Sosial

Deputat: “Əvvəldən bilinsəydi, şəhidləri orada dəfn etməzdilər”

30 Yanvar, 2021
2432

Sosial media

“Demirdin, Füzuli Azərbaycandır? Bax mənim bu yetim oğlum Füzuli uğrunda şəhid olub. İndi niyə onu zibillikdə basdırırsan? Qaradağ qəbiristanlığı Allahın belə unutduğu yer idi. 17 şəhid ailəsi çəkib göstərdikdən sonra hamı bildi ki, belə bir yer də varmış”, - müharibədə həlak olan övladlarının Qaradağdakı qəbiristanlıqda dəfn edildiyinə etiraz edən valideynlər belə deyirlər.

Qaradağ qəbiristanlığı, Şəhid atası

FOTO: "Toplum TV"

Onların əsas tələbi isə şəhidlərin qəbirlərinin II Fəxri Xiyabana köçürülməsdir.

Yanvarın 26-da yenidən etiraz edən şəhid ailələri tələblərində israrlı olduqlarını deyirlər.

Şikayətçilər bildiriblər ki, bütün şəhidlər bir yerdə basdırımalı idi: “Çünki onlar vətən uğrunda çiyin-çiyinə döyüşüb şəhid olublar. Qaradağda kim onları ziyarət edəcək? Gəlin sayın, burada 1500-dən artıq boş yer var. Bu qədər yer varkən biri izah eləsin ki, 17 şəhid niyə o zibillikdə basdırılıb”.

II Fəxri Xiyabandakı boş qəbirlər

"Toplum TV"

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrini qəbul edərək qərar üçün onlardan bir həftə vaxt istəyib.

Bəs kimlər Fəxri Xiyabanda dəfn edilə bilər, bununla bağlı şərtlər hansılardır?

II Fəxri Xiyabanın yeni hissəsi Yasamal rayonunda, "Qurd Qapısı" adlandırılan ərazidə yerləşir.

Xiyabanda ümumilkdə 630 qəbirin olması haqqında məlumatlar dərc olunsa da, dövlət qurumları indiyədək bu barədə ictimayyətə rəsmi məlumat verməyiblər.

2020-ci ilin 12-16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbçisi şəhid olub.

Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimi ictimaiyyətə qapalı keçirilib.

Polad Həşimov və İlqar Mirzəyev II Fəxri Xiyabanın yeni hissəsində dəfn olunan ilk şəxslər olub.

Sentyabrın 27-də başlanan və 44 gün davam edən II Qarabağ müharibəsində həlak olan 100-dən çox hərbçinin II Fəxri Xiyabanda dəfn olunduğu deyilir:

1 general-mayor, 2 general-leytenant, 3 polkovnik, 11 polkovnik-leytenant, 13 mayor, 1 kapitan, 5 baş leytenant, 1 leytenant.

“Dövlət qurumları Fəxri Xiyabanı bölüşdürməkdə çətinlik çəkirlər”

Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsindən adını təqdim etməyən nümayəndə bildirir ki, hər şey mətbuata məlumdur.

“İkinci Fəxri Xiyaban təkcə Yasamal şəhidlər üçün nəzərdə tutulmayıb ki, respublikanın şəhidləri üçün nəzərdə tutulub”, - o bildirib.

Yasamal İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov isə bildirir ki, II Fəxri Xiyaban Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Qəbiristanlıqlara ümumi nəzarəti isə bələdiyyələr həyata keçirir.

Yasamal bələdiyyəsindən isə bildirdilər ki, qəbirstanlıqlara nəzarəti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həyata keçirir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin tərkibindəki Əhaliyə Vətəndaşlıq Xidməti Tresti (ƏVXT) ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb.

2018-ci ilin aprelin 2-də bu qurum ölkədə 32 qəbiristanlığın olduğunu açıqlayaraq bildirmişdi ki, onlardan 2-si Fəxri, 2-si isə Şəhidlər Xiyabanıdır: “Fəxri Xiyabanda dövlət qarşısında yalnız xüsusi xidmətləri olan şəxslərin dəfni həyata keçirilir”.

Müdafiə Nazirliyi isə mediyaya  açıqlama verib ki, bu məsələ onların səlahiyyətində deyil.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Qaradağ rayonunundakı qəbiristanlıq Müdafiə Nazirliyinin hərbi qəbiristanlığıdır: “İndiyədək orada qrunt sularının qalxması olmayıb. Tək Qaradağ rayonundan deyil, həm də Nəsimi və Yasamal rayonlarında 17 şəhid orada dəfn edilib. Nəzərdə tutulmuşdu ki, ora abadlaşdırılacaq və onların adına uyğun yüksək səviyyədə kompleksə çevriləcək”.
.

Qaradağ qəbiristanlığı, şəhid məzarı

FOTO: "Toplum TV"

Deputat hazırki situasiyanı təbii hadisə sayır: “Əvvəldən bilinsəydi, şəhidlər heç vaxt orada dəfn olmazdılar. Bu təbiət hadisəsi birdən baş verdi, heç kəs onu heç də təbiətin ixtiyarına buraxmaq və yaxud sayğısızlıq etmək fikində deyildi.

Azərbaycanda 3000-ə qədər şəxs şəhid olub və onların hər biri böyük hörmətlə dəfn olunub.

Hər bir şəhid ailəsi qayğı ilə əhatə edilib".

Qaradağ qəbirstanlığının qarşısı

"Toplum TV"
Onun sözlərinə görə, buna görə etiraz edən şəhid ailələri Müdafiə Nazirliyi tərəfindən qəbul edilib və bu məsələ ilə bağlı artıq bir neçə variant üzərində işlənilir".

Qəbiristanlıq necə salınmalı idi?

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na görə Fəxri və Şəhidlər xiyabanlarının, eyni zamanda kütləvi məzarlıqlarının salınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

Həmin qayda da deyilir ki, qəbiristanlıq üçün torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiya yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir.

Komissiyanın tərkibinə isə Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları daxildir.

Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.

“Sürüşməyə və çökməyə meyilli olmamalı, məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalı, qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır; ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır” ,- qanuna görə isə qəbiristanlıq bu xüsusiyyətlərə cavab verməlidir.

Qəbiristanlıq Nazirlər Kabinetinin nəzərdə tutduğu tələblərə cavab vermədikdə - torpaq sahələri olmadıqda, qəbiristanlığın tikintisi üçün ayrılan ərazidə drenaj sistemi olmalıdır.

Karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə qəbiristanlığın salınması qadağan olunur.

Hazırda etiraz edən şikayətçilər qəbiristanlığın ya Şəhidlər Xiyabanına, ya da Musabəyov parkına köçürülməsini tələb edirlər.

“Şəhid anaları evlərinə girə bilmirlər. Balası suyun, çamurun içində qalan ana başını yastığa necə qoysun?”, - deyən valideynlər problemin həll edilməsini səbirsizliklə gözləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Cahangir Hacıyevin həyat yoldaşının müsadirə edilmiş mülkləri satışa çıxarılıb

7 Mart 2025

açıq mənbədən götürülüb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarılıb. BBC xəbər verir ki, söhbət Berkşirdəki qolf klubu və Naytsbricdəki evdən gedir. Onlar ümumilikdə 19.5 milyon funt-sterlinq məbləğində satışa çıxarılıb. Satışa çıxarılan evə 14.75 milyon funt-sterlinq həcmində məbləğ qoyulub. 1990-cı illərin əvvəlində inşa edilmiş qolf klubu isə 4.25 milyon funt-sterlinqə satışa çıxarılıb. Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) nümayəndəsi keçən il bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70 faizi hökumətdə qalacaq, 30 faizi Z.Hacıyevaya qaytarılacaq. C.Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub. O, 2015-ci ilin dekabrında Azərbaycan...
Sosial

GİPA-nın təqaüd proqramı rəsmi olaraq dayandırıldı

5 Mart 2025

GİPA

Gürcüstanda fəaliyyət göstərən Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA)  jurnalistika üzrə magistr proqramı rəsmi olaraq dayandırılıb.  Bu barədə hazırda universitetdə təhsil alan tələbələr “Facebook“da məlumat yayıb. Belə ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək.  Hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.  “Təqaüd keçən aydan dayandırılmışdı, lakin ABŞ-da dəyərləndirmə prosesi gedirdi. Dəyərləndirmənin nəticəsi isə neqativ oldu”, - GİPA-nın azərbaycanlı tələbəsi Cavid Əhmədov bildirib. GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılırdı.  Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilirdi.  Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi. 

Seçilmiş Videolar

Toplum TV loqo