Sosial

Xarici turizm nə vaxt bərpa ediləcək? – "İcazə verilmədiyi üçün turist sayı da aşağıdır"

20 Sentyabr, 2021
3861

Açıq mənbələrdən götürülüb

Rəsmi məlumatlara görə, COVID-19 pandemiyasınadək Azərbaycana turist axını artmaqda idi. Amma 2020-ci ilin martından sərhədlərin bağlanması və uçuşların təxirə salınması səbəbindən ölkəyə gələn turistlərin sayında azalma olduğu vurğulanır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə ölkəyə 3.17 milyon əcnəbi vətəndaş səfər etdiyi halda 2020-ci ildə bu say kəskin şəkildə azalıb, 155 ölkədən 686,3 min xarici vətəndaş gəlib. Üstəlik də ötən il baş tutmuş səfərlərin əsas etibarilə qeyri-turizm məqsədi daşıdığı deyilir.

Doğrudur, hökumət sonradan yumşalmaya gedərək bəzi ölkələrdən uçuşlara icazə versə də bu da durumu xilas etməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, ölkə sərhədləri 42 ölkəyə açıqdır. Xüsusi reyslərin həyata keçirildiyi yeni istiqamətlərin açılması isə ilk növbədə Azərbaycan hökumətinin qərarından, eləcə də digər ölkələrdəki epidemioloji vəziyyətdən asılıdır.

Vaksinasiyanın getdiyi, gündəlik yoluxmaların aşağı düşdüyü bir vaxtda Azərbaycanın qlobal turizmə açılması nə dərəcədə mümkündür?

İnfeksionist Mərdan Əliyev deyir ki, turizm sektorunun bərpasında problem yoxdur: “Ona görə ki, prosesin tənzimlənməsi çox rahatdır. Sadəcə olaraq xaricdən gələn şəxslər COVID-19 analizi verməlidirlər. Nəticə neqativdirsə, onların başqalarını yoluxdurma ehtimalı yoxdur. Onsuz da hazırda bir çox ölkələrdə həm ölkədən çıxanlar, həm də ölkəyə daxil olanlar test verir, müayinə olunur. Ona görə də turizm sektorunun açılmasında hansısa problem görmürəm”.

Mərdan Əliyev - Sosial Media 

Turizm eksperti Ruslan Quliyevin qənaətincə, turizm sektorunda addımlar mərhələli şəkildə atılmalıdır: “Vaksinasiya prosesi, bəlli standartların tətbiqi, eyni zamanda turist qəbul edən təsisatların bu qaydalara ciddi şəkildə əməl etməsi Azərbaycanın yenidən turizm həyatına qayıtması üçün zəmin yaradır. Düşünürük ki, görülən tədbirlər təxminən 2022-ci ildə turizmin fəaliyyətinin ilkin mərhələ üçün 30-35 faizinin, gələcəkdə isə 50-60 faizinin bərpa olunmasına şərait yaradacaq. Gigiyena tədbirlərinin görülməsində sahibkarların da üzərinə böyük vəzifə düşür”.

Tur menecer Aqşin Mahmudov isə düşünür ki, Azərbaycan turist qəbuluna hazırdır: “Azərbaycanın iyundan etibarən turizm potensialı daha da artıb. “SAHMAN” proqramı hazırlandı və bu proqram əsasında otellərə, turizm şirkətlərinə sertifikatlar verildi. Yəni sırf pandemiya ilə bağlı olaraq turizm şirkətləri və otellər bu proqramdan qeydiyyatdan keçdi. Bu baxımdan hazırda Azərbaycanın turizm potensialı hətta əvvəlkindən də yaxşı durumdadır. Amma ölkəyə çox sayda xarici vətəndaşların gəlməsinə icazə verilmədiyi üçün turist sayı da aşağıdır”.

Dövlət Turizm Agentliyi turizm obyektlərində ziyarətçilərin sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlərin keçirilməsi üçün "SAHMAN" proqramı hazırlayıb. Proqram karantin dövründən sonra səyahət edəcək turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanmasını, eləcə də yerli və xarici turistlərin sayında artıma nail olmaq məqsədilə turizm və qonaqpərvərlik sənayesində standartlar toplusunu ehtiva edir.

“Qlobal turizmin pandemiyadan öncəki illərə qayıdışı 2023-2025-ci illərə planlaşdırılır”

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə “Toplum TV”-yə açıqlamasında bildirir ki, xarici turizmin bərpası üçün iyun ayından etibarən müxtəlif işlər görülür: “İyunun 10-dan davamlı olaraq Azərbaycana gələ bilən ölkələrin siyahısı genişlənir. İyunda Rusiya və Türkiyə olmaqla iki ölkədən gəlməyə icazə vardısa, daha sonra bir sıra Avropa, Yaxın Şərq, Şimali Amerika və son olaraq Uzaq Şərq ölkələrinin də vətəndaşlarına Azərbaycana səfər etməyə icazə verildi. Lakin onlar ölkəyə COVID-19 pasportu və PCR test kimi müəyyən şərtlərlə gələ bilərlər. Bu baxımdan iyuldan etibarən ölkəyə gələn xarici vətəndaşların statistikasında müsbət dinamika var. Pandemiya ilə bağlı müsbət nəticələr əldə edildikcə isə bu siyahının daha da genişləndirilməsi düşünülür”.

Kənan Quluzadə - Açıq mənbələrdən götürülüb

K.Quluzadə sektorun rəqabət mühitinə qayıtdığını, aşağı templə də olsa, qlobal turizmin bərpa olunmağa başladığını söyləyir.

“Buna baxmayaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda qarşıya qoyulan əsas məsələ vətəndaşlarımızın, o cümlədən xarici turistlərin sağlamlığıdır. Ona görə də turizm bərpası hələ ki məhdud çərçivədədir. Bütün dünyada olduğu kimi bu il əsas diqqət daxili turizmə yönəlmişdi. Hətta istirahət günləri populyar istiqamətlərdə olan otellər 80-90 faiz dolurdu. Növbəti il də daxili turizm ili kimi görünür. Qapanmalar olmayacağı təqdirdə isə qlobal turizmin pandemiyadan öncəki dövrə qayıdışı 2023-2025-ci illərə planlaşdırılır”.

Dövlət Turizm Agentliyinin statistikasına görə, bu ilin mayında Azərbaycana 51 637, iyununda 67 189, iyulunda 83 656, avqustunda isə 77 119 nəfər xarici vətəndaş gəlib.

Qonşu ölkələrdə durum necədir?

İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edənlər Gürcüstanın sərhəd buraxılış məntəqələrində ÜST tərəfindən tanınan COVID-19 əleyhinə peyvəndin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi təqdim etməklə bu ölkəyə daxil ola bilərlər. Həmçinin gəlişindən 100 gün əvvəl verilən COVID-19-a yoluxan və ən az 14 gün əvvəl bir doz vaksin alan sərnişinlərin girişinə də icazə verilir.

Türkiyəyə səfər edənlər ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən sertifikata sahib olmalıdırlar və ya COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikatı olan sərnişinlər ölkəyə daxil ola bilərlər.

Eyni zamanda Əfqanıstan, Banqladeş, Braziliya, Misir, Hindistan, İran, Nepal, Pakistan, Sinqapur, Cənubi Afrika, Şri-Lanka və ya Birləşmiş Krallıq istisna olmaqla, digər ölkələrdən Türkiyəyə gələnlər 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini və ya gəlişdən 48 saat əvvəl keçirilən COVID-19 anticismlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməlidirlər.

Rusiyaya səfər etmək üçün isə "Путешевствую без COVID-19" mobil tətbiqini yükləmək və yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR testdən keçmək lazımdır.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo