Siyasət

İlqar Məmmədov: “Bəzi məsələlərdə hakimiyyət öz siyasətini dəyişmək istəyən kimi görünür”

9 Mart, 2021
3875

Sosial Media

“Toplum TV”-nin müsahibi Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovdur. 

- İlqar bəy, partiyanız dairə seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Son parlament seçkilərindən sonra REAL qanun pozuntuları ilə bağlı narazılığını ifadə etmişdi. Seçki komissiyalarında təmsil olunmaq partiyanıza seçkilərdə baş verə biləcək pozuntularla mübarizədə hansı üstünlüklər qazandıracaq?

- Hər bir nəticə damla-damla əldə olunur. DSK-da nə qədər çox müşahidəçimiz olsa, cəmiyyətdə DSK-ya və onun üzvlərinə inam nə qədər artsa, nəticə daha yaxşı ola bilər. Orada təmsil olunmaq o demək deyil ki, böyük bir möcüzə gözləməliyik. Bu, addım-addım məqsədlərimizə doğru irəliləməyə kömək edəcək bir qərardır. Dairə Seçki Komissiyalarında bizə aid olan 37 yeri almaq istəyirik və bunun üçün hüquqi addımlar atmışıq.

- Sizcə, müraciətinizə müsbət cavab veriləcəkmi? 

- Rəsmi cavab məktubunun gəlməsi üçün hələlik zaman var. Gözləyək, görək, necə olacaq.

- Bu il üçün büdcədən maliyyələşən siyasi partiyaların içində REAL da var. Maliyyəni əsasən hansı istiqamətdə xərcləməyi düşünürsünüz?

- Biz həmin vəsaiti əsas iki istiqamətdə xərcləməyi düşünürük. Birincisi, siyasi və ideoloji yöndə, digəri isə təşkilati məsələlər istiqamətindədir.

- Bəzi partiyalar qərargahla təmin edildilər. Sizə də təklif olunubmu?

- Bəli, təklif olunub. Lakin bu təklif ümumi şəkildə, ofis istəyib-istəməməyimizlə bağlı idi. Cavabımız müsbət oldu, amma təklif olunacaq ofisə öncədən baxmaq istərdik. Daha sonra rəsmi şəkildə müraciət də edə bilərik. 

- Müxalifət partiyalarının büdcədən maliyyələşməsi və ofislə təmin olunması ictimaiyyətdə birmənalı qarşılanmadı. Sizcə, dövlətdən hansısa maliyyə dəstəyi almaq siyasi partiyaların fəaliyyətinə təsir edə bilərmi?

- Əslində, çox gözəl qəbul olunur. Ünsiyyətdə olduğumuz vətəndaşlar tərəfindən normal qarşılanır. Dövlətin büdcəsi vətəndaşların vergiləri hesabına formalaşır. Dövlətin pulu yoxdur, dövlətin pulu vətəndaşın puludur. Vətəndaşların və seçicilərin vergi formasında dövlətə ödədiyi vəsaitin bir hissəsinin parlamentdə təmsil olunan bir partiyaya çatması dünyada qəbul olunmuş bir təcrübədir. 

- Partiya olaraq dialoqlarda iştirak etdiyinizi qeyd edirsiniz. Bu dialoq Azərbaycan cəmiyyətinə hansı faydanı verdi?

- Bir ildir davam edən bu müzakirələr ictimai-siyasi ab-havanı bir qədər müsbətə doğru dəyişib. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bu siyasi dialoqların nəticəsində Azərbaycan hökuməti özünü həm siyasi, həm də beynəlxalq münasibətlər baxımından daha inamlı hiss etdi və müharibəni daha inamla apardı. Azərbaycanın Avropa Şurasındakı səsləri 20 ildən sonra ilk dəfədir ki, bölündü, bizim orada artıq demokratik ölkə kimi parlament təmsilçiliyimiz var. Türkiyədən tutmuş Fransaya qədər bütün ölkələrin parlamentarilərinin səsləri Avropa Şurasında daim bölünür. Bu proses Azərbaycanda da baş verdi və bunu REAL Partiyası etdi. Digər tərəfdən, biz hökumətlə birbaşa danışıqlara gedərək QHT-lərin durumu və siyasi məhbuslarla bağlı bir sıra məsələləri qaldırırıq. Bu istiqamətdə də hansısa hərəkətlilik baş verib. Bu il ərzində ən azından siyasi məhbuslar məsələsinin öz həllini tam şəkildə tapmasına çalışmalıyıq. Hər il siyasi həbslərin sayı daha çox olurdu, lakin son bir ildə bu istiqamətdə də sabitləşmə nəzərə çarpır. Hətta bəzi məsələlərdə hakimiyyət öz siyasətini dəyişmək istəyən kimi görünür. Əsas məsələ odur ki, Yeni Azərbaycan Partiyası hakimiyyəti ilə bizim tərəfimizdən aparılan dialoq və mütəmadi fikir mübadiləsi ölkədəki ictimai-siyasi ab-havanı nisbətən yaxşılaşdırır, ən azından pisləşməyə imkan vermir. Biz siyasi münasibətlərə yeni bir mədəniyyət gətiririk və bu mədəniyyətdən bütün cəmiyyət faydalanmalıdır. Bu o demək deyil ki, biz YAP-ın, YAP da bizim mövqeyimizi dəstəkləyir. Qətiyyən belə deyil. Əksinə, fərqli mövqeli siyasi partiyalar sivil mübarizə müstəvisinə keçmək istəyirlər. Ümumilikdə götürsək, biz Azərbaycanda siyasi mədəniyyəti dəyişdiririk. 

- Bəs bundan sonrakı mərhələ nədir?

- Seçkilərə hazırlaşırıq, başqa heç bir şey yoxdur. Seçkidə nəticə göstərərək Azərbaycan vətəndaşlarını mövqeyimizin haqlı olduğuna inandırmalı, səs qazanmalı və parlamentdə təmsilçiliyimizi artırmalıyıq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Səməd Seyidov: “Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”

18 Sentyabr 2026

sosial media

“Hamı nəinki gələcək, həm də növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hindistan nümayəndələrinin Qarabağ səfərində iştirak etməməsindən danışarkən “Modern. az”a deyib. O, açıqlamasında bu məsələyə Azərbaycan və Hindistan arasında son təmaslar kontekstində yanaşmağın lazım olduğunu deyib: “Hindistanın mövqeyinə gəlincə, yaxın zamanda cənab prezident İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə görüşü oldu. Bu görüş və orada aparılan söhbətlər heç də təsadüfi deyil. Bu, Azərbaycanın apardığı siyasətin regionda alternativsiz olduğunu göstərir. Ona görə bir qədər səbirli olun. Gələcək hələ qabaqdadır”. Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələrin şəffaflığı...
Siyasət

Taleh Bağırzadənin övladlarına bəraət verilməsi barədə vəsatət rədd edilib

17 Sentyabr 2026

sosial media

Sentyabrın 17-də Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin yeniyetmə övladlarının şi üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə inanclı məhsbus Ağaəli Yahyayevin bacısı Elnarə Eldar məlumat yayıb. Məlumata görə, vəkil Zibeydə Sadıqova iclasın keçirilməməsi və yeniyetmələrə bəraət verilməsi barədə vəsatətlər qaldırıb. E.Eldar vurğulayıb ki, vəkil prosesdə qarşı tərəflə danışıqlar aparılmasını təklif edib, daha əvvəl bu istiqamətdə bir neçə cəhdin nəticəsiz qaldığını deyib. Müdafiə tərəfi hadisə zamanı Bağırzadə qardaşlarının zorakılığa məruz qaldığını və mübahisəyə təhrik olunduğunu iddia edib. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Növbəti məhkəmə iclası sentyabrın 29-u saat 11:00-a təyin edilib. Qardaşlar təhsil aldıqları Buzovna qəsəbəsindəki...

Seçilmiş Videolar

Toplum TV loqo