nəticədə özü həlak olub, həkim Asif Nəsirov isə xəsarət alıb.

Hadisə mərkəzdə mövcud müalicə şəraitinin keyfiyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Azərbaycan Xalq Parlamentinin dönəm sədri, siyasi şərhçi Ərəstun Oruclu sosial media paylaşımında məsələyə münasibət bildirərək qeyd edib ki, xəstələrin müalicə oluna biləcəklərinə inamları yoxdur və onların şikayətləri dinlənilmir.

“Həmin mərkəzin rəhbərinin İlham Əliyevin dayısı Cəmil Əliyev olduğunu biləndə gileylənməyin belə müsbət perspektivlər vəd etmədiyini hər kəs yaxşı anlayır. Ölkəyə kimyaterapiya vasitələrinin idxalı onun inhisarındadır. Onun gətirdiyi preparatların mütləq əksəriyyəti artıq illərdir dünyada istifadə olunmayan dərman vasitələridir”, - deyə Ə.Oruclu qeyd edib.

Ə.Oruclu əlavə edib ki, cəmiyyətdə sosial və psixoloji gərginliyin artması fonunda narazılıq daha aqressiv və kənara yönəlmiş formalarda təzahür etməyə başlayır.

Tarixçi alim Yasəmən Qaraqoyunlu də şəxsi təcrübəsini bölüşərək bildirib ki, anasına qoyulan ağciyər xərçəngi diaqnozu zamanı aparılan müayinələr üçün təxminən 5 min manat məbləğində ödəniş tələb olunub. Onun sözlərinə görə, dövlət müəssisəsi olmasına baxmayaraq, bir çox xidmətlər ödənişli olub, kimyaterapiya isə 600–700 manat aralığında dəyişib.

Y.Qaraqoyunlu həmçinin səhv diaqnoz, qeyri-dəqiq yönləndirmə, uzun növbələr və xəstə-həkim ünsiyyətində problemlərdən şikayət edib. O qeyd edib ki, müalicə prosesi ailəsi üçün həm maddi, həm də psixoloji baxımdan ciddi çətinliklər yaradıb.

Onkoloji xəstəlik keçirmiş Tariyel Əliyev “Toplum TV”-yə bildirib ki, xəstəliyinin ilkin mərhələsində  mərkəzə müraciət etsə də, xidmətin keyfiyyəti və qiymətlər səbəbindən müalicəni orada davam etdirməyib. Onun sözlərinə görə, bəzi analizlər üçün 250 manat tələb olunub.

“İmkanımın olmadığını bildirdikdə daha aşağı məbləğin mümkün olub-olmadığını soruşdum, bildirdilər ki, bizə tapşırılıb ki, bu qədər məbləğ tələb edilsin. Canımın hayında olduğum üçün onlarla mübahisə etmədim”, - deyə o bildirib.

Tariyel Əliyev daha sonra özəl tibb müəssisəsində müalicəsini davam etdirdiyini bildirib.

Daha əvvəl mərkəzdə müalicə almış Tapdıq Manafov da “Toplum TV”-yə açıqlamasında müalicə üçün ödənişlərin tələb olunduğunu, lakin bu tələbləri qəbul etmədiyini deyib. Onun sözlərinə görə, bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və yüksək qiymətlərlə satılıb, alternativ olaraq isə həmin preparatları daha ucuz əldə etmək mümkün olub.

Həkim Aydın Əliyev isə “Toplum TV”-yə deyir ki, mərkəzdə peşəkar və təcrübəli kadrlar fəaliyyət göstərir və onların işini inkar etmək düzgün olmaz. Onun fikrincə, əsas problemlər sistem və qanunvericiliyin tətbiqi ilə bağlıdır.

A.Əliyev bildirib ki, qanunvericiliyə əsasən onkoloji xidmətlər dövlət hesabına təmin olunmalıdır, lakin mövcud resurs çatışmazlığı bu öhdəliyin tam yerinə yetirilməsinə imkan vermir. O, maliyyələşmənin, tibbi avadanlıqların və dərman təminatının kifayət etmədiyini vurğulayıb.

Həkim əlavə edib ki, dövlət xəstəxanalarında çalışan həkimlərin maaşları (təxminən 700–900 manat) real yaşayış xərcləri ilə uyğun gəlmir: “Bu şəraitdə əlavə ödəniş olmadan işləmək çətinləşir”.

Onun sözlərinə görə, xəstələrin qanunvericiliyə əsaslanaraq ödənişsiz xidmət tələb etməsi əsaslıdır, lakin mövcud imkanlar bu tələbin tam ödənilməsinə imkan vermir. A.Əliyev qeyd edib ki, xüsusilə müasir “ağıllı dərmanlar” dövlət tərəfindən təmin olunmur.

2026-cı ilin əvvəlindən “Onkoloji yardım haqqında” qanuna edilən dəyişikliklərə əsasən, onkoloji xidmətlər özəl tibb müəssisələrini də əhatə edir. Həkim bu addımı müsbət qiymətləndirərək bunun pasiyentlər üçün seçim imkanlarını genişləndirdiyini bildirib.

Baş vermiş partlayışla bağlı isə A.Əliyev qeyd edib ki, hadisənin səbəbləri hələ tam aydın deyil və yekun nəticələr üçün istintaqın tamamlanması gözlənilməlidir.

O, həmçinin vurğulayıb ki, onkoloji xidmət sahəsində mövcud problemlər uzun illərdir davam edir və onların həlli üçün sistemli yanaşma və islahatlara ehtiyac var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo