Sosial

Məşğulluq nə işlə məşğuldur: "İşsizlər "Pozqazan"a üz tutur"

29 Aprel, 2022
2111

Toplum Tv

"Qəbələ Məşğulluq Agentliyindən iş istəyirsən, ya zibil yığmaq təklif edir, ya da yaşıllaşdırma ilə bağlı nəsə".

Qəbələ sakini Allahverdi Səfərov Məşğulluq Agentliyinin onlara uyğun iş təklif etməməsindən şikayətlənir.

O deyir ki, Bakıda olduğu kimi Qəbələdə də "Pozqazan" məntəqələrinin sayı artıb.

Mərkəzdə hər 15-20 metrdən bir "Pozqazan" piştaxtası görmək mümkündür.

Allahverdi Səfərovun özü də "Pozqazan"ın alıcısıdır.

Toplum Tv

Piştaxtaların önündə gedən söhbətlərdən məlum olur ki, lotereya alanların əksəriyyəti işsizlərdir.

"Pozqazan"ın satıcısı da "Toplum TV"-yə deyir ki, iş tapa bilmədiyi üçün lotereya satmağa başlayıb: "Mən özüm də işsiz idim. Hazırda lotereya sataraq özümü dolandırmağa çalışıram. Lotereyanın birindən mənə 4 qəpik pul qalır. Gün ərzində 500-600 lotereya satıram. Bəzən kimsə biletlərdən birini gizlin götürüb, pulunu verməyəndə məcbur oluram ki, 25 bilet satıb pulunu çıxarım".

"Burada bir saat dayanın, görəcəksiniz ki, "Pozqazan" alanların çoxu işsizdir. Hamı bir ümidlə gəlir ki, bəlkə, pul udub marketə olan borcunu bağladı. Heç rayonda pul udan da yoxdur. Camaat işsizdir və məcburiyyətdən belə şeylərə üz tutur", - deyə satıcı bildirib.

"1 gün işləyirəm, 5 gün evdəyəm"

A.Səfərov isə satıcının sözünü kəsərək əli ilə 50 metr aşağıda yerləşən "Fəhlə bazarı"nı göstərir: "Səhər-səhər burada nə qədər cavanın iş üçün dayandığını görə bilərsiniz. Hər kəs dayanır ki, bəlkə, bu gün 10-15 manat pul qazanar. Mən özümdə orada dayanıram. Bir gün iş olur, 5 gün olmur. Burada əməkhaqqıda Bakıdakı kimi çox deyil. Demək olar ki, yarı-yarıyadır. Hamı bilir ki, işsiz fəhlələrin sayı çoxdur"

Toplum Tv

Səfərov rayon Məşğulluq İdarəsindən də şikayətçidir: "Məşğulluq İdarəsinə yaxınlaşıb iş istəyirsən, ya zibil yığmaq təklif edir, ya da yaşıllaşdırmada iş təklif edir. İşə görə təklif olunan pul da çox olmur. Elə insanlar var ki, bu işlərdə işləyə bilmir. Ona görə də işsiz qalır. Əvvəllər çox işlər olurdu: zavodlarda, fabriklərdə, pambıqçılıqda və s. Amma indi Qəbələdə yaxınlaşdığın 10 adamdan 8-i işsizdir, 10-nun markatə borcu var".

"Fəhlə bazarı"na yaxınlaşsaq da, heç kimi görə bilmədik. Yaxınlıqda dayanan gənc oğlandan fəhlə bazarının yerini dəqiqləşdirmək üçün soruşduq:

- Bura "Fəhlə bazarı" deyil?

- Buradır. Fəhlə lazımdıe? Elə mən özüm. Nə işidir?

Deyəsən, fəhlə axtarmadığımızı biləndə məyus olur. Amma suallarımızı da cavablandırır: "Fəhlə bazarı elə buradır. Sadəcə, həm isti, həm də bekarçılıq olduğundan hərə bir kafedə domino oynayır. Bu vaxtlarda işçi axtaran az olur deyə hamı çayxanaya gedib. İşçi axtaranlar da bunu bilir. Ona görə də problem olmur".

Toplum Tv

O da işsizlikdən narazı sakinlərdəndir. Deyir ki, rayonda işsizlik ciddi problemdir: "Əlimdən bir çox iş gəlir. Amma nə olsun? İş tapmaq ki, mümkün deyil. O qədər işsiz var. İşləyənlərin çox da hansısa qohum tanışlığı ilə işləyir. Mənim də "dayday"ım olsaydı, hansısa şirkətdə, marketdə işləyərdim".

Statistika Komitəsinin 2020-ci il hesabatlarında qeyd olunur ki, Azərbaycanda 4876,6 min nəfər məşğul 375,9 nəfər isə işsizdir.

2019-cu ildə isə 4938,5 min nəfər məşğul 251,6 nəfər isə işsizdir. Yəni bir il ərzində məşğul əhalinin sayı azalıb, işsizlərin sayı artıb.

Statistika Komitəsinin başqa bir məlumatında 2020-ci ildə Qəbələ rayonunda əhalinin 6,6 faizinin işsiz olduğu göstərilib.

"Statistikada işsizlərin sayı azaldılır"

İqtisadçı Fərid Mehralızadə deyir ki, statistika düzgün aparılmır: "Əmək Məcəlləsinə görə, əgər şəxsin adında pay torpağı varsa, hökumət o şəxsləri işsiz hesab etmir. Ölkədə təxminən 1 milyon 700 min adamı kənd təsərrüfatında məşğul hesab edirlər. Amma açıqlanmır ki, bu şəxslərdən neçəsi pay torpağından istifadə edir, neçəsi yox. Statistikada göstərilən işsizlik faizini bu yolla xeyli azaldırlar. İkinci məqam isə odur ki, evdar qadınların sayı 700 minə yaxındır. Amma hökumət demir ki, bu qaddınların neçəsi iş tapa bilmədiyi üçün evdar qadındır".

Fərid Mehralızadə - Əkinçi

F.Mehralızadə hesab edir ki, işsizlərin sayının azalması üçün sahibkarlıq inkişaf etməlidir:

"Öncə ölkədə rəqabətli biznes olmalıdır. Kiçik və orta sahibkarların payı artırılmalıdır. Azərbaycanda iri holdinqlərin bir çox sahədə payı çox böyükdür. Düşünürəm ki, kiçik və orta sahibkarların rolu iqtisadiyyatda həm gəlir bərabərsizliyinin qaldırılmasında, həm də məhsuldarlığın səviyyəsinin artmasında kömək ola bilər. Xarici kapıtalın ölkəyə girişi sadələşdirilməlidir. Xarici şirkətlər ölkəyə girsə, müsbət təsir edə bilər. Bunun üçün azad biznes mühiti lazımdır. Azad biznes mühiti olarsa, həm yerli sahibkarlar, həm xarici kapitallar bazara girər, investisiyalar artar və həmçinin iş yerləri artar".

İqtisadçı əlavə edir ki, emal müəssələri artırılmalıdır: "Azərbaycanın əsas gəlirləri neftdəndir. Amma biz nefti belə xammal şəklində satırıq. Neft məhsullarının ixracı belə aşağıdır. Ona görə də Azərbaycanda emal müəssələri artırıla bilər. Kənd təsərrüfatı mallarının emal müəssisələri yaradıla bilər".

"Ölkədə peşə təhsili vacibdir"

F.Mehralızadənin sözlərin görə, işsiz kadrları ixtisaslaşdırmaq üçün ciddi addımlar atılmalıdır: "Rayonlarda təklif olunan işlər minumum əməkhaqqı ilə bağbanlıq, süpürgəcilik və s. işlərdir. Amma bu bir tərəfdən reallıqdır ki, adamın əmək ixtisası yoxdursa, ona təklif edilən iş sayı da az olur. Azərbaycanda peşə təhsili, demək olar ki, yoxdur. Düşünürəm ki, peşə məktəblərinin, orta ixtisas təhsil müəssələrinin keyfiyyətinin artırılması ixtisassız işçi qüvvəsinin azalmasına gətirib çıxara bilər. İnsanları çox qısamüddətlik, 1 illik peşə məktəblərinə, kurslara göndərərək ixtisaslaşdırmaq olar".

Dövlət Məşğulluq Agentliyindən "Toplum TV"nin sorğusuna cavab olaraq bildiriblər ki, işsizlərin işlə təmin olunması üçün addımlar atılır:

açıq mənbədən götürülüb

"Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həll edilməsi istiqamətində ardıcıl işlər görülür, aktiv məşğulluq tədbirləri icra olunur. Qeyd etdiyiniz istiqamət olan Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən 2021-ci il ərzində 3673 nəfər münasib iş ilə təmin edilib. Onlardan 1265 nəfəri Qəbələ rayonun payına düşür. Eyni zamanda, qeyd olunan region üzrə vətəndaşların məşğulluqlarının təmini üçün digər aktiv məşğulluq tədbirləri üzrə də işlər görülüb. Belə ki, ötən il ərzində 1329 nəfər (Qəbələ 254 nəfər) özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılır".

"Cari il üzrə də bu istiqamətdə işlər davam etdirilir. Rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin Agentliyin elektron resursuna daxil etdiyi vakansiyalarla bağlı məlumat əldə etmək üçün vətəndaşlar filiala yaxınlaşa və ya online qaydada Məşğulluq altsisteminə daxil olaraq tanış ola bilərlər. Altsistemə daxil edilən vakansiyalar müxtəlif sektorları əhatə edir", - deyə Agentlik bildirib.

Məşğulluq Agentliyindən təklif olunan işlərin hansılar olduğu açıqlanmasa da, qeyd ediblər ki, şəxslərin peşə biliklərinə, təhsilinə uyğun olmayan işlər təklif edilmir: "Vətəndaşlar üçün uyğun işlər təklif olunur".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür 

7 İyul 2026

Sosial media

Yasamal rayonunda Bayırşəhər ərazisində yerləşən, dövlət reyestrində yer alan memarlıq abidəsinin söküntüsü gedir.  Molla Vəli Vidadi 62 ünvanında yerləşən binanın söküntüsünün videogörüntüsünü memar Abdul Hüseynov iyulun 6-da sosial media hesabında ictimailəşdirib.  A.Hüseynovun “Toplum TV”-yə dediyinə görə, bina 1893-cü ildə inşa olunub və 2001-ci ildə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib.  Memarın sözlərinə görə, iyulun 6-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi ünvana baş çəkib və binanın bir hissəsinin, xüsusilə şüşəbəndinin sökülməli olduğunu bildirib.  Yazı dərc olunanan qədər qurumdan iddiaya cavab almaq mümkün olmayıb.  A.Hüseynov isə deyir ki, bina şüşəbəndlə birlikdə dövlət reyestrinə daxil edilib və...
Sosial

Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib 

26 İyun 2026

Açıq mənbə

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.  Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir.  Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.  Mətbuatda gedən məlumatlara əsasən, onların 4-ü müxtəlif xəstəliklər, 4-ü intihar, 6-ı avtomobil qəzası, 5-i bədbəxt hadisələr nəticəsində vəfat edib. Bədbəxt hadisələrdən 1-i suda boğulma, 1-i dağda sürüşmə, 2-si dəm qazından boğulma, 1-i isə hündür mərtəbədən yıxılma ilə bağlı olub. Daha 6 nəfərin ölüm səbəbi barədə məlumat isə yoxdur.  Ölən hərbi qulluqçulardan 15-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili...

Seçilmiş Videolar

Toplum TV loqo