Sosial

Əli Kərimlinin mühafizəçisi işgəncələrə məruz qaldığını deyir

11 Mart, 2021
2201

Sosial Media

AXCP fəalı bildirib ki, onu zorlamaqla, sonra da videoya çəkib yaymaqla hədələyiblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Niyaməddin Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində belə deyib. O partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğunu deyib. Bildirib ki, Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

Martın 10-da hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində əvvəlcə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini, o cümlədən hakim ailəni sərt ifadələrlə hədəfə alan Qabil Məmmədov terror məqsədilə açıq çağırışlar üçün Niyaməddin Əhmədova pul göndərib. Həmçinin AXCP fəalının evindən dövriyyədə olması qadağan edilən, üzərində kamera olan eynək tapıldığı iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələrilə ittiham irəli sürülüb.

Niyaməddin Əhmədov özünü təqsirli bilmədiyini, yazılanların əsassız və yalan olduğunu söyləyib. O bildirib ki, 2020-ci il aprelin 15-də əvvəlcə onu karantin rejimi qaydalarını pozma və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 1 aylıq inzibati qaydada həbs ediblər. Onun sözlərinə görə, həmin vaxt o, SMS-icazə ilə çıxmışdı və heç bir qayda pozuntusundan, polisə müqavimətdən söhbət gedə bilməzdi. Yaşadığı evin yaxınlığında zibil atarkən mülki geyimli şəxslər onu saxlayaraq, zor tətbiq ediblər. Həm saxlandığı zaman, həm də sonradan aparıldığı Xətai rayonu, 34-cü polis bölməsində zorakılığa məruz qalıb. Daha sonra məhkəmə qarşısına çıxarılaraq, barəsində 1 aylıq inzibati həbs qərarı verilib. Binəqədidə yerləşən, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada bu cəzanı çəkərkən onu başına keçirərək, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparıblar. Orada Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün işgəncələrə məruz qaldığını deyən Niyaməddin Əhmədov bu barədə ətraflı danışıb:

“Dedim ki, Əli Kərimlidən nə bir manat almışam, nə də vermişəm. Sadəcə, ictimai əsaslarla, ehtiyac olanda onun yanında olmuşam, gedib-gəlmişəm. Başladılar yenə vurmağa. Məni bir rezin kameraya aparıb yerə uzatdılar, ayaqlarımı dizdən yuxarı qatladılar, altına dubinka ilə vururdular. Döyə-döyə elə olurdu ki, vəziyyətimin pisləşdiyini hiss edirdilər. Onda dayanırdılar, sonra davam edirdilər. Mən işgəncədən keçən adam kimi, dediklərimin məsuliyyətini dərk edirəm. Yaxşı bilirəm ki, yalan danışsam, bunları mənə təkrar tətbiq edərlər. Ona görə də nə varsa, necə olubsa, onu danışıram. Hər dəfə 30-40 dəfə ayağımın altına vururdular, fasilə verib, sonra yenə davam edirdilər”.

Niyaməddin Əhmədovun sözlərinə görə, onun tələb olunan ifadəni vermədiyini görəndə cinsiyyət orqanına da zərbə endirilib: “Məni arxası üstə yerə uzatdılar, kişi xeylağına ağrı verən hissədən elə basdılar ki, ağrıdan huşumu itirirdim”.

AXCP fəalı bildirib ki, onu zorlamaqla, sonra da videoya çəkib yaymaqla hədələyiblər. Yenə də razılaşmayıb: “Dedim ki, mənim üçün alçalmaq yalan danışıb, kiminsə üzünə durmaq olar. Mənim iradəm indi özümdə deyil, sizin əlinizdəyəm, nə istəsəniz eləyə bilərsiz. Amma hədələdikləri əməli eləmədilər. Bütün bu işgəncələr saat 11-dən 5-ə qədər davam elədi. Yenə də başıma torba keçirib Binəqədi təcridxanasına gətirdilər. Bir gün sonra yenə apardılar. 10 gün saxladılar. Mənimlə gah xoş davranırdılar, gah da güc tətbiq edirdilər. Amma terror ittihamı barədə heç nə demirdilər. Ancaq Əli Kərimli haqda ifadə tələb edirdilər”.

Niyaməddin Əhmədovun sözlərinə görə, 10 gün sonra onu yenidən DTX-dan Binəqədiyə - təcridxanaya qaytarıblar. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün saat 16 radələrində iki nəfər gəlib onu təcridxanadan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıb: “Orada Orxan Babayev dedi ki, konspekt verəcəyik, orada yazılanları kameraya danışarsan, buraxılacaqsan. Əlavə elədi ki, görürsən, indiyə qədər səndən alınan ifadələr də şahid ifadələri olub. Dedim ki, siz deyənləri eləməyəcəm. Öz əxlaqlarına uyğun ifadələr danışdılar. Sonra başqa bir otağa – işimi aparan müstəntiq Ramin Babayevin otağına gətirib, mənə ittiham vermək istədikləri maddənin sanksiyasını göstərdilər ki, 10 ildən 14 ilə qədər həbsdə olacaqsan. Dedim ki, mən ləyaqətsizlikdənsə, ləyaqətlə həbsdə qalmağı seçirəm”.

AXCP üzvü bildirib ki, həmin gün onu təqsirləndirilən şəxs qismində cəlb edəndən sonra gecə saat 12 radələrində yenə DTX-ya aparıblar. Amma bu dəfə orada ona zor tətbiq olunmayıb. Öncə iki nəfər mülki geyimli şəxs onunla normal şəkildə danışaraq, səhv etdiyini başa salmağa çalışıb, Milli Şuranın dağılmaq üzrə olduğunu söyləyiblər, Eldəniz Quliyev və Rafiq Manaflının istefa xəbərini çatdırıblar. Deyiblər ki, əgər prokurorluqda təklif olunan variantı seçsə, daha yüksək səviyyədə yaşayışı olacaq, müəyyən adamlarla görüşəcək.

Bu söhbətdən sonra da razılaşmayıb və gecə saat 2 radələrində onu kameraya aparıblar. Ertəsi gün isə Nəsimi Rayon Məhkəməsinə aparılıb, barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb:

“Mənə dövlət hesabına vəkil təyin edilmişdi. Hakimə dedim ki, bu vəkildən imtina edirəm. Öz vəkilimi istəyirəm. Zibeydə xanım inzibati həbsdə vəkilim olmuşdu. Hakim əhəmiyyət vermədi”.

Niyaməddin Əhmədov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən döyülməsindən də danışıb: “Öz otağında əllərim qandallanmış vəziyyətdə, yerə yıxıb, başıma dubinka ilə vururdu...”

Cəbhəçi fəal onu da qeyd edib ki, həbsindən beş ay əvvəldən yaşadığı mənzil və telefonu dinlənilib, hara gedib-gəldiyi izlənilib.

Cinayət işinin materiallarında Niyaməddin Əhmədovun Qabil Məmmədovun göndərdiyi pulu Elçin adlı şəxsdən götürdüyü iddia olunur. AXCP fəalı bu barədə də danışıb: “Elçinlə üzləşmədə dedim ki, əgər mən səndən pul almışamsa, mən vicdansızam, sən yalan danışırsansa, sən vicdansızsan. Müstəntiqə dedi ki, baxın, məni söyür. Dedim, mən söymürəm, əgər düzünü deyirsənsə, niyə narahat olursan? Onu mənim üzümə qoyurdular”.

Niyaməddin Əhmədov əlavə edib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, onu da, həyat yoldaşı Aytəni də tanıyır. Qabil Məmmədov 2017-ci ildə Azərbaycandan gedəndə kənddə bir neçə adama, o cümlədən ona da borclu olub. Bir neçə dəfə ona yazaraq, pulunu istəyib: “Təvəkkül adlı qonşumuza da, başqalarına da borcu vardı. Borclu olduqlarına hiss-hissə qaytarırdı. Eynəyi mənə Aytən göndərmişdi, Elçin gətirib vermişdi. Yazıblar ki, istintaqa məlum olmayan mənbədən əldə olunub, gömrüyə bəyan edilmədən qaçaq yolla gətirilib. Necə yəni məlum olmayan mənbədən? Demişəm, Elçin verib. Amma Elçini üzümə qoyurlar deyə, bu məsələni onun adına yazmırlar”.

Məhkəmə prosesi martın 19-da şahid ifadələrilə davam edəcək ("Meydan.tv").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yevlax sakini: “Adamlar işsiz kimi qeydiyyata alındıqları növbələrdə qocalır” 

2 Dekabr 2024

Dma.gov.az

Özünəməşğulluq proqramına bir evdən bir nəfər qoşula bilər? Sərvər Mahmudov Yevlaxın Malbinəsi kənd sakinidir. Onun dediyinə görə, həyat yoldaşı Nərgiz Mahmudova 2020-ci ildə Yevlaxın Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınıb. İki il gözləyəndən sonra Nərgiz Mahmudova təkrar Mərkəzə müraciət edəndə ona sənədlərinin itdiyi bildirilib və işsiz kimi təkrar qeydiyyata alınıb. Bu dəfə Mahmudovaya Özünəməşğulluq Proqramına qoşulmaq təklif edilib, o da razılaşıb. Üstündən daha iki il keçib və nəhayət, bu ilin sentyabrında onunla əlaqə saxlayıblar. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri xırdabuynuzlu heyvanlarla təmin etmək üçün yaşadığı ünvana şəraiti yoxlamağa da gəliblər. Elə həmin vaxt xanımı kurslara dəvət ediblər....
Sosial

Alimentin miqdarı artırılır

22 Noyabr 2024

açıq mənbədən götürülüb

Gələn ildən alimentin minimum məbləği 246 manat olacaq. Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Bu il üçün alimentin minimum məbləği 235 manatdır.    

Seçilmiş Videolar

Toplum TV loqo