İqtisadiyyat

İqtisadçı: “Vergi və gömrük siyasəti birləşdirilməlidir”

8 May, 2021
4671

Açıq mənbələrdən götürülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib. Onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.

Bu qərarı “Toplum TV”-yə şərh edən iş adamı və iqtisadçı Nazim Bəydəmirli deyir ki, dövlət idarələrinin sayının artırılması düzgün deyil. O, idarəçilikdə qənaətcil siyasət yürüdülməsinin tərəfdarıdır. 

Bununla belə, iş adamı düşünür ki, Dövlət Vergi Xidmətində şikayətlərə baxılması ilə bağlı ayrıca idarənin yaradılması vergi ödəyiciləri və vergi inzibatçıları arasındakı problemləri həll edəcəksə, müsbət hal kimi qiymətləndirilə bilər. 

“Yəqin şikayətlər çoxdur. Vətəndaşlara məlumat verə biləcək mütəxəssislərin idarəyə cəlb olunması bu sahədə müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər. Ancaq güman etmirəm ki, indiki idarəçiliklə şikayətlərə obyektiv cavablar veriləcək”. 

Nazim Baydəmirli - Sosial Media

O, ölkədəki bütün rəsmi qurumlarında şikayətlərini araşdırmasını keyfiyyət baxımdan aşağı qitmətləndirir, hətta “biabırçı vəziyyətdə” olduğunu söyləyir. N.Bəydəmirlinin qənaətincə, vətəndaşların dövlət qurumlarında aylarla süründürülməsi dövlət idarəçiliyi barədə mənfi imic formalaşdırır. 

“Adətən, məmurların cavabı “Gedin, kimə istəyirsiz şikayət edin” olur. Sonda məhkəmə də dövlət orqanlarını müdafiə edirvə vətəndaş heç bir nəticə əldə edə bilmir. Bu işə nəzarət edən orqanlar ancaq sifariş əsasında qərar çıxarırlar. Nəticədə milyonlarla vətəndaş şikayət etməkdən bezir”.

Ümumilikdə Dövlət Vergi Xidmətinin fəaliyyətini müsbət qiymətləndirən N.Bəydəmirli sistemdəki çatışmazlıqlara diqqət çəkir: 

“Vergi xidməti gömrük siyasəti ilə bərabər aparılmalıdır. Bizim istehlak etdiyimiz malların əksəriyyəti idxal olunur. Vergi və gömrük siyasəti isə həm daxili istehsalı stimullaşdırmağa, həm də qorumağa xidmət etməlidir. Gömrük Komitəsinin yığdığı vəsaitlərin təxminən 78 faizi idxaldan əldə edilən əlavə dəyər, aksiz və yol vergilərindən ibarətdir. Bütün bunları topladıqda sual yaranır - vergiləri yığan neçə orqan olmalıdır? Son 5 ildə idxaldan gələn əlavə dəyər vergisi artmaqda davam etsə də, ölkədə istehsal olunan məhsulların əlavə dəyər vergisi azalır. Bu o deməkdir ki, gömrük siyasəti hədəfinə çatmayıb. Sahibkarın gətirdiyi məhsula əlavə bəyannamə qiyməti tətbiq edilir, süni qiymət artımı yaradılır, nəticədə həmin sahibkar mənfəət əldə edə bilmir və mənfəət vergisi ödəmir. Şirkətlərin gəliri gömrük vasitəsilə onlardan alındığı üçün mənfəətlə işləyə bilmirlər”. 

İqtisadçı son illər əksər mütəxəssislərin səsləndirdiyi təklifi xatırladır, o da hesab edir ki, Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsi birləşdirilməlidir: “Vergi və gömrük siyasəti Gürcüstandan tutmuş ABŞ-a qədər bütün dünyada birlikdə aparılır. Bu iki siyasət ona görə birlikdə aparılmalıdır ki, ölkəyə nə qədər mal idxal edildiyi, daxildə hansı malların istehsalını stimullaşdırmağın mümkün olması və hansıların vergidən azad edilməsi lazım gəldiyi bilinsin. Bu səbəbdən mən Gömrük Komitəsinin ləğvinə və Vergi Xidmətinə birləşdirilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Ümid edək ki, yaxın zamanda bu baş verəcək”. 

Natiq Cəfərli - Sosial Media

İqtisadçı Natiq Cəfərli isə Dövlət Vergi Xidmətinin elektronlaşma sahəsində atdığı addımları müsbət qiymətləndirir: “Vergi Xidməti müraciət və hesabatların elektron qaydada göndərilməsi ilə bağlı kifayət qədər işlək və çevik saytlardan birinə malikdir. Eyni zamanda, bu qurum sorğuların onlayn qaydada göndərilməsi və cavablandırılması baxımından digər dövlət orqanları ilə müqayisədə daha keyfiyyətli xidmət göstərir”.

Buna baxmayaraq o, qurumun çatışmayan cəhətlərini də qeyd edir: “Ümumilikdə götürdükdə Vergi Xidmətinin iş adamları ilə təmas yaratması, problemlərin həlli üçün onların iştirakıyla dəyirmi masalar və müzakirələr keçirməsi, qanunlarda olan boşluqların aradan qaldırılması istiqamətində fəaliyyəti hələ də qənaətbəxş deyil. Digər tərəfdən, son 5 ildə Vergi Məcəlləsinə yüzlərlə yeni dəyişikliklər edilməsi də onu göstərir ki, bu sahənin qanunvericiliyində sabitlik yoxdur. İş adamları tez-tez dəyişən vergi qanunvericiliyi şəraitində fəaliyyət göstərməyə məcburdurlar. Bu baxımdan illərdir Vergilər Nazirliyində yığılıb qalan problemlər bu gün də davam edir. Çünki bütün bu dəyişikliklər iş adamları ilə müzakirə edilmədən həyata keçirilib”. 

Əvvəl Vergilər Nazirliyi olaraq fəaliyyət göstərən Dövlət Vergi Xidməti 23 oktyabr 2019-cu ildə prezidentin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında yaradılıb.

Başlanğıcda 11 strukturu olan xidmətin tərkibində hazırda 27 qurum var. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...
İqtisadiyyat

Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?

13 İyun 2026

president.az

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə İctimai Televiziyaya geniş müsahibə verib. Onun açıqlamalarını “Toplum TV”yə şərh edən müstəqil ekspertlər hesab edirlər ki, nazir müsahibəsində səsləndirdiyi bir sıra fikirlərlə özü-özünü təkzib edib. Belə ki, M. Cabbarov bildirib ki, bu ilin ilk dörd ayında Azərbaycan iqtisadiyyatının gözlənilən tempdə böyüməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin təxirə salınmasıdır. Onun sözlərinə görə, dövlət investisiyaları hesabına reallaşdırılması planlaşdırılan bəzi tikinti layihələri daha sonrakı dövrdə icra olunacaq. Nazir vurğulayıb ki, məhz bu layihələrin təxirə salınması tikinti sektorunda kəskin azalmanın yaranmasına səbəb olub. Bunun ardınca iqtisadiyyat naziri qeyri-neft-qaz sektorunda yüksək artımdan,...

Seçilmiş Videolar

Toplum TV loqo